"Öldürmək məqsədi ilə getməmişdim" "Öldürmək məqsədi ilə getməmişdim"

“Mən qısqanc idim, bundan istifadə etdilər” - Baldızını öldürmək istəyənə 14 il həbs

"Öldürmək məqsədi ilə getməmişdim"

Yaxın qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

AzNews.az-ın məlumatına görə, Dinar Təhməzovun şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayət hakim Faiq Qasımovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Ağcəbədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanıb. O, keçmiş həyat yoldaşından uşaqlarını görmək istədiyini tələb edib. Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq belə qənaətə gəlib ki, Dinar qonşuların səs-küyü gəldiyini eşidən zaman qaçıb və cinayət əməlini tam başa çatdıra bilməyib. Dinar elan olunmuş ittihamla razılaşmayıb. Deyib ki, Nuranəni öldürmək niyyəti yoxdur. Övladlarını və xanımını sevdiyini deyən Dinar Təhməzov ailəsi ilə mehriban yaşadığını deyib: "Yoldaşım məndən 13 yaş balacadır. Mən onu sevib evlənmişəm. Özün heyvan və taxta alveri ilə məşğul olmuşam. Biz ailə quranda bunu istəmirdilər. Amma sevgi sərhəd tanımırdı. Biz evləndik və xoşbəxt idik. Yoldaşım namaza başladı. Çox gözəl yaşadıq. Baldızım Nuranə də bizim qonşuluqda yaşayırdı. Mən qısqanc idim. Bundan istifadə elədilər. Yalandan deyirlər ki, guya mən narkomanam, hər gün içib arvadımı döyürmüşəm. Amma bir dəfə də belə hadisə olmayıb".

Dinar Təhməzov arvadından ayrılmasının səbəbkarı kimi baldızını göstərib: "Bir gün öyrəndim ki, yoldaşım məni məhkəməyə verib. Boşanmaq istəyini də baldızımgil onun ağlına saldılar. Məni bu günə onlar saldı. Məni də məhkəməyə çağırdılar. Boşanmaq istəmədiyimi, ailəsi saxlamaq istədiyini dedim. Mən Qarabağ döyüşçüsüyəm, çox əsəbiyəm. Bundan istifadə etdilər. İmkan vermədilər ki, mən yoldaşımla danışım, dərdləşim. Bir dəfə metroda rastlaşdıq. Səs-küy salıb polis çağırdılar. Çıxıb getdim. Bir neçə gün sonra "20 Yanvar"da metronun çıxışında dönər sifariş vermişdim. Gördüm ki, yoldaşım bacısı ilə gəlir. Onları izləyib evlərinə qədər getdim. Harada yaşadıqlarını öyrəndim. Sonra yoldaşını görmək üçün həmin evə getdim. Yenə məni əsəbləşdirdi. Dedim ki, məni bu vəziyyətə siz saldınız. Öldürmək məqsədi ilə getməmişdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən D.Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Azər
AzNews.az