Xalq sadəcə Sarkisyan rejimindən yaxa qurtarmaq istəyirdi... Xalq sadəcə Sarkisyan rejimindən yaxa qurtarmaq istəyirdi...

Ermənistan tarixində Paşinyan qədər asan idarə edilən lider olmayıb

Xalq sadəcə Sarkisyan rejimindən yaxa qurtarmaq istəyirdi...

Artıq 30 ilə yaxındır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir. Buna səbəb işğalçı Ermənistanın münaqişə ilə bağlı heç bir əsası olmayan qeyri-konstruktivlik nümayiş etdirməsidir. Son vaxtlar isə Ermənistanın yeni baş naziri Nikol Paşinyan adıçəkilən münaqişə ilə bağlı heç bir məntiqə söykənməyən və hüquqi əsası olmayan populist çıxışlar etdi. Xatırladaq ki, Yerevanda baş verən etirazların fonunda Ermənistanın keçmiş baş naziri Serj Sarkisyan bu il aprelin 23-də istefa verməyə məcbur oldu. Onun yerinə isə etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyan gəldi. Heç bir siyasi çəkiyə, dərin biliyə və təcrübəyə malik olmayan bir şəxsin baş nazir olması nə qədər təəccüblü olsa da, bir o qədər də gözlənilən idi.

Görünən odur ki, aclıq və səfalət içində çabalayan erməni xalqı elə bir vəziyyətə çatdı ki, kütləvi şəkildə küçələrə axışaraq hakimiyyətə qarşı aksiyalara başladı. Bundan istifadə edən N.Paşinyan isə hakimiyyət əleyhinə çıxışları ilə xalqın rəğbətini qazana bildi və beləliklə də etiraz hərəkatının liderinə çevrildi. Əslində isə xalq heç də N.Paşinyanı dəstəkləmirdi. Sadəcə olaraq S.Sarkisyan rejimindən yaxa qurtarmaq istəyirdi. N.Paşinyan isə hakimiyyəti ələ keçirmək üçün xalqın dəstəyindən istifadə etdi.

“Baş nazir Nikol Paşinyan Ermənistanın tarixində çox orijinal liderdir. Çox qısa müddət ərzində fikrini tez dəyişir. Hələ işğalçı Ermənistanın tarixində Rusiya üçün onu qədər yumşaq və asan idarə olunan ikinci bir lider olmayıb”. Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu qəzetimizə açıqlamasında bildirdi.

M.Əhmədoğlu qeyd etdi ki, əvvəllər N.Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi haqqında nə deyirdi, indi nə deyir?: “Eləcə də verdiyi vədlərin heç birini yerinə yetirmədi. Əksinə, bunları müxtəlif cür izah etməyə başladı. Ona görə də hal-hazırda Nikol Paşinyanın verdiyi bəyanatların heç birini ciddi hesab etmirəm. N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinin məsləhəti ilə cari ilin dekabr ayında parlament seçkiləri keçirəcək və beş illik baş nazir portfelini əldə edəcək. Ondan sonra isə V.Putin nə desə, onu da edəcək”.

M.Əhmədoğlu əlavə etdi ki, ehtimal olunur ki, dekabr ayındakı parlament seçkilərindən sonra Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana Mehri dəmir yolunun açılması ilə bağlı göstəriş verəcək: “Ona görə də hazırda N.Paşinyan həmin planı reallaşdırır. Yəni özünü beş illik baş nazir seçdirməlidir. Ondan sonra da Ermənistanı Rusiyaya daha möhkəm bağlamaq üçün Mehri dəmir yolunu açmalıdır. Amma Ermənistanı Rusiyaya daha möhkəm bağlasa da, nə etsə də, Mehri dəmir yolu işə düşəndə Azərbaycanın 7 rayonu boşalmalıdır. Bu, istər-istəməz Azərbaycanın da faydasınadır. Ona görə də N.Paşinyanın dediklərinin heç birini ciddi hesab etmək lazım deyil”. (ikisahil.az)

© AzNews.az