Həbs edilən Rahib Hüseynov apellyasiya şikayəti verib Həbs edilən Rahib Hüseynov apellyasiya şikayəti verib

Arif Əsgərovun yaxın qohumu yenidən hakim qarşısında

Həbs edilən Rahib Hüseynov apellyasiya şikayəti verib

"Azərbaycan Dövlət Dəmir yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

AzNews.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddə ilə məhkum olunan R.Hüseynovun apellyasiya şikayətinin hazırlıq iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Rahib Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirləndirildiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, 10 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilməsini istəmişdi. Bundan sonra Rahib Hüseynov məhkəmə zalında həbs edilmişdi.

R.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. İttihama görə, Rahib Hüseynov ümumilikdə 4 milyon 300 min manat dələduzluqda ittiham edilir. O, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Zərərçəkənlərdən biri olan Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğludur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır. O, cinayət işində şahid kimi tanınıb.

R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham verilib.

Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.

Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib.

Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin ilə 9 il cəza alıb.

Həmin cinayət işində də A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanırdı. E.Hüseynov pulları Elnara verdiyini deyib. Cinayət işində şahid kimi tanınan Elnar Əsgərov isə deyilənləri rədd edib.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. O, 2015-ci ildə Prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilərək, nəqliyyat nazirinin müavini təyin edilib. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və o, vəzifəsini itirib.

Azər
AzNews.az