İki yeniyetmənin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Dünyasını dəyişənlərdən biri futbol klubunun üzvü olub

Binəqədidə iki nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən Fəxrəddin Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az-ın məlumatına görə, F. Bəşirov barədə toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edilib ki, ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edib.

Azər
AzNews.az