"Gül kələmi"nin içində 30 milyonu gizlədən şəxsə hökm oxundu

Azərbaycandan keçməklə İrandan Rusiyaya gedirmiş...

Azərbaycandan keçməklə İrandan Rusiyaya külli miqdarda qaçaq valyuta aparmaqda təqsirləndirilən Karanayev Nurmaqomed Maqomedtaqiroviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Rusiya vətəndaşı, Dağıstan sakini Nurmaqomed Karanayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İrandan gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya "Gül kələmi" yükü aparan Rusiya vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12" markalı "E-900-XX-05/AH-264639" dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu (528 min 191 dollar) aşkar edilib.

image description