"Röya hələ məni İnstagramda “blok”dan çıxarsın..." - Elnarə Xəlilova

Röya hələ məni İnstagramda “blok”dan çıxarsın, qalsın klip paylaşmaq...

Məşhur müğənni Elnarə Xəlilova AzNews.az saytına müsahibə verib.

- Bir neçə gün öncə "Sonuncu zəng" adlı mahnıya çəkdirdiyiniz klipi təqdim etdiniz...

- Bəli, yeni “Sonuncu zəng" adlı mahnıya klip çəkdirdim. Klipin rejissoru Nail Naiboğludur. Çəkilişlər Bakıda və Atçılıq Federasiyasında baş tutdu.

- Sirr deyilsə, klipin büdcəsi nə qədərdi?

- O haqda danışmaq istəmirəm (gülür).

- Son zamanlar daha çox bayağı mahnılar dəbdədir. İnsanlar Şəbnəm Tovuzlu və Damlanı dinləyirlər. Necə düşünürsünüz, bu mahnı istədiyiniz nəticəni verəcək?

- Mən heç nə deyə bilmərəm. Allah hamının ruzisini özünə versin. Mənim haqqım da yoxdur ki, bunu belə oxuma, deyim! Sadəcə özümə deyə bilərəm ki, Elnarə bunu belə oxu. "Sonuncu zəng" adlı mahnını ifa etdim və yeni klipimi təqdim etdim. Bu, bir nümunədir. Bu musiqini, ifa tərzini diqtə edirəm. Kim bundan nəticə çıxarırsa, nə xoş mənim halıma. Mən ancaq sevinə bilərəm ki, keyfiyyətli iş ortaya qoydum və məndə alındı. Amma yenə deyirəm, zövq məsələsidir. Heç kimi məcbur edə bilmərəm ki, bu mahnını dinləməlisiniz. Dəqiq deyə bilərəm ki, mahnımı nə Damla, nə də Şəbnəmin tamaşaçısına bəyəndirə bilmərəm.

Nə qədər belə işlər çox olsa, tərəzinin bu gözü çox gələr. Amma güclə dinlədə, bəyəndirə bilmərəm. Mən sadəcə tamaşaçımın məndən istədiyini ona verdim. İllərdir deyirlər ki, əvvəlki Elnarə geri gəlsin. Bu, bir cavab idi, amma sonra nə olacaq, bilmirəm.

- Mənə maraqlıdır ki, Damla ilə Şəbnəm Tovuzlunun ifa etdiyi mahnıları dinləyirsiniz?

- İnformasiya əldə etmək, bu bazarda baş verənləri bilmək üçün dinləyirəm. Məsələn, İnstagramda qarşıma çıxır, bir dəqiqə dinləyə bilərəm. Konservatoriyada təhsil almışam. Əlbəttə ki, ölənəcən də öyrənməliyik, amma özümdən təcrübəcə böyük musiqiçilərdən bəhrələnirəm.

- Niyə hazırda şou-biznesdə əvvəlki iddia yoxdur. Əvvələr Aygün Kazımova və Röya Ayxan arasında bir nömrə olmaq üçün rəqabət gedirdi. Son zamanlar heç bir müğənni arasında belə rəqabət yoxdur.

- Belə rəqabət lazım deyil. Bu ajiotajı yaratmaq nəyə lazımdır? İnsan bəlli bir yaşa gəldikdən sonra başa düşür ki, bu, mənə lazımdır?

- Üzvü olduğunuz keçmiş "W-trio" qrupundan özünüzü, Röya Ayxanı, yoxsa Natavan Həbibini nömrə bir hesab edirsiniz?

- Sənətdə iş görməsinə görə?

- Bəli.

- Aramızda işi ən çox Röya Ayxan görür. Bu, bir həqiqətdir. Hamıdan çox mahnını o oxuyub, klip çəkdirib. Bunu deməmək, danmaq düzgün deyil. Fakt odur ki, bu, belədir. Ona görə demək lazımdır.

- Düşünürəm ki, Natavan Həbibi sizin kimi səmimi cavab verməyəcəkdi.

- Biz çox şey deyə bilərik, fakt faktlığında qalır. Röyada konsertlərin sayı çoxdur. Bunu mütləq demək lazımdır.

- Bir müddət öncə Röya Ayxan 5/5 verilişində sizin haqqınızda “Piyləri kəsilməlidir. Üzdən çox qəşəngdir” dedi. Siz plastik cərrah olsaydınız, Röya Ayxanda nəyi dəyişərdiniz?

- Görürsünüz ki, çox düşündüm. Məni onun görünüşü ilə bağlı heç nə narahat etmir. Bəlkə düşüncələrini, həyata baxışını, qəlbini dəyişərdim. Mənim əvvəlki tanıdığım Röya ilə indiki arasında çox fərq var. Ola bilsin ki, həyat onu dəyişib. Ulduzluq həyat tərzi var və məcburən o qəlibə düşürsən. O hamımızda var. Maskanı taxırsan və ulduzsan. Heç kim sənə yaxın gəlməsin, münasibət saxlamasın və s. Amma müəyyən yaxın, doğma insanlar var ki, onlardan yad münasibət görmək istəmirsən. Görəndə də inciyirsən. Biz bir qabda yemək yemişik, bir yastığa baş qoymuşuq. Amma yenə də mən Röya başda olmaqla heç kimdən küsmürəm, incimirəm. Bu indiki zəmanədə məndə də elədir. Mənim də işlərim çox olur, vaxtım olmur. Röya mənə desə ki, axşam görüşək, sənin üçün darıxmışam. Bəlkə də mən ona deyəcəm ki, vaxtım yoxdur.

- Röya Ayxan ilə sonuncu dəfə nə zaman görüşmüsünüz? Ümumiyyətlə, telefonla əlaqə saxlayırsınız?

- Xeyr, danışmırıq. Mənim ondan elə bir incikliyim yoxdur. Eləcə də Natavandan inciyə bilmirəm. Bu, məndən asılı deyil. Onlara qarşı qəribə bağlılığım var. Uşaqlığımız bir yerdə keçib. Biz bir peraşkini yarı bölüb yemişik.

Kasıbçılığı, yoxluğu görmüşük. Ona görə də neynəsələr də hər ikisi müsbəti və mənfisiylə mənim qəbulumdur. Yenə də başım üzərində yerləri var.

- Natavan Həbibidən söz düşmüşkən, onda nəyi dəyişmək istərdiniz?

- Artıq Natavanda heç nəyi. Natavan özü-özünü dəyişdi. Analıq ona çox yaraşır. Hamiləlik vaxtı çox pozitiv olmuşdu, üzü gülürdü. İnstagramda paylaşımlarından bilirdin ki, xoşbəxtdir. Ona görə hazırda ona ancaq xoşbəxtlik arzu edirəm. Allah övladını başacan versin.

- Onunla münasibət yaxşıdır?

- Əlbəttə ki, münasibətimiz yaxşıdır. Bu gün də mənə yazmışdı ki, klipini İnstagramda paylaşıb.

- Röya Ayxandan sosial şəbəkədə sizin klipinizi paylaşmasını gözləyirsiniz?

- Röya hələ məni İnstagramda “blok”dan çıxarsın, qalsın klip paylaşmaq...

Belə bir söz var: “Uman yerdən küsərlər”. İnsan belə münasibət görəndə özünə qapanır. Pərişan olursan, küsürsən. Düşünürsən ki, belə olmamalı idi. Axı mən heç nə eləmədim.

- Sizin Röya xanımla küsülü olmağınıza səbəb “Mənə sevgindən bəhs et” mahnısı səbəb olub. Mahnını Uitni Hyustonun “I have nothing” mahnısına bənzətmişdiniz.

- Bəli.

- Sonra barışıq üçün cəhd olmadı?

- Düzünü deyim, biz ondan sonra görüşməmişik.

Hətta verilişdə “Elnarənin piylərini kəsərəm” sözündə məhəbbət hiss elədim. Onu böyük sevgiylə dedi. Axı mən onu yaxşı tanıyıram. Onun səsinin tembrindəki sevgini hiss elədim . Biz nə zamansa qarşılaşsaq öpüşəcəyik, görüşəcəyik. Məndə kin yoxdur və ola da bilməz. Yenə də başım üzərlərində yerləri var.

Rəqsanə Həsənova

AzNews.az

image description image description image description image description image description image description