Hər kəs istədiyi qədər maaşını alıb. Hər kəs istədiyi qədər maaşını alıb.

“Təhminə və Zaur” maaş qalmaqalı ilə bitdi - FOTO

Hər kəs istədiyi qədər maaşını alıb.

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz rol aldığı “Təhminə və Zaur” serialını ərsəyə gətirən şirkəti sosial şəbəkədə sərt tənqid edib.

O, qonorarını ala bilmədiyini deyib: “Bu məmləkətdə hər şey belədir, kimlərlə yaxşı olursan, həvəslə işə girişirsən, iş gördüyün insanlar səni hər şeydən iyrəndirir. Bir işi kişi kimi görmək lazımdır. Yalanla aktyor aldatmazlar. Yeganə millətik ki, aktyora pul verməyə can çəkirik. Əziyyət çəkən bizik, səhər tezdən çəkilişə gedirik, canımız çıxır, sonda da belə olur. Sözümü həmişə açıq demişəm. Hamını yığıb kişi kimi hallalaşmağı bacarmadınız. Heç nəyi halal etmirəm. Yeni işlərinizdə yarıda qoyduğunuz aktyorların nəfsi var. Bu sezon iki serialdan imtina etmişdim. Camaat gözünü nəyəsə dikir, plan qurur, ev təmir edir, kredit götürür, övlad oxudur. Şəxsiyyət olmağı bacarın, sonra işlər görün!”

Mövzu ilə bağlı şirkətin rəhbəri Rüstəm Əliyev də fikrini açıqlayıb.

O bildirib ki, serial bağlanmayıb, hekayə bitdiyi üçün bitib: “Hekayə bitdi, biz də serialı sonlandırdıq. Serial bağlanmayıb, insanlar səhv başa düşməsin. Biz aktyor heyəti ilə müqavilə bağlamışdıq. Çünki işimizi sağlama almalı idik. Bir gün bir aktyor gəlməyəndə bütün heyət işsiz qalır. Ona görə müqavilə əsasında iş görürük. Bu da tam peşəkar addımdır. Düzdür, xəstəlik, ölüm-itim olanda biz anlayırıq və icazə veririk. Amma serialın ortasında bir aktyor gəlir ki, filan serial daha çox pul verir, gedirəm. bu cür addımların qarşısını almaq üçün müqaviləmizi bağlayırıq. Serialın hekayəsi bitdi, biz heç cür uzada bilməzdik. Mənasız uzatmalar tamaşaçıları da yorur. Bu onlara hörmətsizlikdir”.

R.Əliyev Cavidan Novruzun maaşları ala bilməməli barədə açıqlamalarına münasibət bildirib: “Bizdə maaşlar ayın 20-dən 20-ə verilir. Dünən də hər kəs maaşını alıb. Heç kimin haqqını yeməmişik. Hər kəs istədiyi qədər maaşını alıb. Kimsə serialda illərlə çəkiləcəyini düşünürdüsə, bu bizim problemimiz deyil. Heç kimi öhdəliyimizə götürməmişik”.

O bildirib ki, hazırda yeni serialın çəkilişlərinə başlayacaqlar: “Tezliklə, çəkilişlər başlayacaq və biz tamaşaçıların qarşısına yeni, fərqli işlə çıxacağıq”. (Musavat.com)