Kişiyə öz xanımının görüntülərini çəkib paylaşmaq yaraşmaz Kişiyə öz xanımının görüntülərini çəkib paylaşmaq yaraşmaz

Ərinə xəyanət edir deyə döyülən, söyülən qadın oldu: "Özümü çox pis hiss etdim" - VİDEO

Kişiyə öz xanımının görüntülərini çəkib paylaşmaq yaraşmaz

Son zamanlar izləyicilərin maraqla izlədiyi "Bir qadın" serialında canlandırdığı Nərgiz obrazı ilə diqqət mərkəzində olan aktrisa Rada Nəsibova suallarımızı cavablandırıb.

AzNews.az-ın əməkdaşı ilə kiçik müsahibədə aktrisa son zamanlar çəkilən seriallar və canlandırdığı obrazla bağlı maraqlı açıqlamalar verib. Sözügedən müsahibəni sizə təqdim edirik:

- Son zamanlar ölkəmizdə çəkilən seriallara münasibətiniz?

- Əziyyət çəkilib iş görülür. Buna görə alqışlamaq lazımdır. Onlar yoxdan nəsə etmək istəyirlər. Bu da bir qəhrəmanlıqdır.

- Çəkildiyiniz "Bir qadın" serialı barədə nə deyə bilərsiniz?

- Serialın qəhrəmanı Nərgiz şərə uğrayır. Heç kim - doğmaları belə ona inanmır. Hər kəs ondan üz döndərir. Bir insanın inamsızlığı, böhtanın içində tək qalması dəhşətdi. Bütün bunlara rəğmən Nərgiz balalarına görə susur və dözür. Onu yaşadan sadəcə bir ümid işığıdır ki, nə vaxtsa ərinin ona inanacağı günü gözləyir. Sonda hər şeyin yoluna düşəcəyini gözləyir. Mən istəməzdim ki, hansısa qadın bu duruma düşsün. Qadınları qorumaq, sevmək lazımdır. İnsana qulaq asmadan onu günahlandırmaq, yarğılamaq olmaz.

Serialımız sevilərək baxılır. Ən çox izləyənlər isə qadınlardır. Bir çox qadın serialdakı hadisələrlə qarşılaşır. Cəmiyyətdə baş verən xoşagəlməz hadisələr bu serialda əks olunub. Serial bir aynadır - insanlar onda yaxşını və pisi görürlər. Əgər cəmiyyətdə bir qadın tək qalır və başına bu qədər müsibət gəlirsə, ona biganə qalmaq olmaz. İnsanlıq göstərmək, əl uzatmaq və kömək etmək lazımdır. Bu serialda qadına qarşı olan bütün mənfi hallara tənqidi yanaşılıb.

- Nərgiz obrazını canlandırarkən hansı hisləri keçirdiniz?

- Özümü Nərgizin yerinə qoydum və rolu oynayarkən özümü çox pis hiss etdim. Çünki hansısa qadının Nərgizin yaşadıqlarını yaşamasını istəməzdim. Bəzən görürsən ki, həyatda günahkar insanlar özlərini təmizə çıxarıb, hər kəsi inandıra bilirlər. Deyirlər həyat yaşamağı bacaranlarındır. Amma çox vaxt görürsən ki, doğru, dürüst insanlar yaşamaqda çətinlik çəkir. Çünki hər addımında vicdanı hərəkət edir, özü ilə danışır.

- Rada olaraq Nərgizə nə məsəhət görərdiniz? Sizin fikrinizcə, Nərgiz nə etməli idi?

- Mənim qürurum Nərgizin yaşadıqlarını yaşamağa imkan verməzdi. Baş alıb küçələrdə yaşayardım. Amma Nərgiz balaları üçün hər şeyə dözür.

Rada olaraq hərdən Nərgizi qınayıram ki, onu bütün bunlara dözməyə nə vadar edir?! Övladlar göz önünə gələndə başa düşürəm ki, o, hər zülmə balalarına görə dözür. İş tapana qədər də dözməlidir.

- Son zamanlar serialda olduğu kimi xəyanət edən qadınların görüntüləri çəkilərək sosial mediada yayılır. Buna münasibətiniz?

- Ümumiyyətlə, cəmiyyətdə nə baş verirsə, bu, insan faktorudur. Yəni hər kəs səhv edə bilər. Deyə bilmərəm ki, qadınlar safdır, kişilər günahkardır. Əgər xəyanətlə üzləşmisənsə bir yol var - o da ayrılıq. Çünki həyat bumeranqdır. Kimə nə yaşatmısansa, mütləq cəzasını çəkəcəksən. Kişiyə öz xanımının görüntülərini çəkib paylaşmaq yaraşmaz. Sadəcə üzünü çevirib getmək lazımdır.

- Bu serialda ən çox qayınana-gəlin problemlərinə yer verilib. Niyə əksər ailələrdə bu ikili arasında münasibətlər mənfi olur?

- Qaşılıqlı anlayış olmayanda münasibətlər korlanır. Bunun başlıca səbəbləri ailələrin erkən yaşda qurulması, ətraf mühit, savadsızlıq və s. Bu serial vasitəsi ilə insanlara demək istəyirik ki, bu cür münasibətlər ailələrin dağılmasına, uşaqların valideynlərindən ayrı düşməsinə səbəb olur. Bu münaqişələr neçə-neçə insanın bədbəxt olmasına səbəb olur. Kollektiv olaraq istəyirik ki, bütün ailələr xoşbəxt olsun, ən əsası övladların üzü gülsün.

Qeyd edək ki, sözügedən serialda Nərgiz adlı qadına ərinin qohumu göz qoyur. Onu əldə edə bilməyən kişi qadına şər atır. Nəticədə Nərgizin bütün həyatı alt-üst olur.

Aynur

AzNews.az

image description