Samirənin “Avroviziya” geyimini o hazırlayacaq

Bu iş dünya şöhrətli modelyer Rüfət İsmayıla həvalə edilib

Azərbaycan təmsilçisi Samirə Əfəndinin “Avroviziya-2021” səhnəsində çıxışı üçün nəzərdə tutulan geyiminin dizaynını hazırlayacaq şəxsin adı məlum olub.

Deleqasiyadan AzNews.az-a bildirilib ki, bu iş dünya şöhrətli modelyer Rüfət İsmayıla həvalə edilib.

“Əfəndi üçün geyim hazırlayarkən əsas məqsədimiz güclü, özünə inamlı qadının ruhunu çatdırmaq idi. Başqa vacib məqam isə Milli elementlərin mövcudluğuydu, hansı ki, bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Əfəndinin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır”, - deyə R. İsmayıl bildirib.

Əfəndinin kostyumu qiymətli və yarı qiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq.

Bu məqamda bildirək ki, “Affair” brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları “Dəb Həftəsi”ndə Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərdə təqdim olunub, həmçinin məşhur kişi moda sərgisi “Pitti Uomo”da nümayiş etdirilib. Onun geyimləri Cey Lo, Beyons, Aşanti, Dua Lipa və bir çox digər Hollivud ulduzlarının seçimi olub.

Xatırladaq ki, Əfəndi “Avroviziya-2020” mahnı müsabiqəsində də ölkəmizin təmsilçisi idi, lakin “COVID-19” pandemiyası ilə əlaqədar Avropa Yayım Birliyinin (AYB) qərarı ilə müsabiqə təxirə salınmışdı.

Şüarı “Open up!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Təmsilçimiz birinci yarımfinalda çıxış edəcək.

image description