Bu hadisələrlə bağlı 80 nəfərə yaxın şəxs həbs edilib Bu hadisələrlə bağlı 80 nəfərə yaxın şəxs həbs edilib

Gəncə hadisələri ilə bağlı tutulanların həbs müddəti artırıldı

Bu hadisələrlə bağlı 80 nəfərə yaxın şəxs həbs edilib

Nəsimi Rayon Məhkəməsində Gəncədə terror aktı, iğtişaşların planlaşdırılması, təşkil edilməsində ittiham olunan Aydın Qurbanov Rasim Mustafayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

AzNews.az-ın xəbərinə görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin həbs müddəti daha 4 ay artırılıb.

İstintaq orqanı tərəfindən Aydın Qurbanov və Rasim Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd etmə), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq törətmək), 281.2-ci (təkrar və ya bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar törətmək), 279.1-1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə), 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham elan ediliblər.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Azər
AzNews.az