Qənirə Paşayeva gənclərlə görüşdə bir sıra çağırışlar səsləndirib. Qənirə Paşayeva gənclərlə görüşdə bir sıra çağırışlar səsləndirib.

"İşsiz qadınlar daha çox zorakılığa məruz qalır"

Qənirə Paşayeva gənclərlə görüşdə bir sıra çağırışlar səsləndirib.

Millət vəkili Qənirə Paşayeva Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin 5-ci Universitet Sessiyası çərçivəsində keçirilən Qadın Liderliyinin Gücləndirilməsi və Şəxsiyyətin Sosial İnkişafı mövzusuna həsr olunmuş tədbirlər çərçivəsində ADA universitetində gənclərlə görüşüb və onlar qarşısında geniş məruzə ilə çıxış edərək bir çox vacib məqamlara toxunub.

AzNews.az xəbər verir ki, millət vəkili çıxışında bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır.

Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib.

O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.

“Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik,” -millət vəkili Qənirə Paşayeva belə deyib.

Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz, işsiz qadınlar təşkil edir:

“Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir, Savadlı cəmiyyət savadlı anadan keçir”.

Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyən millət vəkili Q.Paşayeva ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.

Erməni diasporu, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı, Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib.

Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

Millət vəkili gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.

“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.

Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.

Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir.

Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı da gənclərin suallarını geniş cavablandırıb.

Azərbaycanın işğal altında olan əraziləri barədə də danışan millət vəkili biz hamımız dünyanın harasında yaşamağımızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq deyib.

Millət vəkili eyni zamanda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və kitablarını hədiyyə edib.

AzNews.az

image description image description image description