Avropa İttifaqı ölkələri son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yatırıb Avropa İttifaqı ölkələri son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yatırıb

Azərbaycanda 1500-dən çox Avropa şirkəti fəaliyyət göstərir

Avropa İttifaqı ölkələri son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yatırıb

Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq gündən-günə genişlənir. Bu gün Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Aİ ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa ölkələri üstünlük təşkil edir.

Son 10 ildə respublikamızda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Ölkəmizin qeyri-neft sektoruna-sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə mindən çox Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir. Avropa İttifaqının 23 ölkəsi ilə ikiqat vergitutma aradan qaldırılıb, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 ölkə ilə hökumətlərarası komissiya yaradılıb.

Avropa İttifaqı ölkələri ilə iqtisadi əməkdaşlığın təşviqi üçün 8 ölkə ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. O cümlədən 24 üzv ölkə ilə ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlər, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb.

Cari ilin avqust ayına qədər Azərbaycandan Aİ ölkələrinə 5 milyard 489 milyon 727 min dollar dəyərində məhsul ixrac olunub. Rəsmi statistik məlumatlara görə, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 2 milyard 650 milyon 325 min dollar çoxdur.

Bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqda “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib ki, Avropa İttifaqı ölkələri son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yatırıb: “Aİ hələ də Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarət dövriyyəmizin 50 faizə yaxını onun payına düşür. Aİ son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan artıq sərmayə qoymuşdur. Azərbaycanda fəaliyyət göstərən Avropa mənşəli 1500-dən çox şirkət var. Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən bu şirkətlər arasında aparılan son tədqiqat Azərbaycanın iqtisadiyyatına və davam edən islahatlara inamın artdığını göstərir”.

XX əsrdə reallaşan “Əsrin müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən nəhəng layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirir. 2017-ci il fevralın 23-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üzvü olan dövlətlərin nazirlərinin, ABŞ və Böyük Britaniya hökumətləri nümayəndələrinin, Avropa Komissiyasının vitse-prezidentinin, şirkət və beynəlxalq maliyyə təşkilatları təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda bütün bunlar ətraflı müzakirə olunub.

Şübhəsiz, Aİ ilə bütün səviyyələrdə, habelə mövcud dialoq formatları, eyni zamanda, Aİ üzv ölkələri ilə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı üzrə müştərək komissiyalar çərçivəsində məsələ ilə bağlı Azərbaycan hökumətinin prinsipial mövqeyinin təbliğinin davamlılığı ilkin nəticənin əldə olunmasında mühüm rol oynayıb. (“İki sahil”)

© AzNews.az