“MTN zabitiyik” deyib, sahibkara 100 min dollar “atan”lardan xəbər var

"Gedib giriblər SOCAR-ın binasına, guya..."

Neft Şirkətinə məxsus torpağı almaq adı ilə 100.000 ABŞ dollarlıq dələduzluq edən şəxslər Ali Məhkəməyə müraciət ediblər.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan Sərdar Hüseynov və Kamil Hüseynovun məhkəmə prosesi dekabr ayının 14-də hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.

Belə ki, 2011-ci ilin avqust ayında Kamil Hüseynov və Sərdar Hüseynov Rusiya Federasiyasında sahibkarlıqla məşğul olan tanışları Əli Atakişiyevə özlərini geniş əlaqə və imkanlara malik şəxslər, Sərdarı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək, etibarını qazanıblar.

Kamil Hüseynov əlaqələrindən istifadə edib Nobel prospektində yerləşən Luna Park adlanan ərazinin yanında olan 0,33 ha torpaq sahəsini 100.000 dollar müqabilində Dövlət Neft Şirkətindən alıb Əli Atakişiyevə verəcəklərini vəd edib. Sonuncu inandırmaq üçün SOCAR-ın Xocalı prospekti, 28 ünvanda yerləşən Təhlükəsizlik xidmətinin inzibati binasının qarşısına gətirib, ondan 10.000 dollar alaraq binaya daxil olub və bir neçə dəqiqədən sonra yanına gələrək, guya pulu verdiyi şəxslərlə danışıb, torpaq sahəsinin ona verilməsinin razılığını alıb.

Həmin ilin noyabr ayında həmin binanın qarşısında təqsirləndirilən şəxslər biznesmendən qalan 90.000 dollar alaraq, yenə inzibati binaya daxil olublar və 10-15 dəqiqədən sonra geri qayıdaraq, Əli Atakişiyevi məsələnin həll olunduğunu bildirib, torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri sənədləri toplayıb Sərdara verməsini tapşırıb.

Əli Atakişiyev kürəkəni Zaur Qaravəliyevin adına aid sənədləri toplayıb Sərdar Hüseynova verdikdən sonra Kamil Hüseynov 2012-ci ilin yanvar ayına kimi sahibkardan müxtəlif bəhanələrlə, o cümlədən bələdiyyə orqanına vermək adı ilə 2000 dollar, Bakı ş. İcra Hakimiyyətinə 3000 dollar, Torpaq və Xəritəçəkmə Komitəsinə 5 000 avro ələ keçirməklə, ümümilikdə zərərçəkənə 105. 000 dollar və 5 000 avro məbləğində külli miqdarda ziyan vurublar.

Bundan əlavə, Kamil Hüseynov 2012-ci ilin əvvəllərində Əli Atakişiyevin tanışı Səddam Zöhrabovu 3000 manat mügabilində FHN-də işləyən tanışları vasitəsi ilə yanğın söndürən kimi işə düzəldəcəklərini vəd verməklə, sonuncunu aldadıblar. K.Hüseynov Nazirliyin M.Müşviq küçəsində yerləşən inzibati binasının yanında zərərçəkəndən həmin məbləği alıb. Aprel ayında isə onu guya həkim komissiyasından keçməsi üçün FHN-in Moskva prospekti, 57 ünvanda yerləşən Tibb idarəsinin qarşısına çağırıb, orada S.Zahidovdan 60 manat alaraq, rəy verməsi üçün həkim kimi təqdim etdiyi Sərdar Hüseynova verib, bununla da sonuncunun 3060 manat pulunu ələ keçirməklə, dələduzluq ediblər.

İstintaq zamanı həmçinin məlum olub ki, Kamil Hüseynov polis zabiti olub, 2003-cü ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb, heç bir yerdə işləməyib.

Məhkəmə prosesində Kamil Hüseynov və Sərdar Hüseynov ittiham üzrə özlərini təqsirli bilməyiblər.

2014-cü ilin sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə Kamil Hüseynov 9, Sərdar Hüseynov isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Azər
AzNews.az