DSMF-nin keçmiş əməkdaşları hakim qarşısında

Rüşvət almaqda ittiham olunurlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri Elnur Quliyev və Vidadi Eyvazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin oluncaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin yaşa görə müavinətlərin təyini üçün vətəndaşlardan rüşvət tələb etmələri ilə bağlı Baş Prokurorluğa müraciət edilib.

Bildirilib ki, müraciətə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilib sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.

Məlumata görə, aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülən 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri Vidadi Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı gedişində toplanan ilkin sübutlar əsasında Elnur Quliyev və Vidadi Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azər
AzNews.az