"Kişidə ən çox qiymət verdiyim xarakter dürüstlükdür" "Kişidə ən çox qiymət verdiyim xarakter dürüstlükdür"

“Qızım olmasını çox istəyirəm” - Məşhur subay aparıcı Aydan Axundova

"Kişidə ən çox qiymət verdiyim xarakter dürüstlükdür"

Məşhur aparıcı Aydan Axundova AzNews.az-a müsahibə verib.

- Aydan xanım, Xəzər TV-dən sonra fəaliyyətinizə uzun müddət fasilə verdiniz. Hazırda AzTV-də yayımlanan “Sözüm var Aydan Axundova ilə” verilişi ilə fəaliyyətinizə başladınız. Bu ideya necə yarandı?

- İdeya rejissor Rüfət Nəzərli tərəfindən yaranıb. O, Xəzər televiziyasında verilişimin rejissoru olub. Veriliş türk telekanalında yayımlanan "Şəffaf oda" əsasındadır. Verilişə məşhurlarla yanaşı başqa sahədə tanınan insanlar da dəvət edilirlər və onların bilinməyən tərəfləri təqdim edilir. Məsələn, dövlət qulluğunda çalışan bir şəxsin incəsənət tərəfini açmağa çalışacağıq. İkinci verilişimizdə bu daha aydın özünü göstərəcək. Rejissor Rüfət belə bir ideyasının olduğunu dedi və komandasını yığaraq məni aparıcı kimi dəvət etdi. Layihəni AzTV-də proqramlar departamentinin rəhbərinin müavini Süleyman Məmmədova təqdim etdik. O da böyük məmnuniyyətlə təklifimizi qəbul elədi və beləliklə başladıq.

- Məşhurlarla yanaşı dövlət qulluğunda çalışan şəxslərin də iştirak etdiyini dediniz. Maraqlıdır ki, hansı sahədə çalışanları nəzərdə tutursunuz?

- Verilişimizin ikinci qonağı Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevdir. O həm idmançı, həm də polkovnikdir. İnsanlar üçün maraqlıdır. AzTV-də işləmək mənim üçün qürurvericidir. Hər zaman dövlət televiziyasında işləməyi arzu etmişəm.

- Verilişinizin ilk qonağı əməkdar artist Röya Ayxan oldu. O, çox verilişlərə çıxmır. Necə oldu dəvətinizi qəbul etdi?

- Bəli, Röya xanım çox verilişlərə çıxmır. O, mənim rəfiqəmdir. Ona dedim ki, ilk verilişimdir və orkestrinlə canlı çıxış edə biləcək. Röya xanım da sağ olsun, dəvətimizi məmnuniyyətlə qəbul elədi. Ayrıca olaraq ona təşəkkürümü bildirirəm. Verilişimizin mövzusu dostluq idi. Röya dostluğu bacaran insandır. Dostluqdan mövzu qoyanda ilk olaraq ağlıma o gəldi. Veriliş həftədə bir dəfə bazar günləri səhər saat 11:00-da yayımlanacaq.

- Bir müddət iş xanımı kimi fəaliyyət göstərdiniz...

- Mağazada rəhbər idim. O dönəm mənim üçün çox maraqlı idi. Amma hazırda dövlət işində işləyirəm. İş qrafikimə uyğun olaraq səhərdən axşama qədər orada olmuram. Ona görə də televiziyada fəaliyyətimə davam edə bilirəm. Gündəlik veriliş olmadığı üçün mənə belə sərf edir və eyni zamanda iki sahədə işləyə bilirəm.

- Niyə fəaliyyətinizə bu qədər fasilə verdiniz?

- Düzünü deyim, televiziyadan uzaqlaşmaq istəyirdim və qətiyyən qayıtmaq istəmirdim. Hazırda bir çox aparıcıların fəaliyyətindən razı deyiləm. Özündən razı kimi səslənməsin, amma özümü onlarla bir yerdə görmək istəmirəm.

- Bu dönəmdə həyatınızda nələr baş verdi?

- Başqa sahələrdə çalışdım, çoxlu dostlar qazandım. Əhatə dairəm genişləndi. Əslində elə bir dəyişiklik olmadı.

- Məşhurlar televiziyadan uzaqlaşandan sonra unudulurlar. Sizdə bu mərhələ necə keçdi?

- Əslində, televiziyada işləyəndə belə rəfiqələrimlə harasa gedən zaman unuduram ki, efir adamıyam. Bu həmişə belə olub. Mən aparıcıyam, hamı məni tanıyır və s. kimi heç zaman belə düşüncədə olmamışam.

- Sizi özündən razı aparıcı kimi tanıyırdım. Bu qədər səmimi və mehriban olduğunuzu bilmirdim...

- Mənə hər kəs elə deyir... Amma xarakterimi biləndən sonra fikrini dəyişirlər. Ümumiyyətlə, ilk tanıdığım adamla tam səmimi ola bilmirəm. O insanı ən azından bir-iki cümlə ilə də olsa tanımalıyam ki, görüm necə insandır. Səmimi insanla səmimi oluram, özündən razı insanı isə saymıram (gülür). Mənə necə olurlarsa, onun iki qatını qaytarıram.

- Mağaza sizin idi?

- Xeyr, şəxsi mağazam deyildi. Sadəcə olaraq orada rəhbər idim. Mağazada hər şeyi idarə edirdim.

- İnstagramda belə çox aktiv deyilsiniz...

- Şəxsi İnstagram səhifəmdə sadəcə dostlarımdır. Efirə qayıdandan sonra hamı mənə dedi ki, İnstagram səhifəsi aç. Görürsən, hamı İnstagram səhifəsində "Follow” ilə fəxr edir. İnanın məndə heç vaxt belə düşüncə olmayıb ki, pul verim, izləyici sayını artırım. Axı nəyə görə? İzləyici varsa və səni izləmək istəyirsə, izləyəcək. İstəmirsə, nə məcburdur ki, izləyici sayını artırasan. Bu rəqabət mənə çatmır. İnstagramda açıq profil açmışam, amma o qədər də aktiv deyiləm. Hər gün hər şey paylaşmıram.

- Məshurlar sosial şəbəkədə tənqid edilməkdən şikayətlənirlər. Sizin aktiv olmamağınıza səbəb nədir? Tənqidlərdən çəkinirsiniz?

- Düzünü deyim ki, məni heç zaman tənqid etməyiblər. Yəqin ki, özüm buna imkan verməmişəm. Bu, insanın özündən asılıdır. Nəsə açıq şəkil paylaşarsan yaxud da insanları qıcıqlandıran bir hərəkət edərsən ki, tənqid edərlər. Mənə sadəcə yazıblar ki, “Sənə filan geyim yaraşmır” və s. Heç vaxt nə tənqid, nə də təhqir ediblər. Əksinə mənə yazıblar ki, “Sizin üçün darıxmışdıq”, “Yaxşı ki, qayıtmısınız” və s. Bu, mənə xoş olur.

- Aydan xanım subaysınız?

- Bəli, xalis subayam (gülür).

- Niyə evlənmirsiniz?

- Mənə bu sualı çox verirlər. Bu vaxta qədər niyə subay qalmısınız? Heç zaman evli olmamısınız və s. Heç vaxt evli olmamışam. Və qismət belə alınıb. Mütləq ailə qurmağı düşünürəm, övladımın, xüsusilə qızımın olmasını çox istəyirəm. Çünki anaya qızından yaxın heç kim yoxdur. Bunu öz anamdan, özümdən görürəm.

- Şou-biznes nümayəndələrindən sevgi etiraf edənlər çox olub?

- Hər sahədən olub.

- Niyə qəbul etmirsiniz?

- Hər zaman qeyd edirəm ki, kişidə ən çox qiymət verdiyim xarakter dürüstlükdür. Ətrafdan da görürük ki, kişilərdə dürüstlük azalıb. Ona görə də bir az qorxuram. Kişilərə inamım yoxdur.

- Bu təcrübəni yaşadığınız üçün kişilərə inamınız itib?

- Hər halda bu yaşa gəlmişəm və müəyyən bir həyat təcrübəm var. Həyatda yaxşı insanlar da az deyil.

Rəqsanə

AzNews.az

image description image description image description image description