“Mənə mağaza verildi, şikayətçi deyiləm” - Hacı İbrahimin qardaşının məhkəməsi

Cinayət işində 52 nəfər zərərçəkmiş qismində tanınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

AzNews.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İlqar Hüseynov ifadə verib.

O, bildirib ki, S.İbrahimovun şirkətindən 126 min manat dəyərində üçotaqlı mənzil alıb: "Lakin sonradan həmin ev başqa iki nəfərə satılmışdı. Sonra problem həll olundu, mənə mağaza verildi. Şikayətçi deyiləm".

Digər zərərçəkmiş Nazim Sadıqov dindirilən zaman söyləyib ki, 2015-ci ildə Adil Hüseynovdan mənzil alıb, 2017-ci ildə isə müqavilə bağlayıb. O qeyd edib ki, mənzili aldıqdan bir qədər sonra həmin ev başqa şəxsə satılıb: "Evi Ayxan adlı şəxsə Sahib İbrahimov satıb. Biz məhkəməlik olduq, Ali Məhkəmə onun xeyrinə qərar çıxardı. Evimi tələb edirəm".

Təqsirləndirilən S.İbrahimov Ayxan adlı şəxsi tanımadığını, Adil Hüseynovun saxta sənədlə vətəndaşlara mənzil satdığını deyib: "Adil qondarma şirkət yaratmışdı. Hazırda onun barəsində Baş Prokurorluqda araşdırma aparılır".

Daha sonra digər zərərçəkmiş Heydər Məmmədov dindrilib. O, 2008-ci ildə S.İbrahimovdan 101 800 manata mənzil aldığını, sonra evin başqa şəxslərə satıldığını, hazırda problemin aradan qaldırıldığını bildirib.

Məhkəmənin növbəti prosesi fevralın 20-nə təyin edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

Azər
AzNews.az