Bahalı “Mercedes-Benz GLS” markalı avtomobil idarə edib Bahalı “Mercedes-Benz GLS” markalı avtomobil idarə edib

Bakıda piyadanı vurub qaçan sürücü məşhur iş adamıdır

Bahalı “Mercedes-Benz GLS” markalı avtomobil idarə edib

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan AzNews.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Qeyd edək ki, Sunay Vəliyev “Laçın” Ticarət Mərkəzinin keçmiş sahibi Məsud Vəliyevin oğludur.

Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir. S.Vəliyev sosial şəbəkələrdə bahalı maşınlarının fotolarını yaymaqla tanınır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzNews.az