"Hadisə günü Sənani mənə zəng edib dedi ki..." "Hadisə günü Sənani mənə zəng edib dedi ki..."

“Özünü “Beton” ləqəbi ilə tanıtdırıb, arvadımı əlimdən almaq istəyirdi” - Məhkəmə işi

"Hadisə günü Sənani mənə zəng edib dedi ki..."

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanası və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzNews.az xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hadisənin əsas şahidi Xəyyam Əsədov dindirilib.

Ötən prosesdə Ramin İsmayılov demişdi ki, keçmiş arvadını X.Əsədovla öpüşərkən görüb və buna görə də onu öldürüb.

Şahid X.Əsədov isə deyib ki, mərhum Günay İsgəndərova qızının müəlliməsi olub və tanışlıqları da belə yaranıb: "Həm də Günayın qardaşı Sənani ilə dostam. 2012-ci ildə yoldaşımdan rəsmən boşanmışam və övladım mənimlə qalıb. Günay da yoldaşından boşanmışdı. Qızımın istəyi ilə onunla ailə qurmaq üçün danışdıq və aramızda sevgi münasibətləri yarandı. Hadisə günü Sənani mənə zəng edib dedi ki, bacım evdə təkdi, ora ustalar gələcək. Xahiş elədi ki, ora gedib ustaları yola salım. Mən də həmin evə gedib 4 saat oturub gözlədim, ustalar gedəndə pulları verdim".

X.Əsədov deyib ki, həmin gün axşam saat 10-da Sənani zəng edərək getməsini istəyib: "Dedi ki, özüm gəlirəm. Mən də çıxıb evə getdim, sonra Günaya zəng etdim, telefonuna zəng çatmadı. Sənaniyə zəng elədim, telefonu açmadı. Hüseyn kişigilin evinə zəng etdim, ordan dedilər ki, Mahirə xala ilə Günay bıçaqlanıb".

Təqsirləndirilən Ramin İsmayılov isə şahidin dediklərinə belə cavab verib: "Mart ayında arvadımla barışıb rayonda yaşadığım vaxt nəyə görə məni və ailəmi ölümlə hədələyirdin?".

X.Əsədov isə onu hədələmədiyini deyib.

R.İsmayılov əlavə edib ki, X.Əsədov özünü ona "Beton" ləqəbi ilə tanıdıb və arvadını onun əlindən almaq istəyib.

Məhkəmədə gərginlik yaranıb. Xəyyam Əsədov Ramin İsmayılovu cəmi bir dəfə gördüyünü deyib: "Ramin Hüseyn dayının evinə girib oranı dağıtmışdı, onlar da polisə şikayət etmişdi. Mən də onda Günaygili maşınımla şöbəyə aparmışdım. Orada bunu görüb tanımışdım".

Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Məhkəmə prosesi dekabrın 20-də davam etdiriləcək.

Azər
AzNews.az