BŞBPİ polis əməkdaşları ilə bağlı yayılan video-müsahibəyə münasibət bildirdi

"Faktlar o həqiqətin göstəricisidir ki, yalan onun sığınacağıdır"

“Sosial şəbəkələrdə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları haqqında həqiqətə uyğun olmayan məlumat xarakterli video-müsahibə yayılıb. Müsahibə verən şəxsin iddiaları ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılmaqla, müsahibin şəxsiyyəti, hüquqi vəziyyəti müəyyən olunub”

Bu barədə Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1991-ci ildə Bakı şəhərində anadan olan, Nərimanov rayonunda qeydiyyatda olan, fərdi qaydada dəmir tədarükü məşğul olan Məmmədov Tural Elman oğlu cari ilin yanvar ayının 1-də axşam saatlarında Nərimanov rayonu A.Heydərov küçəsində tanışı Elxan Hacıyevi onun qarajından dəmir parçaları oğurlamaqda günahlandıraraq idarə etdiyi “Niva” markalı avtomaşını onun üzərinə sürərək ayağından xəsarət yetirib: “O, qanunsuz hərəkətlərini davam etdirərək avtomaşından düşüb E.Hacıyevi döyərək ona yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq hərəkəti törədib. Faktla bağlı yanvar ayının 28-də Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, 21.06.2019-cu il tarixdə Tural Məmmədov CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə, iyunun 29-da istintaqı tamamlanaraq cinayət işi Nərimanov Rayon Prokurorluğuna göndərilib".

E.Hacıyev qeyd edib ki, Tural Məmmədov ictimai təhlükəli əməllərini pərdələmək üçün polis əməkdaşlarının ünvanına əsası olmayan ittihamlar səsləndirib: "Faktlar o həqiqətin göstəricisidir ki, yalan onun sığınacağıdır”.

AzNews.az

image description