Fikrət Yusifov: “Milli valyutamıza xarici ölkələr də etibar edir” Fikrət Yusifov: “Milli valyutamıza xarici ölkələr də etibar edir”

Manatımızla istiqraz buraxmaq istəyən ilk bank qərarını verdi

Fikrət Yusifov: “Milli valyutamıza xarici ölkələr də etibar edir”

Xəbər verildiyi kimi, Asiya İnkişaf Bankı Azərbaycan manatında istiqraz buraxacaq. Bu barədə Prezident İlham Əliyevlə Asiya İnkişaf Bankının 1 saylı əməliyyatlar üzrə vitse-prezidenti Vençay Janqının görüşü zamanı məlumat verilib.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının istiqrazlarının Azərbaycanda manatla buraxılması təşəbbüsünü müsbət qiymətləndirərək həmin vəsait hesabına Azərbaycanda özəl sektor layihələrinin həyata keçirilməsi üçün kreditlər veriləcəyini bildirib.

Asiya İnkişaf Bankının Azərbaycan manatında istiqraz buraxmaq istəyi milli valyutaya inamın güclənməsindən xəbər verir.

Qeyd olunan bankın Azərbaycan valyutasında istiqraz buraxmasına münasibət bildirən iqtisadçı-ekspert, professor Fikrət Yusifov qeyd etdi ki, bir ildən artıqdır Azərbaycan manatının məzənnəsi sabitdir: “Ölkə iqtisadiyyatının vəziyyəti tam olaraq sabitləşib. Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin doqquz ayının yekunlarına görə, ölkə iqtisadiyyatı inkişaf səviyyəsindədir. Nəzərə almaq lazımdır ki, Asiya İnkişaf Bankı dünyanın aparıcı maliyyə institutlarından biridir. Adıçəkilən bank heç vaxt güvənmədiyi, etibar etmədiyi ölkənin milli valyutası ilə əlaqədar bu addımı atmaz. Asiya İnkişaf Bankının Azərbaycan manatında istiqraz buraxmaq istəyi o deməkdir ki, milli valyutaya xarici ölkələr də etibar edir”.

Həmsöhbətimiz hesab edir ki, Asiya İnkişaf Bankının Azərbaycan manatında istiqraz buraxması ölkə iqtisadiyyatına müsbət təsir edəcək.

İqtisadçı onu da əlavə etdi ki, Asiya İnkişaf Bankından sonra digər beynəlxalq maliyyə institutları da analoji addımı ata bilər: “Bu işdə ilk təşəbbüs Asiya İnkişaf Bankı tərəfindən həyata keçiriləcək. Bu nümunə gələcəkdə digər xarici banklar tərəfindən də reallaşa bilər”. ("Bakı xəbər")

© AzNews.az