Sovet vaxtı bu adamlardan yazmaq yasaq olunmuşdu. Sovet vaxtı bu adamlardan yazmaq yasaq olunmuşdu.

Mətbuatda kriminal avtoritetlərin təbliği doğrudurmu?

Sovet vaxtı bu adamlardan yazmaq yasaq olunmuşdu.

Son zamanlar mətbuatda kriminal avtoritetlərlə bağlı xəbərlərin sayı çoxalıb. Bu, kriminal aləmin təbliğinə və yeniyetmələrin kriminal aləmə marağının yaranmasına səbəb olurmu?

AzNews.az məsələ ilə bağlı cəmiyyətdə tanınmış iki nəfərdən münasibət öyrənib.

Psixoloq Fuad Əsədov bildirib ki, belə xəbərlər yeniyetmələrin kriminal aləmə meyllənməsini gücləndirir:

“Əlbəttə, bir mövzudan nə qədər danışsan, o mövzu aktual olacaq. Və nəticədə insanların bəziləri həmin mövzunun düzgün olduğunu düşünəcək və populyar olduğunu gördükdən sonra ona daxil olmaq istəyəcək. Xüsusilə də yeniyetmələr belə şeylərə qaçırlar. Çünki, o dövrün psixologiyası elədir ki, insan özünü həm özünə, həm də başqalarına təsdiq etməyə çalışır. Yeniyetmə oğlanlar özlərini böyük kişi kimi hiss etmək üçün əksər hallarda siqaret çəkməyə başlayır və kriminal jarqonlardan istifadə etməyə başlayırlar. Misal üçün, Amerikada Breaking Bad serialı başlayanda uşaqlar kimyaçı olmaq istəyirdilər. Harri Potter romanları yeni çıxdığı dövrdə gənclər illüzionist olmaq istəyirdilər. Bizdə isə daha çox kriminal videolar və avtoritetlərin həyatları ilə bağlı yazılan kitablar gənclər arasında yayılır. Xaricdə uşaqlar üçün yazılan çizgi romanlarında belə fizikaya, astronomiyaya, mühəndisliyə aid bilgilər olur. Bizdə isə kütləvi informasiyaların təsiri ilə gənclər daha çox Polat Alemdarlara, ya da Rembolara bənzəməyə çalışır. Düzdür, Rembonu da xaricilər çəkib. Amma ən azından Avropada və Amerikada daha ciddi populyar kültür daha çox dəbdədir”.

Yazıçı Rəşad Məcid isə düşünür ki, media öz sosial məsuliyyətini anlamasa, bu, pis nəticələrə gətirib çıxaracaq:

“Kriminal avtoritetlərlə bağlı çox yazılanda, onların gücü, səlahiyyətləri çox göstəriləndə, yaşadıqları həyat təbliğ ediləndə yeni nəsil də məhz bu cür həyata meyllənir. Media kriminal avtoritetlərin hər addımından yazmamalıdır, onları həqiqətən avtoritetə, bütə çevirməməlidir. Sovet vaxtı bu adamlardan yazmaq yasaq olunmuşdu, qadağa var idi. Düz də edirdilər. İndi yasaq yoxdur, amma media öz məsuliyyətini dərk etməlidir. Bu sarıdan yeni media və saytlar daha çox seçilirlər; kriminal aləmdən daha çox yazır, avtoritetlərin, az qala, hər addımından şou düzəldir, nəticədə isə belə həyat tərzinin təbliğatçısı rolunu oynamış olurlar. Media təbliğ etdikcə, belə adamlar gənclərin şüurunda böyük güc, qüdrət sahibinə cevrilir, pərəstiş obyekti olurlar. Bu proses cəmiyyəti təhlükəli məcraya sürükləyir".

Cavidan

AzNews.az