Körpəni üzü üstə uzandırıb və... Körpəni üzü üstə uzandırıb və...

Nəvəsinin ölümündə təqsirli bilinən nənə... - Dəhşətli cinayətin izi ilə

Körpəni üzü üstə uzandırıb və...

Nəvəsinin ölümündə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən Mehdiyeva Xatirə Zakir qızının məhkəmə prosesinə Ali Məhkəmədə baxılacaq.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 124.1-ci ( ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinən X.Mehdiyevanın məhkəmə prosesi dekabr ayının 19-da hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, Ali Məhkəməyə şikayəti zərərçəkmişin hüquqi varisi Ağasəf Babayev verib.

İttiham aktına görə, 1980-ci il təvəllüdlü, Tovuz rayon sakini Xatirə Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 9 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib. Sonra isə, o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatızdırmaq istəyib. Ancaq uşaq yatmayaraq ağlamaqda davam edib. Gənc nənə nəvəsinin ağlamağından əsəbiləşməyə başlayıb.

Xatirə Mehdiyeva sonra uşağı yellədikcə və uşağa baxdıqca qızı Nübarın onlardan xəbərsiz Ağasəf Babayev ilə cinsi əlaqədə olması, uşaq dünyaya gətirməsi, bununla da yaşadıqları kənddə və rayonda rüsvay olacaqları, heç kəsin üzünə baxa bilməyəcəkləri, qohumlarının onlardan üz çevirəcəyi barədə düşünüb.

Düşündükləri, Xatirənin psixoloji sarsıntı keçirməsinə səbəb olub, hadisədən bilavasitə əvvəlki yuxusuzluğu, bütün gecəni ağlaması, dincəlmək istəsə də alınmaması, rüsvay olmalarını, camaat içinə necə çıxacaqlarını, qızının utancverici hərəkət etməsi kimi düşüncələri psixi-emosional durumunda diskomfortluq əmələ gətirib, gərginlik, həyəcan, əsəbilik yaradıb.

Körpənin ölümünə səbəb

Yaranmış psixogen situasiya Xatirə Mehdiyevanın psixi-emosional sferasında həyəcan və gərginlik səviyyəsini artırıb.

Bununla da, Xatirə Mehdiyeva stress faktorun güclü təsiri nəticəsində depressiv reaksiya halını keçirtməsinə səbəb olub. O, mətbəxə keçmək üçün özündən asılı olmayaraq əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən üzü üstə döşəməyə yıxılıb.

Uşaq üzü üstə yıxıldıqdan sonra ani vaxtda onun ağlamaq səsi kəsilib. O, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmədiyindən cinayətkarcasına etinasızlıq nəticəsində uşağın sadəcə olaraq yatdığını zənn edib.

Xatirə Mehdiyeva yanındakı adyalı soyuq olmaması üçün uşağın üstünə örtüb, uşağı üzü üstə yerdə qalmış vəziyyətdə qoyduqdan sonra mətbəxə keçib. O, mətbəxdə əl-üzünü yuyub, bir neçə dəqiqə mətbəxdə oturub.

Bununla da Xatirə Mehdiyevanın ehtiyatsızlığından yeni doğulmuş uşaq təxminən 5 dəqiqə üzü üstə yerdə uzanmış halda qaldığından ölüb.

Abşeron rayon prokurorluğu tərəfindən Xatirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Xatirə Mehdiyevanın barəsində 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Hökmdən narazı qalan ata

Bu hökmdən zərərçəkmişin hüquqi varisi Ağasəf Babayev apellyasiya şikayəti verib. O, apellyasiya şikayətində Xatirə Mehdyevanın barəsindəki hökmün ləğv edilərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, cəzalandırılması barədə qərar qəbul edilməsini istəyib. Uşağın atası hesab edib ki, Xatirə Mehdiyevanın əməli ehtiyatsızlıqdan adam öldürmə kimi yox, qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. A.Babayevanın fikrincə X.Mehdiyevanın əməlində ehtiyatsızlıq faktoru yoxdu. Belə ki, uşaq doğulandan nənəsinin nəvəsinə qarşı daim nifrəti olub. Çünki o, uşağın doğulmasını istəməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisinin fikrincə, hadisə baş verən zaman Xatirə Mehdiyeva hər hansı bir affekt halında olmayıb, etdiyi hərəkətlərin nəticəsini görüb və bunu arzu edib: “Xatirə Mehdiyevanın uşağın ayaqlarının üstündən düşməsinə məhəl verməməsi və həmin vaxt durmadan ağlayan uşağın səsinin qəflətən kəsilməsinə fikir verməyərək mətbəxə keçməsi onun məqsədinin göstəricisdir. Bu fakt onun qəsdən adam öldürməyə görə məsuliyyətə cəlb olunmasını zəruri edir”.

Zərərçəkmişin hüquqi varisinin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Azər
AzNews.az