"Hər bir obrazda müxtəlif xüsusiyyətlər tapıram" "Hər bir obrazda müxtəlif xüsusiyyətlər tapıram"

"Cəmiyyət onu qəbul etmir" - İntellekti ilə seçilən opera sənətçisi İlahə Əfəndiyeva

"Hər bir obrazda müxtəlif xüsusiyyətlər tapıram"

Opera və Balet Teatrının solisti, əməkdar artist İlahə Əfəndiyeva AzNews.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- İlahə xanım, hazırda Opera və Balet Teatrında hansı obrazları canlandırırsınız?

- Səsimə uyğun olan partiyaları ifa edirəm. "Koroğlu"da “Nigar”, “Şah İsmayıl"da “Gülzar”, “Sevil”də “Sevil”, “Traviata” da “Violetta”, “Aida”da “Aida”, “Tosko”da “Tosko” və bir çox obrazları canlandırıram. Gələn ay isə “Karmen” operasında “Mikaela”nı ifa edəcəm. Teatrda ifalarım çoxdur.

- Bir neçə obrazınızın adını qeyd etdiniz. Maraqlıdır ki, cəmiyyətimizdə hansı obraza daha çox rast gəlmək mümkündür?

- Obrazlar müxtəlifdir və hər birinin öz xüsusiyyətləri var.

- Xüsusilə, hansı obrazın adını çəkə bilərsiniz?

- Fikrət Əmirovun eyniadlı dram əsasında yazdığı "Sevil" operası sanki bu gün üçün yazılıb. Ətrafımızda “Sevil” və “Balaş”lar çoxdur. Yaşadığı mühit Sevili çox dəyişir. “Traviata”da “Violleta” əxlaqsız bir həyat tərzi yaşayır. Ətraf mühit ona pis yanaşır. Amma buna baxmayaq onun o qədər böyük ürəyi olur ki, sonda sevgi qalib gəlir. Öz sevgisini tapır. Cəmiyyət onu qəbul etmir. Burada insanın kimliyindən asılı olmayaraq onun daxili zənginliyi göstərilir. Violleta başqa yolun yolçusu olmasına baxmayaraq verdiyi qurbanları hər qadın etməz.

- Hansı obrazı öz dünyagörüşünüzə daha yaxın hesab edirsiniz?

- Hər bir obrazda müxtəlif xüsusiyyətlər tapıram. Hətta yad bir obrazı belə işləyəndə onu anlamağa çalışıram. “Sevil”, “Nigar”, “Aida”, “Toska” obrazı mənə çox yaxındır. Xüsusilə “Toska” mənə çox yaxın olduğuna görə, onu asanlıqla təkbaşına öhdəsindən gəldim.

- Siz səhnədə ifa ilə yanaşı obraz da canlandırırsınız. Sizin üçün ifa etmək, yoxsa obraz canlandırmaq daha çətindir?

- Ona görə də hər ifaçı Opera və Balet Teatrında ifa etmir, istər vokalist, istərsə də muğam ifaçısı olsun. Biz bunu tələbəlik illərindən öyrənirik. Səhnədə ifadan əlavə aktyorluq öyrədilir. Obrazı canlandırmaq hər ifaçıda alınmır. Hərdən görürsən ki, ifaçı opera oxuyur, amma heykəl kimi bir yerdə dayanır. Obrazı lazımı qədər yerinə yetirə bilmir. Mümkün qədər səhnədə səsə mane olmadan obraza girməlisən. Əlbəttə ki, Opera və Balet Tetarında səs birinci yerdə gəlir. Səs opera səhnəsinə uyğun olmalıdır, klassika, səhnə görünüşü və s.

Ən əsası ifa etdiyimiz ifaya uyğun obraza girməliyik. Artıq hərəkətlər yersizdir və tamaşaçını itirməyə səbəb ola bilər.

- İlahə xanım, bir çox aktrisanı daim eyni obrazda görürük. İfaçı üçün zamanla eyni obrazı canlandırmağın nəticəsi necə olur?

- Bu, çox geniş mövzudur. Opera hər dəqiqə yazılan janr deyil və biz eyni obrazı mütəmadi olaraq canlandırırıq. Opera janrı az-az yazılır və çox çətin janrdır. Məsələn, “Aida” obrazını götürək. Hər dəfə aktrisa onu fərqli emosiya ilə oynayır. Eyni obrazı dəfələrlə oynasan belə ayrı-ayrı hisslərlə oynayırsan. Hər ifada yenilik olur. Mən hansısa partiyanı ifa edən zaman hər dəfə yenilik gətirirəm, həm texniki səhnə, həm də psixoloji baxımdan. İfaçı hər zaman işlək formada olmalıdır.

- Əvvələr Opera və Balet Teatrının tamaşaçıları daha çox rus dillilər idi. Teatra azərbaycanlılar az gedirdi. Hazırda bu balans dəyişibmi?

- Hər bir teatrın öz tamaşaçı kütləsi var, operanın öz sevənləri var. Tamaşaçılar daim afişaya baxırlar, hansı obrazın kim tərəfdən ifa edilməsi və s. maraqlanırlar. Hazırda şikayətlənmək olmaz. Opera və Balet Tearında əcnəbiləri görməyə öyrəşmişik. Buna səbəb isə operanın bizə gəlmə bir janr olmasıdır. Amma hər zaman zalımız tamaşaçılarla dolu olur. Əvvələr rus dillilər, indi isə azərbaycan dillilər çoxalıb. Buna çox sevinirəm.

- Rus dillilərdən söz düşmüşkən, son zamanlar sosial şəbəkələrdə baş verən hadisələrə görə rus dillilərin daha azad, gecə həyatına düşkün olması, mənfi hadisələrin onlar arasında baş verdiyini deyirlər. Bir rus dilli xanım kimi sizin fikriniz maraqlıdır...

- Bəli, mən də rus dilliyəm, ancaq gecə həyatım yoxdur (gülür). Bunlar yalan söhbətlərdir. Bu cür yanaşma tərzini qəbul eləmirəm. Hər millətin yaxşısı da var, pisi də. Azərbaycan xalqı ziyalı xalqdır. Öz sənətləri ilə ölkə hüdudlarından kənarda böyük yer tuturlar. Müslüm Maqomayev, Rəşid Behbudov rus dilli olublar. Eləcə də Çingiz Abdullayev rus dillidir. Buna nümunə olaraq çox ad çəkə bilərəm. Əlbəttə ki, övladlarımıza bir neçə dil öyrənməyi tövsiyə etməliyik. Artıq gənclərimizin çoxu bir neçə dildə danışır.

- Mütaliə ilə münasibətiniz necədir?

- Mütaliəni çox sevirəm. Peşəsindən asılı olmayaraq hər kəs mütaliə etməlidir. Hərdən kitab oxumağa vaxtım az olur, qastrolda oluram, ailəliyəm, iki övladım var. Bünün bunlara vaxt çatdırmaq böyük işdir. Amma buna baxmayaraq kitabla maraqlanıram, oxuyuram. Kitaba sevgi uşaqlıq illərimdən yaranıb.

- Məsələn, Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" əsərini oxumusunuz?

- Əlbəttə, oxumuşam. Ümumiyyətlə, Viktor Hüqonunun əsərlərini uşaqlıq illərindən çox sevmişəm. Təbii ki, uşaqlıq illərində opera ifaçısı olacağımı bilmirdim. Amma opera sənətinə gələndə fəaliyyətimin ikinci ili Viktor Hüqonun “Kral əylənir” əsəri əsasında hazırlanan tamaşada oynadım. Əsəri oxuduğumdan obrazı canlandırmaq mənə çox asan gəldi.

- Bir neçə gün əvvəl aktyor Vladimir Zelenski Ukryana prezidenti seçildi. Ümumiyyətlə, incəsənət adamlarının prezident olmasına necə baxırsınız?

- Bəyəm, aktyor prezident ola bilməz? Ronald Reyqan da aktyor olub. Bu, normal haldır. Vladimir Zelenskinin prezidentliyi nə dərəcədə yerinə yetirəcəyi başqa mövzudur. Mənim fikrimə gəlincə yaxşı olacaq. Hansı peşənin sahibi olmasından asılı olmayaraq, prezident ağıl, savad, qətiyyət və nüfuz sahibi olmalıdır.

Rəqsanə Həsənova

AzNews.az

image description image description image description image description image description image description