Bu gün Azərbaycan və Fransa əlaqələri yüksək səviyyədədir. Bu gün Azərbaycan və Fransa əlaqələri yüksək səviyyədədir.

“Təəssüf ki, Fransanın hansısa əyaləti dövlət maraqlarına zidd addım atır” - ŞƏRH

Bu gün Azərbaycan və Fransa əlaqələri yüksək səviyyədədir.

Azərbaycanın Fransa ilə, eləcə də Fransanın Azərbaycanla heç bir problemi yoxdur. Əksinə, neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə sıx əməkdaşlıq mövcuddur.

Amma təəssüf ki, bu əməkdaşlığı gözü götürməyən antiazərbaycançı şəbəkə, daha konkret desək, erməni lobbisi yenə də iki ölkə arasında nifaq yaratmağa çalışır.

Belə ki, bu günlərdə Fransa dövləti Sent-Etyen şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı erməni separatçıları arasında “Dostluq xartiyası” imzalandı.

Lakin bunun ardınca Fransa Xarici İşlər Nazirliyi bəyanat verərək erməni separatçıları ilə imzalanan belə bir “Dostluq xartiyası”nı qəbul etmədiyini açıqladı. Nazirliyin məlumatında deyilir: “Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır və Sent-Etyen şəhəri ilə "DQR" arasında imzalanan “Dostluq Xartiyasını”nı qəbul etmir”.

Əlbəttə, rəsmi Parisdən belə bir bəyanatın verilməsi təqdirəlayiq haldır. Lakin bununla yanaşı, bir sual da meydana çıxır: Fransada sıradan bir əyalət bələdiyyəsi dövlətin iradəsinə zidd addımlar atmaqda bu qədərmi sərbəstdir?

Məsələ barədə saytımıza danışan Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə birmənalı olaraq bildirdi ki, bu oyunların arxasında Fransada zəngin olan erməni təşkilatları dayanır. Eyni zamanda, bu cür halların baş verməsi Fransanın yerli hakimiyyətlərinin korrupsiyalaşmasının təzahürüdür:

“Belə görünür ki, erməni lobbisi yüksək məbləğli vəsaitlə onları şirnikləndirib və bu cür oyunlarında istifadə edir. Təəssüf ki, bu gün də Avropada korrupsiyaya qarşı mübarizə yoxdur. İstənilən etnik və ya zəngin təşkilat yerli cəmiyyəti, xüsusən də siyasətçiləri ələ ala bilir və beynəlxalq oyunlarda onlardan istifadə edir. Təəssüf doğurur ki, Fransanın hansısa əyaləti dövlət maraqlarına zidd olan belə bir addım atır”.

Elgün Mənsimov
AzNews.az