Əməkdar müəllim, muğam ifaçısı Qəzənfər Abbasovun AzNews.az-a müsahibəsi Əməkdar müəllim, muğam ifaçısı Qəzənfər Abbasovun AzNews.az-a müsahibəsi

Tanınmış xanəndə müğənniyə əsəbiləşdi: “Ay yazıq, gözlərinə pərdə gəlib...” - MÜSAHİBƏ

Əməkdar müəllim, muğam ifaçısı Qəzənfər Abbasovun AzNews.az-a müsahibəsi

- Qəzənfər müəllim, hər il tədris ili başlayanda müəllimlər dərs saatlarının azalmasından gileylənirlər. Bu il dərs saatlarında bir dəyişiklik oldumu?

- Əvvəlcə qeyd edim ki, muğam öyrətmək üçün yeganə yol tədrisdən keçir. Canımızı bu yolda fəda edirik. Tələbələr, qaval, bir də səsimiz... Builki tədrisdə dərs saatlarımı bir az da artırdılar. Sağ olsun Siyavuş Kərimini, dedi ki, Qəzənfər müəllimin qazancı dərsdən çıxır, onun dərs saatlarını artırmaq lazımdır.
Bilirsiniz, ötən il Azərbaycan Milli Konservatoriyasında vəziyyət qəfildən dəyişdi, ixtisar getdi, çox adam işdən çıxdı...

- Yeri gəlmişkən, əməkdar artist Cabir Abdullayev və Əhsən Əhmədov işdən çıxarılması ilə bağlı mətbuata açıqlama da vermişdilər...

- Cabir Abdullayevin və Əhsən Əhmədovun dərs saatları bizim sayəmizdə qaytarıldı. Mənsum İbrahimov dərs saatlarını kəsib Cabir Abdullayevə verdi, mən isə Əhsən müəllimə. Bu üzdən də Mənsum İbrahimovla mənim dərs saatlarım azaldı. Bu haqda mətbuatda çox söz-söhbət getdi. Əhsən müəllim də bir az çığır-bağır saldı. Amma qanuna qalsaydı, yəni biz dərs saatlarımızı bölməsəydik, onlar işdən çıxacaqdılar. Burada ən çox zərər bizə dəydi. Onu da qeyd edim ki, onlar çox yaxşı yoldaşlardır.

- İndi elə zəmanəyə gəlmişik ki, yaxılıq tez unudulur. Bəs onlar sizin bu humanist addımınızı necə qiymətləndirirlər?

- Əlbəttə. Əhsən müəllim mənim haqqımda həmişə deyir bunu. Yəqin ki, Cabir müəllim də Mənsum İbrahimovu qiymətləndirər.

- Növbəti “Muğam”müsabiqəsi nə vaxt olacaq?

- Bu barədə məlumatım yoxdu. Qəflətən elan verəcəklər. Ancaq biz yenə də öz işimizi görürük. Müsabiqədə iştirak edəcək şəxsləri artıq seçmişik. Daha onların seçim turundan keçib-keçməyəcəkləri özlərindən asılıdır.

- Müğənni Elçin Cəfərov muğam ifaçılarını saçlarını boyamaqda ittiham edib. Bununla bağlı nə deyə bilərsiniz?

- Xanəndələr saçlarını rəngləyirsə, bəs o harasını rəngləyir? Muğam ifaçılarından kim saçını boyayır? Arif Babayev, Əlibaba Məmmədovun saçı ağappaqdır. Zabit Nəbizadə, Alim Qasımov, Mənsum İbrahimov, Cabir Abdullayev, Firuz Səxavətin də çaçı ağlı-qaralıdır. Bundan başqa kim var? Elçin kimi deyir? Konkret ad çəksin. Xanəndələr sizin kimi dizini yerə qoyub sürünərək pul qazanmır. Bizim saçımızı günəş qızardır. Ay yazıq, gözlərinə pərdə gəlib...
Bir də ki, saç boyaması hər kəsin şəxsi işidir. Səhnə gözəllik sevir. Əgər səhnəyə eybəcər bir adam çıxsa, ona kim baxacaq? Səhnə gözəllik tələb edir. Şəxsən mən, ömrümdə saçıma rəng vurmamışam. Saçım ağdır, küçəyə də belə çıxıram. Heç kəs də məni pis qarşılamır.

- Bəs sənət adamlarının estetik əməliyyat keçirməsinə neçə baxırsınız?

- Pis baxmıram. Hər sey səhnə üçün edilir. Estetik əməliyyat indi dəb halını alıb. Adi vətəndaşlar da buna üstünük verirlər. Biz demokratik respublikada yaşayırıq. Azad insana heç nəyi qadağan etmək olmaz. Buna qanunlarımız da yol vermir. Heç kəsi təhqir etmək olmaz. Bu cinayətdir.

- Tələbəniz Nigar Şabanova Özbəkistanda keçirilən muğam festivalından uğurla qayıdıb, birinci yeri tutub...

- Onun uğuru, həm də mənim uğurumdur. Bülbül adına məktəbdə mənim şagirdim olub. Sonra xalq artisti Mələkxanım Əyyubovadan dərs alıb. “Muğam” müsabiqəsində isə mən onu hazırladım. Fürsətdən istifadə edib, sizin saytınız vasitəsilə də Nigar xanımı Özbəkstanda keçirilən muğam müsabiqəsində birincilik qazandığı üçün təbrik edirəm. Bu xəbər məni çox sevindirdi. Gün o gün olsun, Şuşada, Laçında oxusunlar...

Bahar RÜSTƏMLİ
AzNews.az