"Yemin qiyməti nə qədər ucuz olarsa, ərsəyə gətirilən toyuq da bir o qədər ucuz satılacaq". "Yemin qiyməti nə qədər ucuz olarsa, ərsəyə gətirilən toyuq da bir o qədər ucuz satılacaq".

Quşçuluq sektorunun inkişafı üçün üç TƏKLİF

"Yemin qiyməti nə qədər ucuz olarsa, ərsəyə gətirilən toyuq da bir o qədər ucuz satılacaq".

Bu ilin ortalarında ABŞ-la münasibətlərinin gəriginləşməsi nəticəsində itisadi böhrana girən qardaş ölkə xaricdən özünə qarşı yönələn iqtisadi savaşa qarşı dirəniş göstərir. Bir çox hallarda bu dirəniş inzibati tədbirləri də özüylə bərabər gətirir. Xüsusilə də ölkənin qida təhlükəsizliyinin qarantı sayılan kənd təsərrüfatı sektoru məcburi inzibatı müdaxilələrə məruz qalır.

Türkiyə mətbuatının yazdığına görə, bir müddət əvvəl ölkə prezidenti Rəcəb Tayip Ərdoğanın “stokçuları əfv etməyəcəyəm” bəyanatından sonra hərəkətə keçən dövlət qurumlarının bir sıra kənd təsərrüfatı müsəssisələrində apardığı yoxlamalar istehsalçılar tərəfindən birmənalı qarşılanmayıb. Nədən ki, inzibati tədbirlər bir çox kənd təsərrüfatı məhsullarının maya dəyərindən aşağı satılması ilə nəticələnib. Ciddi zərər görən sahələrdən birinin də quşçuluq sektoru olduğu bildirilir. Türkiyə Qanadlı Heyvan Əti İstehsalçıları Mərkəz Birliyinin (TÜKEBİR) dünən yayılan rəsmi açıqlamasında da bu məqama xüsusi diqqət çəkilib və vurğulanıb ki, yüksələn valyuta məzənnəsinin təsiri ilə bəzi xammalların qiyməti 100%, bəzilərininki isə 52.5% artıb və bu səbəbdən ağ et istehsalında iflaslar başlanıb. Təşkilatın proqnozlarına inansaq, vəziyyət belə davam edərsə, ilin sonuna qədər istehsal müəssisələrinin yarısı bağlanacaq.

Nəzərə alsaq ki Türkiyə Azərbaycana quş əti ixrac edən əsas ölkələrdən biridir, istər-istəməz ortaya belə bir sual çıxır: Türkiyədə quşçuluq sektorunda yaşanan böhran Azərbaycana necə təsir göstərə bilər?

Fikrimcə, bu məsələyə birmənalı yanaşmaq mümkün deyil. Əvvəla, ona görə ki, Azərbaycan xüsusilə ağ ət istehlakı sahəsində xaricdən asılılıq mərhələsini çoxdan geridə buraxıb. Hələ 2016-cı ildə Azərbaycan rəsmiləri ölkəmizdə quş əti istehsalının illik tələbatımızı tam ödəyəcək səviyyəyə yüksəldiyini deyirdilər. İddialara görə, illik quş əti istehsalı 100 min tona, yumurta istehsalı isə 1,5 milyard ədədə çatıb, bu da Azərbaycanın illik istehlak həcminə bərabərdir.

Bununla belə, Azərbaycana istər 2016 – 2017-ci illərdə, istərsə də bu il kifayət qədər quş əti idxal olunub. Məhz bu səbəbdən, ilk baxışdan özümüz-özümüzü quş əti ilə təmin etməyimizə baxmayaraq, idxalı tam sıfırlaya bilmədiyimizdən, Türkiyədə başlayan böhran bizim üçün də ciddi təhlükələr yarada bilər. Bu ehtimali rəsmi statistik rəqəmlərin analizi də sübur edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkəyə 15. 132,0 ton quş əti idxal olunub. Kənd Təsərrüfatı Nazirliyinin “Ərzaq Balansları” statistikasına görə isə, Azərbaycanın quş ətində illik istehlak həcmi 132.675 tondur. Bu iki statistikanı birləşdirsək, ortaya belə bir nəticə çıxır: təkcə 6 ay ərzində Azərbaycanın illik istehlakının 10%-dən çox quş əti idxal etmişik. İllik miqyasda götürsək, bu, 20% edər. Deməli, daxili potensialımıza baxmayaraq, biz hələ də idxal asılılığından tam qurtula bilməmişik. Odur ki, Türkiyədə quş ətinin maya dəyərindən ucuz qiymətə bazara çıxarılması Azərbaycan ticarətçilərini də özünə cəlb edəcək. Üstəlik, Türkiyədə istehsal üçün tələb olunan başqa amillər də bizimlə müqayisədə ucuz başa gəlir. Belə vəziyyətdə bizim quş əti istehsalçıları üçün çətin rəqabət şəraiti yaranır.

Halbuki, Azərbaycanda son zamanlar quşçuluq sektorunun ciddi inkişaf etdiyi müşahidə olunur. Bir çox yeni müəssisələr yarandığı kimi, mövcud olanlar da öz istehsal potensiallarını artırmaq üçün ciddi addımlar atırlar. Məsələn, təməlləri 1984-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən atılan, dolayısıyla 35 illik təcrübəsi olan “Siyəzən Broyler”i buna nümunə göstərmək olar. 605,3 hektarlıq geniş əraziyə malik olan "Siyəzən Broyler" ASC çoxsaylı fabriklər kompleksindən ibarətdir. Hazırda fabrikin nəzdində 12 zona, 2 inkubator stansiyası, sanitar kəsim sexi, ət sümük unu bişirmə sexi, kompressor sexi, soyuducu anbarı, yem anbarı, yumurta anbarı, baytarlıq laboratoriyası, aptek və avtotraktor parkı fəaliyyət göstərir. Bu ciddi imkanları ilə müəssisə ildə 21 min tondan artıq quş əti istehsal edir. Təsərrüfatda quşların böyüdülüb saxlanılması üçün 200 civarında bina var. Müəssisə öz istehsal potensialını daha da böyütmək əzmindədir. 1500-ə qədər işçinin çalışdığı təsərrüfat illik istehsal gücünü 50 min tona qaldırmağı hədəfləyib. Bu isə Azərbaycanın illik istehlakının 35%-indən çox hissəsi deməkdir. “Siyazən Broyler” bu ilin əvvəlindən öz məqsədinə nail olmaq üçün yeni fabrik binaları, kəsim sexləri və s. infrastrukur obyektlərinin inşasına başlayıb və onları gələn ilə qədər bitirməyi planlaşdırır. 2019-cu ildə bu fabriklər kompleksində 3500- 4000-ə qədər insanın çalışacağı proqnozlaşdırılır. “İmişli Quşçuluq”, “Səba” ASC, “Abşeron” MMC, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Səba broyler“Hacıqabul Quşçuluq”, “Mərcan” və s. broyler şirkətlərini də hesaba qatsaq, Azərbaycan yaxın günlərdə quş əti idxal edən ölkədən ixracatçı ölkəyə çevriləcək.

Ölkəmizdə damazlıq yumurta istehsalı da ilbəil artır. Təkcə “Azərquşçuluq” MMC şirkətində ildə 500 min damazlıq toyuq saxlanılır. Müəssisə bu gücünü gələn ildən 600 min damazlıq toyuğa qaldırmaq niyyətindədir. Bu yazı müəllifinin təsisçisi olduğu “Xəmsə” MMC də gələn ildən etibarən istehsal gücünü ikiqat artırmaq istəyən şirkətlər sırasındadır. Allahın izniylə gələn il istehsal potensialımızı 180 min damazlıq toyuqdan 280 minə çatdırmağı düşünürük. Ümumiyyətlə, Azərbaycanın damazlıq yumurta müəssisələrində hazırda 1 miyon 140 min toyuq mövcuddur. Gələn ildən bu rəqəmin 1 milyon 500 minə yüksələcəyi proqnozlaşdırılıb. Bu toyuq potensialı ilə ildə 140-160 milyon civarında damazlıq yumurta istehsal olunur. Məqsədimiz istehsal həcmini iki dəfə artıraraq, ölkəmizin quşçuluq sənayesində idxalatçıdan ixracatçıya çevrilməsi yolunda qollarını çırmalayan broyler müəssisələrini əsas xammalla təchiz etməkdir.

Əlbəttə ki, bu strateji planın həyata keçirilməsində Azərbaycan quşçularını gözləyən potensial təhlükədən sığortalanması vacibdir və bu istiqamətdə bəzi addımlar atılmalıdır. Azərbaycan hökumətinin yerli təsərrüfatları qorumaq üçün bir sıra addımlar atdığını deməmək də nankorluq olardı. Məsələn, ötən illərdə Nazirlər Kabinetinin qərarıyla quş əti və istehlak yumurtasının idxalına əlavə gömrük rüsumları tətbiq edilmişdi. Həyata keçirilən bu tədbir broyler müəssisələrimizin inkişafına təkan vermiş, bir çox şirkətlərin fəaliyyətini və yeni təsərrüfatların yaranmasını stimullaşdırmış, minlərlə əlavə iş yerlərinin açılmasına səbəb olmuşdu. Həyata keçirilən bu siyasətin müsbət nəticə verməsi bu il Azərbaycan hökumətinin eyni siyasəti damazlıq yumurta üçün tətbiq etməsinə imkan vermişdir. Bu yaxınlarda Nazirlər Kabinetinin imzaladığı müvafiq fərmanla damazlıq yumurta üçün 10 sent, 1 kq quş əti üçün 1 ABŞ doları əlavə idxal rüsumu gətirməsi daxili bazarı gücləndirən tədbirlərdəndir. Digər stimullaşdırıcı tədbirlər kimi quşçularımızın bütün vergilərdən azad olunmasını, dövlətdən aşağı faizli kreditlər, subsidiyalar götürüb təsərrüfatlarının genişləndirməsinə şərait yaradılmasını və s. göstərə bilərik
Amma Türkiyədə yaranmış son böhran bu siyasətlərin müsbət nəticələrini ya azalda, ya da tamamilə aradan qaldıra bilər. Çünki indiki quruculuq illərində quş əti məhsullarının maya dəyərindən aşağı qiymətə satılması yerli fermerlərimizi çətin vəziyyətə salır. Qardaş ölkənin quşçuluq sektorunda yaranmış böhranın qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Məsələn, Türkiyədəki həmkarlarımız ölkənin üzləşdiyi infiliyasiya mühitindən də faydalana biləcəklər. Bizdə isə milli valyutanın kursu dəyişilməzdir və dollara indekslənib. Dolayısıyla, əldə edilən məhsul Türkiyə ilə müqayisədə baha başa gəlir. Fikrimcə, atılacaq ilk addım üzən valyuta kursu siyasətinin tam anlamıyla tətbiq edilməsidir. Xüsusilə, neft qiymətlərinin yenidən ucuzlaşdığı indiki dövrdə bu, qaçılmaz görünür.

Atılacaq ikinci addım quşçuluğun xammalı sayılan yem sənayesinin daha çox inkişaf etdirilməsidir. Çünki quş əti yemdən əmələ gəlir. Hər bir cücə yemi ətə çevirən mini-fabrikdən başqa bir şey deyil. Deməli, yemin qiyməti nə qədər ucuz olarsa, ərsəyə gətirilən toyuq da bir o qədər ucuz satılacaq.

Düzdür, ölkəmizdə bu hədəfi reallaşdırmaq üçün bir çox yem fabrikləri yaradılıb və Azərbaycanın broyler müsəssisələri yemin əksər hissəsini həmin fabriklərdən alırlar. Amma sözügedən fabriklər xammalı xarici valyutayla idxal edirlər. Bu da istər-istəməz qiymətləri xeyli bahalaşdırır. Hesab edirəm ki, toyuq yeminin xammalının becərilməsinə ciddi diqqət ayrılmalı, bitkiçiliklə məşğul olan fermerlər bu sahəyə təşviq olunmalıdırlar. Əks halda, biz xarici rəqabətdə uduza bilərik.

Üçüncü addım olaraq isə quş əti və məhsullarının idxalının tamamilə qadağan olunmasıdır. Bir çoxları bu metodun inzibati xarakter daşıdığını və azad rəqabəti məhdudlaşdıracağını iddia edə bilərlər. Amma mənim fikrimcə, Azərbaycanda daxili rəqabəti təmin edən kifayət qədər quşçuluq müəssisələri var və yuxarıda haqqında danışdığım həmin müəssisələr aqrar sektorun inkişafının təminatçısı kimi çıxış edirlər. Odur ki, bu ehtimaldan çəkinməmək lazımdır.

Onu da nəzərdən qaçırmaq olmaz ki, quşçuluq məhsulları Qida Təhlükəsizliyi proqramına daxil edilib və Cənab Prezidentimizin tələbilə özümüzün öz gücümüzə 100%-lik təminatı qarşıya məqsəd kimi qoyulub. Bu baxımdan, quş əti istehsalını artırmağı strateji hədəf kimi qəbul etmək və onun idxalına qadağan qoymaq ən doğru seçənək kimi masaya yatırılmalıdır. (musavat.com)

AzNews.az