Karib adalarından tutmuş, Seyşel adalarına qədər gəzmişəm Karib adalarından tutmuş, Seyşel adalarına qədər gəzmişəm

Təyyarədə qəza vəziyyətinə düşdüm - Murad Dadaşov

Karib adalarından tutmuş, Seyşel adalarına qədər gəzmişəm

Xalq artisti Murad Dadaşov AzNews.az saytının "Gəl Danış" adlı yeni layihəsinin ilk qonağı olub.

Layihə çərçivəsində məşhurlar istirahət etdiyi ölkələr haqda məlumat verəcəklər. İtaliyada istirahət edən müsahibim bu ölkə haqqında fikirlərini bizimlə bölüşüb.

- Murad bəy, istirahət üçün ölkə seçərkən ilk öncə hansı meyarlara üstünlük verirsiniz?

- Son zamanlar məsafə qısa olan ölkələri seçməyə çalışıram. Mən çox səyahət edən insan olmuşam. Amerikaya bir günə gedib, gələn insanlardan biriyəm. Elə zaman olub səhər gəlib, axşam qayıtmışam, 12 saat o tərəf, 12 saat bu tərəfə. Hətta təyyarədə çalışanlar təəccüblənirdilər ki, səhər bizimlə gəlmisiniz. Bir müddət əvvəl təyyarədə qəza vəziyyətinə düşdüm, ona görə də son zamanlar uçuşlarda çox narahat oluram. İstirahətə gedən zaman əsas meyar qısa məsafə olmasına üstünlük verirəm.

- Qəza nə zaman və necə baş verdi?

- İki il öncə ailə üzvlərimlə Londondan İstanbula gedərkən şimşək bir neçə dəfə təyyarəni vurdu. Qış fəsli idi və şimşəyin necə baş verdiyinə təəccübləndim. Hava da çox pis idi. Hətta həmin ərəfədə İstanbulda bir neçə uçuş təxirə salınmışdı. Təyyarə anında eniş etdi. O hadisədən sonra təyyarə ilə çox böyük qorxuyla uçuram.

- İstirahət üçün İtaliyaya getdiniz. Maraqlıdır ki, orada xüsusi olaraq nə diqqətinizi çəkdi?

- İtaliya çox qədim ölkədir. Oraya gedən hər bir azərbaycanlı dərk edir ki, bizim ölkələrimiz emosional vəziyyətə və mətbəxinə görə çox yaxındır. İtaliya mənim üçün doğma ölkədir, orada həyatımın çox gözəl anları keçib. Amma bu dəfə İtaliyaya təsadüfən getdim. İsveçrəyə gedirdim, havaya görə təsadüfən Cenevo şəhərində eniş etdim. İtaliyaya səyahətim məhz belə bir səfər nəticəsində baş tutdu. İtaliyanın şəhərlərini gəzərkən başa düşdüm ki, elə bura gəlməli idim. Ora çox fərqli ölkədir. Məkanları bir-birinə bənzəmir. O ölkədə cəlb edən məqam ondan ibarətdir ki, həm tarix, həm də müasirlik vəhdət təşkil edir. İnsanları mentalitet dəyərlər baxımından çox yaxındırlar. O ölkə mənə o qədər doğmadır ki, italyan dilini öyrənməyə qərar verdim.

- İtaliyaya səfəriniz neçənci dəfə idi?

- Səkkiz-doqquzuncu dəfə. Bəlkə də daha çox.

- İstirahət zamanı yaxta ilə gəzintiyə də çıxmağınız diqqət çəkdi...

- Orada istənilən tipdə yaxtalar var. Çox rahatdır və turistlər istənilən yaxtanı icarəyə götürə və gəzintiyə çıxa bilərlər.

- Yaxta gəzintisinə nə qədər pul xərclədiniz?

- Qiymətlər fərqlidir. Adətən dəniz səyahətlərini sevmirəm. Dostlarım dəvət etdiyinə görə məcburən gedirəm (gülür). Mənimki quruda gəzməkdir. İtaliyada məkanlar fərqli olduğuna görə qiymət də fərqlidir. Amma digər Avropa ölkələri qədər yüksək deyil.

Əlbəttə ki, turistik şəhərlərdə qiymət yüksəkdir. Adətən istirahətə getdiyimiz ölkələrdə alış-veriş də edirik. Amma mən İtaliyada heç vaxt alış-veriş edə bilmirəm. Çünki orada ölçülərimə uyğun geyim tapa bilmirəm. İtalyanlar məndən qat-qat arıqdırlar (gülür). Ona görə oradan heç vaxt geyim almıram.

Amma mətbəxlərinə üstünlük verirəm. Hamı italyan mətbəxi deyəndə makaron, spagetti fikirləşirlər. Amma italyan mətbəxi çox genişdir, bizim mətbəximiz qədər zəngin olmasa da kifayət qədər çeşidlər var. İnsan orada hər şey tapa bilər. Qiymət də o qədər baha deyil.

- Bəs, İtaliya mətbəxindən xüsusi olaraq hansı yeməyi sevdiyinizi qeyd edə bilərsiniz?

- Son zamanlar ətsiz yeməklərə üstünlük verirəm.

- Ən yüksək qiyməti olan yemək və içki növünü qeyd edə bilərsiniz?

- Mən İtaliyada başa düşdüm ki, 50 avrodan çox şərab təklif ediləndə, əksər hallarda bu yalnız şərabın adına görə verilir, keyfiyyətinə və dadına görə yox. İtalyanlar özləri heç vaxt belə şeylərə çox pul xərcləməzlər. Məsələn, bütün yeməklər zeytun yağı ilə bişirilir. Suplar tərəvəzlərlə hazırlanır. Onun qiyməti baha ola bilməz. Əlbəttə ki, adlı-sanlı məkanlar var. Məsələn, Sardiniyada da olmuşam. İtalyanlar bu məkanları turistlər və zəngin insanların istirahət üçün nəzərdə tutublar. Oraya müəyyən insanlar gedə bilirlər. Sözümün canı ondan ibarətdir ki, İtaliyada bahalı məkanlar da görə bilərsiniz.

Amma komfort etibarilə ucuz yerlər də tapa bilərlər. Bahalı məkana üz tutmaq şərt deyil. İtaliyanın hər yeri gözəldir. Qiymətlər insanları qorxutmasın. Düşünməsinlər ki, ora gedərkən dünyanın pulunu xərcləyəcəklər. İtaliya mətbəxində bütün yemək çeşidləri tapa bilərlər. Yeməklər sağlam qidalardır. İtalyanlar səhər yeməyinə vaxt ayırmırlar, səhər kofe içir, günorta isə salat yeyirlər. Əsas yemək vaxtı axşamdır. Spagetti və s. yeyirlər, amma arıqdırlar. Çünki spagettini hazırlamağın xüsusi üsulu var. Onu tam bişirmirlər. Ona görə də arıq olurlar və elə hazırlanan zaman həzm sisteminə də ağırlıq vermir və kökəltmir.

- İtaliyada daha çox hansı kateqoriyalı hotellərdə qalmağa üstünülük verirsiniz?

- İlk öncə deyim ki, İtaliyada müxtəlif şəhərləri gəzirəm. Beş ulduzlu və daha yuxarı kateqoriyalara daxil olan hotellərin öz tələbləri var, hovuzu, spa mərkəzi olmalıdır və s. Onlar mənim üçün çox da vacib deyil. Kiçik hotellərə, butik şəklində olanlara üz tutmağa çalışıram. Onlar üç, dörd, beş ulduzlu və s. ola bilər. Elə hotellərə gedirəm ki, 15 nömrədən ibarətdir. Əlbəttə ki, hotelin komfortu vacibdir. Amma hovuz, spa mərkəzinin olub-olmaması mənim üçün vacib deyil. Ən əsası rahat olsun. Beş ulduzlu və böyük hotellərdə insanların sayı çox olur. Səhər yeməyinə gedərkən insan əlindən tərpənmək olmur. Ona görə də vaxtımı səmərəli keçirmək istəyirəm. Məsələn, Dubayda, İstanbulda bütün hotellərdə qiymətlər yüksəkdir. Amma İtaliyada çox rahat komfortlu hotellər var.

- İstirahətinizə nə qədər pul xərclədiniz?

- Hər ay səyahətə gedirəm. Mənim layihələrim bununla bağlıdır. Təzə-təzə gəzintiyə çıxanda çox pul xərcləyirdim. İndi bu barədə daha ehtiyyatlı olmuşam. Başa düşürəm ki, boş-boş xərclərə digər ölkəyə də gedə bilərəm. Bu gün yeməyə daha çox pul gedir, nəinki tarixi məkanlara gedəndə.

Birləşmiş Ərəb Əmirliklərində qiymət çox bahadır. Dubaydakı qədər başqa ölkələrdə pul xərcləməmişəm. Hətta Amerikada da gəzmişəm. Amma Dubay mənim üçün ən bahalı ölkədir.

- Yay fəsli davam edir. Yenidən hansısa ölkəyə getməyi düşünürsünüz?

- Mən Karib adalarından tutmuş, Seyşel adalarına qədər gəzmişəm. Bütün okeanların suyuna toxunmuşam. Bu yay İtaliyanı səyahət etdim. Yayın bir hissəsini isə Azərbaycanda övladlarımla keçirmək istəyirəm. Gəncəyə və Lənkərana gedəcəyik. Onu da deyim ki, əsas planımdan biri Yaponiyaya səyahət etməkdir. Ümidvaram ki, ilin sonuna qədər gedə bilərəm. Amma bu ay nəzərdə tutduğum səfərlərdən biri də Afrikadır. Afrikanı da gəzək görək necə olacaq?..

Rəqsanə

AzNews.az