2 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib 2 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib

"Liftə düzgün qulluq edilməyib" - Vəfat edən xadimə ilə bağlı cinayət işi

2 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib

Bakıda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzNews.az-ın məlumatına görə, prosesdə şahid qismində "Azline" MMC direktoru Ilkin Xəlilov dindirilib. Şahid bildirib ki, hadisə olan MTK-ya lift onların şirkəti tərəfindən quraşdırılıb: "15 il əvvəl MTK tərəfindən sifariş verilib. Biz də lifti sifariçiyə təhvil vermişik. Həmin zaman dövlət orqanları tərəfindən yoxlanılıb və qeydiyyata alınıb. Qeydiyyata alınandan sonra istismara verilib. Həmin zaman liftin quraşdırılmasına heç bir nöqsana yol verilməyib. Yol verilsəydi, qeydiyyata alınmazdı. Həmin liftlərə pasport verilib".

Şahid qeyd edib ki, dövıət orqanları tərəfindən ildə bir dəfə ispektor gəlib liftin vəziyyətini yoxlayır: "Liftin sonrakı təmiri sifarişçinin üzərinə düşən öhdəlikdir. Görünən odur ki, liftə vaxtı-vaxtında düzgün qulluq edilməyib".

Təqsirləndirilən S.Əzizov bildirib ki, hadisədən sonra FHN tərəfindən yoxlama aparılıb: "Yoxlama zamanı liftin düzgün quraşdırılması qənaetinə gəlinib. Orda məlum oldu ki, liftin bir sağ tərəfdə 2 saxlama trosda yanlış qurlaşdırma həyata keçirilib".

İlkin Xəlilov isə bildirib ki, liftin quraşdırılmasında heç bir qüsur olmayıb.

Məhkəmə prosesi fevralın 19-da davam edəcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, ötən il oktyabrın 4-ü saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri S.Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Rayon prokurorluğunun və rayon Polis idarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Ç.Şıxəliyev də saxlanılıb. İstintaq orqanları tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi irəli sürülüb.

Azər
AzNews.az