AMİP lideri: “Əksəriyyəti öz işləri ilə məşğul olmağa başlayıb” AMİP lideri: “Əksəriyyəti öz işləri ilə məşğul olmağa başlayıb”

“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə

AMİP lideri: “Əksəriyyəti öz işləri ilə məşğul olmağa başlayıb”

Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədov 18 oktyabr - Müstəqillik Günü münasibətilə AzNews.az-a müsahibə verib:

- Etibar bəy, 18 oktyabr Azərbaycanın Müstəqillik Günüdür. Həmin dövrü, baş verən prosesləri necə xatırlayırsınız?

- 18 oktyabr Azərbaycanın tarixində çox mühüm yer tutur. 20-ci əsrdə Azərbaycanın bir dəfə müstəqillik qazanması, sonradan itirməsi və onun yenidən bərpası 70 il vaxt apardı. Amma Azərbaycan xalqı yenidən öz müstəqilliyini bərpa etməyə qadir oldu. Təbii ki, bu prosesdə həyatından və sağlamlığından keçənlər də çox oldu. Amma əldə olunan nailiyyətimiz odur ki, bu gün Azərbaycan dünyada tanınan dövlətlərdən biridir.

- O zaman müstəqillik aktının qəbul olunmasını zəruri edən amillər nədən ibarət idi?

- Əsas zərurət o zaman yarandı ki, rus qoşunları 1990-cı il yanvarın 7-də Bakıya yeridildi və Azərbaycan xalqını cəzalandırmaq istədi, bunun üçün qanlı aksiya həyata keçirildi. Ona görə ki, o zaman Azərbaycanın Milli Azadlıq Hərəkatı çox böyük sürətlə inkişaf edirdi. O zaman mərkəzdə olanlar bu hərəkatın şöhrətindən çox narahat olmuşdular. Ona görə də insanları cəzalandırmaq qərarına gəldilər və 20 yanvarda Bakıya qoşun yeritdilər. Baş verən kütləvi qırğınlar əks nəticə verdi, Azərbaycan xalqı bir daha əmin oldu ki, SSRİ-nin tərkibində qalmaq Azərbaycanın milli maraqlarına, mənafelərinə ziddir və ölkənin gələcək inkişaf yolu ancaq müstəqillikdən keçir. Nəticədə, hərəkat daha da gücləndi, eləcə də SSRİ-nin Qərblə apardığı soyuq müharibənin qızışması imperiyanın çökməsinə səbəb oldu. Bundan sonra imperiya tərkibində olan dövlətlərin müstəqilliyinin elan olunması prosesi başlandı.

- Müstəqillik Aktı hazırlanarkən əsasən hansı müzakirələr gedirdi?

- Dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə avqustda qəbul olunub. Deklarasiya xarakteri daşıyırdı və heç bir dövlət bu sənədi bəyannamə şəklində tanımırdı. Daha sonra bu sənədin rəsmiləşməsi prosesi başladı. Nəhayət, 18 oktyabrda Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olundu. Bu akt artıq ölkənin parlamenti tərəfindən qəbul olunmuş rəsmi bir sənəd idi. Bu sənəd Azərbaycanın SSRİ tərkibndən ayrılmasını və müstəqil bir dövlət olduğuynu bildirirdi. Təbii ki, bundan sonra qarşıda duran əsas məsələ Azərbaycanın müstəqilliyinin digər dövlətlər tərəfindən tanınması idi. O zaman mən nümayəndə kimi Azərbaycan parlamentinin qərarı ilə Türkiyəyə göndərildim. Danışıqlardan sonra noyabrın 9-da ilk olaraq Türkiyə Azərbaycanın müstəqilliyini tanımaq haqqında qərar qəbul etdi. Bundan sonra nümayəndə heyətinin rəhbəri kimi Pakistana göndərildim və Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci dövlət oldu. O zaman Pakistanın baş naziri Davud Şərif mənə söz verdi ki, yaxın günlərdə İslam Dövlətləri Təşkilatının iclası olacaq və biz çalışıacağıq ki, digər İslam dövlətləri də Azərbaycanın müstəqilliyini tanısınlar. Doğrudan da Baş nazir bu sözünü yerinə yetirdi və dekabrın əvvəlində İslam Dövlətləri Təşkilatı bütövlükdə Azərbaycanın müstəqilliyini tanıdı və Azərbaycan da bir dövlət olaraq həmin təşkilatın öhdəliklərini qəbul etdi.

- Etibar bəy, bəzən fikirlər səsləndirlir ki, Azərbaycanın müstəqilliyi, belə deyək, bir az qanlı başa gəldi, yəni Dağlıq Qarabağ və ətraf ərazilər itirildi...

- Bu cür düşünənlər keçmiş kommunist nostalgiyası ilə yaşayanlardır. Onsuz da heç bir müstəqillik rahat başa gəlmir. İstənilən xalqın tarixinə baxsaq, görərik ki, onların da müstəqilliyi çox böyük itkilər hesabına qazanılıb. O cümlədən də Azərbaycan, Çar Rusiyası tərəfindən qan tökülərək işğal olunmuşdu. Ona görə də müstəqilliyin geri qaytarılmasında da qan tökülməsi istisna ola bilməzdi. Qarabağın işğalı ilə bağlı isə əsas səbəb odur ki, Rusiya bir imperiya olaraq öz ətrafında olan yeni dövlətlərin müstəqilliyini laxlatmaq üçün hər birinə problem yaratmağa çalışırdı. Moldova, Ukrayna, Gürcüstan, o cümlədən də Azərbaycan buna misaldır. Bu, bir imperiya təhdididir. Fikirləşməməliyik ki, bu cür münasibət yalnız Azərbayca qarşı göstərilib.

- Müstəqillik qazandıqdan sonra ölkənin qarşısında sovetdən qalma xeyli problemlər vardı. Amma qısa zamanda xeyli islahatlar aparıldı, həmin islahatları necə dəyərləndirirsiniz?

- Onu deyə bilərəm ki, müstəqillik dövründə aparılan islahatlar prosesi hələ də tamamlanmayıb. Yeni dövrün tələbinə uyğun strukturlar hələ tam formalaşmayıb. Təbii ki, bunun obyektiv səbəbləri var. Məsələn, Baltik dövlətlərində bu islahatların aparılmasına Qərb dövlətləri böyük yardım göstərdilər – həm maddi, həm də təşkilati cəhətdən. Azərbaycana bu cür yardımlar yoxdur, öz daxili resursları hesabına islahatlar aparılır.

- Sizcə, müstəqillik strateji olaraq Azərbaycanda nə qazandırdı?

- Sovet dövründə insanların işi-gücü olsa da, azadlıqları yox idi. İstədikləri yerə, istədikləri ölkəyə gedə bilmirdilər. Hətta ölkənin daxilində kifayət qədər məhdudiyyətlər vardı. Kənddən gəlib şəhərdə yaşamaq üçün xüsusi icazə lazım olurdu. Hər şey üçün qadağalar müəyyənləşmişdi. Bu isə qəfəsdə yaşamaq kimi bir şeydir. İnsan bütün ömrü boyu qəfəsdə yaşaya bilməz ki... Mənə görə, müstəqillik millətin öz dövlətini formalaşdırması və özünü idarə imkanları əldə etməsi deməkdir. Müstəqillik Azərbaycanın tarixi mövqeyini müəyyənləşdirdi. Artıq Azərbaycanın siyasi, coğrafi mövqeyi tələb edir ki, tərəfsiz siyasət aparılsın, ölkə heç bir bloklara qoşulmasın, öz mənafeyinə uyğun olaraq digər dövlətlərlə yaxın əməkdaşlıq etsin və ərazi bütövlüyünü bərpa eləsin. Bunun üçün də iqtisadi və hərbi cəhətdən güclü olmaq lazımdır.

- Xalq Hərəkatından çıxan bir çox siyasətçilər bu gün aktiv siyasətdən kənardadırlar. Siz necə, yenidən aktiv siyasi fəaliyyətə dönəcəksinizmi?

- Mən bu vəziyyəti təbii qəbul edirəm. İnsanın həyatı həmişə eyni sahədə, eyni fəaliyyətdə ola bilməz. Hər bir insanın aktiv dövrü də olur, passiv dövrü də. Milli Azadlıq Hərəkatı elə bir proses idi ki, orada aşağıdan yuxarıya, dinsizdən dindara, savadlıdan savadsıza qədər hər kəs iştirak edirdi. Əsas hədəf də bir dövlət kimi formalaşmaq üçün müstəqilliyimizin bərpa edilməsi olub. Ümumi hədəfə çatandan sonra bu şəxslərin əksəriyyəti öz işləri ilə məşğul olmağa başlayıblar. Bunların hamısına təbii baxmaq lazımdır. Mən isə 2004-cü ildən aktiv siyasətdən ayrılmışam, ancaq bu o demək deyil ki, siyasət məni maraqlandırmır. Mən müşahidə edirəm, baxıram. Lakin yenidən aktiv siyasi fəaliyyətə qayıtmaqla bağlı bir planım yoxdur.

Elgün MƏNSİMOV
AzNews.az