Bakıda tanışların kef məclisi qanla bitdi...

İlkin ifadəsində polisi aldatsa da...

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından AzNews.az-a verilən məlumata görə, İlham Xəlilov adlı şəxs Mərdəkan qəsəbəsində fəaliyyət göstərən kafelərdən birində bıçaqlanıb.

Belə ki, Bakı şəhər sakini olan Xəlilov qarın nahiyəsindən almış olduğu bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. O, ilkin ifadəsində polisi aldadaraq yıxılaraq xəsarət aldığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ. Xəlilovun bıçaqlandığı məlum olub. Belə ki, araşdırmalar zamanı müəyyən edilib ki, İ. Xəlilov tanışı Pərviz Soltan oğlu Nəzəri ilə birgə Mərdəkandakı kafelərdən birində yeyib-içdikdən sonra onların arasında mübahisə düşüb. Mübahisə zəminində P. Nəzəri İ. Xəlilovu bıçaqlayıb. P. Nəzəri saxlanılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Azər
AzNews.az