Fidan Qarazadənin cinayət işində 12 nəfər zərərçəkmiş qismində tanınıb Fidan Qarazadənin cinayət işində 12 nəfər zərərçəkmiş qismində tanınıb

23 yaşlı qız 71 min manatı belə "atdı" - Deyib ki, FHN əməkdaşıyam...

Fidan Qarazadənin cinayət işində 12 nəfər zərərçəkmiş qismində tanınıb

Özünü FHN əməkdaşı kimi təqdim edərək Neftçala rayon sakinlərinin 71 min manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər analoji cinayət əməlinə görə məhkum olunan Qarazadə Fidan Fərman qızı cəzasının azaldılması üçün Ali Məhkəməyə kassasiya şikayəti verib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.3.2 və 310-cu maddəsi ilə məhkum olunan F.Qarazadənin məhkəmə prosesi aprel ayının 16-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2016-cı ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Neftçala şəhər sakini, 1966-cı il təvəllüdlü Fərqanə Muradova, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Səbinə Yarəhmədova və Ağdam şəhər sakini, 1993-cü il təvəllüdlü Fidan Qarazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Belə ki, Neftçala rayonundan olan bir qrup sakin Fərqanə Muradovanın 10 nəfərə yaxın şəxsə qarşı dələduzluq etməsi barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Neftçala sakinlərinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırlıb. Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var.

İstintaqla müəyyən edilib ki, Fidan Qarazadə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi geyim formasını əldə edib və həmin formanı geyərək ətrafındakı insanlara özünü vəzifəli şəxs kimi təqdim edib. O, FHN-in Xüsusi Riskli Xilasetmə Dəstəsində xilasedici-sürücü vəzifəsində işləyən çavuş Anar Musayevin müraciəti əsasında özünü ona FHN əməkdaşı kimi təqdim edib. A.Musayevin etimadını qazanaraq guya onu FHN-də yüksək rütbəli vəzifəli şəxsin köməkliyi ilə Minsk şəhərində yerləşən FHN-in Akademiyasına qəbul etdirəcəyinə inandırıb və 10 min manat pulunu alıb.

İstintaqla o da müəyyən edilib ki, Fidan Qarazadə ötən 2014-cü ilin aprel ayında Səbinə Yarəhmədovaya özünü sözügedən nazirliyin əməkdaşı kimi təqdim edib. Həmin nazirliyin vəzifəli şəxsləri ilə geniş əlaqələri olduğunu, müəyyən məbləğ müqabilində qeyd olunan quruma müxtəlif vəzifələr üzrə işə düzəldə biləcəyini, buna imkanın olduğunu, bununla bağlı soruşan olarsa, ona müraciət etməsini tapşırıb.

Bir müddət sonra Səbinə Yarəhmədova ona tanışı Fərqanə Muradovanın və tanışlarının, qohumlarının FHN-ə işə düzəlmək istədiklərini deyib. S.Yarəhmədovanın və F.Muradovanın təşkil etdiyi, işə qəbul olunmaq üçün müraciət edən şəxsləri aldadaraq ümumilikdə 78 min manat pulu ələ keçiriblər.

Hər üç qadına Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İstintaq zamanı təqsirləndirilən şəxslərin nəinki müxtəlif şəxslərə, hətta bir-birlərinə qarşı dələduzluq etmələri faktı da aşkarlanıb. Bu səbəbdən də S.Yarəhmədovanın və F.Qarazadənin barəsində F.Muradovaya qarşı dələduzluq etmələri, həmçinin F.Qarazadənin özünü özbaşına hakimiyyət nümayəndəsi kimi təqdim etməsi faktları üzrə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) və 310-cu (vəzifə səlahiyyətlərini mənimsəmə) maddələri ilə başqa cinayət işi üzrə ayrıca icraata ayrılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Fərqanə Muradova ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İxtisasca tibb bacısı olan F.Muradova ifadəsində tanışı Süsən adlı qadının ondan FHN-in hospitalında işləmək istəyib-istəmədiyini soruşduğunu, sonuncu da bununla razılaşdığını göstərib: “Süsən yaxından tanıdığı bir qadının Fövqaladə Hallar Nazirliyində geniş əlaqələrə malik olduğunu, yaxınlıq etdiyi kişinin həmin nazirlikdə yüksək vəzifədə işlədiyini, müəyyən pul müqabilində məni ora işə düzəldə biləcəyini dedi. Hətta mənim yanımda Səbinə adlı həmin qadına zəng vurub danışdı.

Səbinə bizi işlətdiyi “Qadın dünyası” mağazasına dəvət etdi, getdik. Danışdıq, yaxın vaxtlarda işə düzəldəcəyinə söz verdi. 10-15 gündən sonra zəng vurub Xətai rayonu ərazisində olan FHN-in Yanğınsöndürmə Dəstəsinə operator vəzifəsinə düzəldəcəyini, bunun müqabilində 5500 manat lazım olacağını bildirdi. Mən də razılaşdım. Şəxsiyyət vəsiqəmi götürdü. Əməkhaqqımın 370 manat, əlavə paketin isə 150 dollar olacağını dedi”.

F.Muradovanın ifadəsinə görə, o, həmin məbləği və bəzi sənədləri Səbinəyə verəndən sonra rayona qayıdıb. Bakıda işə düzələcəyini eşidən qohum-əqrəbası, tanışları F.Muradovanın yanına gələrək onları da həmin sahədə işə düzəltmələrini xahiş ediblər. O, bu barədə Səbinə ilə danışıb, sonuncu həmin şəxsləri işə düzəldəcəyini vəd edib.

F.Muradova müəyyən şəxslərdən işə düzəltmək üçün aldığı pulları və sənədləri Bakıya gələrək Səbinəyə verib. 2014-cü ilin sonlarında oktyabr ayının sonlarında Səbinəyə zəng vurub pul verən şəxslərin işlərinin düzəlmədiyini deyib. Həmin gündən sonra Səbinə ilə dəfələrlə əlaqə saxlamaq istəsə də telefonlarına cavab verməyib. Pullarını alıb Səbinəyə verdiyi adamlar ondan verdikləri pulları tələb etdiyinə görə Binəqədi Rayon Prokurorluğuna müraciət edib.

Təqsirləndirilən F.Muradova ifadəsində FHN-ə işə düzəlmək istəyən şəxslərdən aldığı 78 min manat puldan özünə bir manat belə götürmədən hamısını S.Yarəhmədovaya verdiyini göstərib.

Təqsirləndirilən şəxs qismində dindirilən Səbinə Yarəhmədova ifadəsində uzun illər kosmetoloq işlədiyini, 2012-ci ildən icarəyə obyekt götürüb “Qadın dünyası” adlı paltar mağazası, həmin mağazanın yanında gözəllik salonu açdığını göstərib: “Normal qazanc əldə edə bilmirdim deyə 2014-cü ildə həmin obyektləri bağladım. Orada işlədiyim dövrdə mağazaya gəlib-gedən bir çox şəxslərlə tanış olmuşdum. Həmin şəxslərdən biri də Fidan idi. Fidanı ilk dəfə tanışım Ruhəngizin yanında görmüşdüm. Əynində Fövqaladə Hallar Nazirliyinin xidməti geyim forması vardı, nazirlikdə işlədiyini deyirdi. Fidan mağazadan 500 manatlıq pal-paltar aldı, pulunu da nağd şəkildə ödədi.

Bundan sonra dəfələrlə gəlib-gedir, pal-paltar alırdı. Hər dəfə çox böyük işlərdən, geniş əlaqələrinin olmasından danışır, özünü çox işgüzar xanım kimi göstərirdi.

Bir dəfə Fidan mağazada olanda Süsən onu həmin paltarda gördü. Dedi ki, Fərqanə adlı rəfiqəsi yaxın qohumu Rüstəmin sənədlərini və müəyyən məbləğdə pulu FHN-ə düzəltmək üçün kiməsə verib, bu işlə bağlı FHN-dən rəsmi etiraz məktubu gəlib, amma nə pulu, nə də sənədləri ala bilməyiblər. Fidanın bu işdə onlara kömək etməsini məndən xahiş etdi. Fidanla əlaqə saxlayanda dedi ki, problem deyil, sənədləri götürüb gəlsinlər, bu işi özü düzəldəcək. Fidan Rüstəmi FHN-in Salyan rayonunda yerləşən Yanğınsöndürmə İdarəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldə biləcəyini, bunun müqabilində 3 min manat pul alacağını deyib. Razılaşıblar.

Bundan sonra Fərqanə mağazadan paltar aparıb yaşadığı rayonda satır, birgə qazanc əldə edirdik. Bir müddət sonra Fərqanə özü də FHN-ə işə düzəlmək istədiyini, onun işini də danışmağımı xahiş etdi. Öz yanında zəng vurub Fidanla danışdım, 5 min manat istədi. Fərqanə də razılaşdı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, işə düzəlmək istəyən şəxslərin sənədlərini və pulu Fərqanə ona, o isə öz növbəsində hamısını Fidana verib.

Təqsirləndirilən şəxs qismində dindirilən Fidan Qarazadə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 2010-cu ildə orta məktəbi bitirdiyini, Bakı Slavyan Universitetinə qəbul olunduğunu, II kursda oxuyarkən Sabunçu Rayon Polis İdarəsində barəsində dələduzluq maddəsi ilə cinayət işi başlandığını, həbs olunduğunu və bu səbəbdən təhsilini davam etdirə bilmədiyini göstərib.

Tanış olduğu şəxslərə özünü “leytenant Camalova” kimi təqdim edən F.Qarazadə hətta 2014-cü ilin yanvar ayında dost-tanışlarını bir yerə yığaraq “Çanaqqala”da, “Altun Saray” restoranlarında guya kapitan rütbəsi almağı ilə bağlı qonaqlıq da verib.

Təqsirləndirilən şəxsin ifadəsində diqqətçəkən məqamlardan biri xüsusi geyim formasını arzulaması və bunu əldə etməsi olub: “Ticarət mərkəzinə gedib oradakı hərbi geyim atelyesindən forma aldım. Formanı geyinib dost-tanışlarımın yanında özümü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edirdim. Səbinə Yarəhmədovadan Fərqanə Muradovanı, Rüstəm Hüseynovu, Raqib Xəlilovu, Elvin Əliyevi, Məqsəd Nəsirovu, Orxan Həsənovu FHN-ə işə düzəltmək üçün 17 min manat almışam. Pulları kimə verməyim barədə açıqlama vermək istəmirəm”.

Təqsirləndirilən şəxs ifadəsində FHN-in Xüsusi Xilasetmə Xidmətinin xilasedici-sürücü vəzifəsində işləmiş Anar Musayevdən Belarus Respublikasının Minsk şəhərində yerləşən akademiyaya düzəldəcəyini vəd edərək ondan 10 min manat aldığını, lakin işi düzəldə bilmədiyini deyib. O, A. Musayevdən aldığı məbləğin 3 min manatını qaytardığını, yerdə qalan məbləği də hissə-hissə qaytaracağına söz verdiyini deyib.

2016-cı ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Fidan Qarazadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Azər
AzNews.az