Əməkdaşımızın başına gələnlər Əməkdaşımızın başına gələnlər

“EkspressBank”ın böyük rəzaləti- bankomatlar “pul yeyir”, filiallar süründürməçilik edir

Əməkdaşımızın başına gələnlər

Azərbaycanın maliyyə sektorunda fəaliyyəti daim narazılıqlarla müşayiət olunan EkspressBank vətəndaşların, sözün əsl mənasında, əsəbləri ilə oynayır. Belə ki, banka məxsus ödəniş terminalları vasitəsi ilə müxtəlif əməliyyatlar keçirən vətəndaşların pulu hesaba oturmur, bankomat tərəfindən yeyilir.

Belə hadisələrdən biri də şənbə günü Dövlət Yol Polisinin hesabına inzibati xətalarla bağlı 45 manat cərimə ödəmək istəyən AzNews.az xəbər portalının əməkdaşının başına gəlib.

Əməkdaşımız həmin bankın Badamdarda yerləşən DYP-nin Bakı şəhər idarəsinin binasındakı post terminalına 45 manat ödəyib, digər sənədləşmə işlərini həll etmək üçün Xırdalana gedib və orada məlum olub ki, əməliyyat həyata keçməyib: “Etimadnamənin vaxtı bitdiyi üçün tələsirdim. EkspressBankın qaynar xəttinə müraciət etdim. Xeyli musiqi dinlədikdən sonra bildirdilər ki, ya yaxınlıqdakı ticarət obyektlərinin birində yerləşən terminalda pin kod vasitəsi ilə əməliyyatı aktivləşdirim, ya da birinci gün bankın filallarından birinə yaxınlaşım. Bu adamlar başa düşmür ki, bir əməliyyat bank filalında aparılacaqsa, o zaman bankomata nə ehtiyac var?”.

Əməkdaşımız bildirib ki, o, Xırdalanda yerləşən ticarət obyektlərinin birindən pin kod vasitəsi ilə ödənişin DYP-nin hesabına keçməsini təmin etmək istəyib: “Lakin sistem işləmədi. Əlavə 1 manat da ödədim ki, bəlkə komisyon tələb olunur. Yenə nəticə olmadı. Qaynar xəttə yenidən müraciət etdim, avtomat cavabdan məlum oldu ki, əməkdaşlar nahardadır deyə zənglər qəbul olunmur. Əlacım kəsildi, başqa bir bank vasitəsi ilə cəriməni ödədim”.

Bu gün əməkdaşımız bankomatın müvafiq qəbzini təqdim etməklə öz yaxın adamlardan birini EkspressBankın “Elmlər Akademiyası” filialına göndərib. Filialdan bildiriblər ki, qəbzdə adı keçən şəxs şəxsən və şəxsiyyət vəsiqəsi ilə birlikdə gəlməlidir. Əməkdaşımız vaxt darlığına baxmayaraq bu tələbi də yerinə yetirib. Bankda bir müddət növbədə dayandıqdan sonra ona ərizə yazdırıblar: “Dedilər, yazın ki, xahiş edirəm, pulumu qaytarın. Mən bankın yarıtmaz fəaliyyətinin nəticəsi olaraq terminal tərəfindən yeyilmiş halal pulumu niyə xahiş-minnətlə geri almalıyam? Nə isə, ərizə də yazdım, amma pul geri qaytarılmadı. Dedilər, gözləyin, ən tezi 30 dəqiqə, bir saat ərzində pulunuzu götürə bilərsiniz. Bu, nə rəzalətdir axı? İndi mən yenidən banka getməli, növbə götürməli, vaxt itirməliyəm. Axı niyə?”

Bankda olarkən əməkdaşımız pulları EkspressBankın terminalları tərəfindən yeyilmiş bir neçə vətəndaşın da ərizə yazdığını müşahidə edib. Bundan başqa, telefonlara gələn zənglərə verilən cavablardan məlum olub ki, bu hal kütləvi xarakter alıb.

Nigar Cəfərli

AzNews.az