Bir denominasiya, iki devalvasiya keçən milli valyutamız ilyarımdır məzənnə sabitliyini saxlayır Bir denominasiya, iki devalvasiya keçən milli valyutamız ilyarımdır məzənnə sabitliyini saxlayır

27 yaşlı manatımız

Bir denominasiya, iki devalvasiya keçən milli valyutamız ilyarımdır məzənnə sabitliyini saxlayır

Avqustun 15-i Azərbaycanın milli valyutası olan manatın dövriyyəyə buraxılmasının 27 ili tamam oldu.

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda müstəqil pul emissiyasının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanır. Belə ki, ilk dəfə 1919-cu ilin əvvəlində Demokratik Respublika tərəfindən 25, 50, 100 və 250 manatlıq əskinaslar tədavülə buraxılıb. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində lAzerbaydcanskaə Respublika» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.

1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta - manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

Azərbaycan bolşevik Rusiyası tərəfindən yenidən işğal olunduqdan sonra 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından ikinci pul emissiyası həyata keçirilib. Bu emissiya çərçivəsində birinci əskinas - 1.000 rubl (böyük formatda), sonra isə 5 (2 variantda), 100 (2 variantda) və 1.000 (kiçik formatda) manatlıq, 1921-ci ildə isə yeni dizaynla dörd yeni nominal - 5.000, 10.000, 25.000 (2 variantda) və 50.000 manatlıq əskinaslar tədavülə buraxılıb.

Azərbaycan Sovet Sosialist Respublikasının 1920-23-cü illərdə həyata keçirdiyi emissiyasının əskinaslarının üzərində onların dəyəri Azərbaycan dilində manatla, rusca isə rublla göstərilmişdi. Bütün əskinaslarda dövlət atributlarının elementləri - “aypara və ulduz”, “oraq və çəkic” təsvir edilmiş, üzərində buraxdığı tarix əks olunmuşdu.

1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olub. Bu dövrdə ZSFSR-in pul təsərrüfatı dövriyyəyə dünya pul tədavülü tarixində yalnız bir dəfə 10 milyard nominallı əskinas buraxması ilə xarakterikdir.

ZSFSR pul vahidləri Azərbaycan, Gürcüstan və Ermənistanda dövriyyədə olub. Bu üç respublika arasında iqtisadi durum Azərbaycanda yüksək olduğundan Azərbaycan manatı - ZSFSR rublundan dəyərli idi.

1923-cü ildə SSRİ Dövlət Bankı yaradıldı və onun Bakı filialı açıldı, bununla da Azərbaycanın bank sistemi Moskvadan idarə olunmağa başlandı. 1936-cı ildə SSRİ-nin qəbul edilmiş Konstitusiyasına əsasən, Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ Dövlət Bankının Azərbaycan filialı 1991-ci ilədək fəaliyyət göstərdi və SSRİ məkanında vahid valyuta funksiyasını sovet rublu həyata keçirdi.

Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib.

Ötən əsrin 90-cı illərində müstəqillik əldə edən Azərbaycanda milli valyutanın dövriyyəyə buraxılması Prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı əsasında həyata keçirilib. İlkin mərhələdə 1, 10 və 250 manatlıq əskinaslar, 1992-ci ilin noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb.

Azərbaycan manatı 27 yaşında ile ilgili görsel sonucu

Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib.

Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

90-cı illər, 2000-ci illərin əvvəllərində iqtisadi problemlər milli valyutanın dəyərsizləşməsinə səbəb olub. 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti tərəfindən 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 000 manatlıq əskinaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əskinasın yeni dizaynda hazırlanmasını həyata keçirib.

Ümumilikdə Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində təxminən 5,239 trilyon manatlıq 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən çıxarılıb.

Azərbaycan manatı 27 yaşında ile ilgili görsel sonucu

2005-ci il fevralın 7-də Prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100, 200 ekvivalentində olan əskinaslardan və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanlarından ibarətdir.

Azərbaycan manatı 27 yaşında ile ilgili görsel sonucu

Bir müddət Cənubi Qafqazın ən güclü və sabit valyutası kimi qiymətləndirilən Azərbaycan manatı neftin dünya bazar qiymətinin kəskin ucuzlaşması nəticəsində 2015-ci il fevralın 21-də güclü məzənnə dəyişikliyinə məruz qalıb. Mərkəzi Bank milli valyutanın 34 faiz ucuzlaşdırılmasına qərar verib. Daha sonra həmin il dekabrın 21-də manat yenidən dəyərsizləşib. Beləliklə, 1 dollar 0,78 manatdan 1,90 manata qədər bahalaşıb. 2017-ci il fevralın 1-2-də 1 dollar 1,92 manata bərabər olub. 2016-cı il mayın 25-26-da isə dolların qiyməti minimum həddə - 1,49 manata düşüb.

Hazırda rəsmi məzənnə 2018-ci ilin martından bəri dəyişməyərək 1 dollar 1,7 manata bərabərdir. (Musavat.com)