Baxış iclası avqustun 29-na təyin edilib Baxış iclası avqustun 29-na təyin edilib

Beşqat dünya çempionu yenidən hakim qarşısında

Baxış iclası avqustun 29-na təyin edilib

Bakı Apelyasiya Məhkəməsində beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən verilən apelyasiya şikayətləri və apelyasiya protesti ilə bağlı ilkin baxış iclası keçirilib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası avqustun 29-na təyin edilib.

Qeyd edək ki, qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə E.Məcidova soyuq silah gəzdirmə əməli üzrə bəraət verib, xuliqanlıq və qəsdən ağır xəsarət yetirməyə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti və zərərçəkmişlər və E.Məcidov isə apelyasiya şikayəti verib.

Qeyd edək ki, "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri olan E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur.(report.az)

AzNews.az