Yeganə Hacıyevanın şərhi Yeganə Hacıyevanın şərhi

Con Bolton Rusiyada: nələr və kimlər müzakirə olundu? - Politoloqdan fərqli baxış

Yeganə Hacıyevanın şərhi

ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton dünən Rusiyaya səfər edib.

Bolton bundan sonra Cənubi Qafqaza da səfər edəcək və o, səfər çərçivəsində Bakıda da olacaq.

AzNews.az mövzu ilə bağlı Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyevadan müsahibə alıb.

- Yeganə xanım, bildiyiniz kimi dünən Con Boltonun Rusiya səfəri baş tutdu. Rusiyada hansı məsələlər müzakirə olundu?

- ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz və Rusiyaya səfəri bir neçə strateji hədəflə bağlıdır. Səfərin əsas məqsədi İran və Suriya siyasəti ilə bağlı vəziyyətin bu ölkələrdə müzakirəsi və atılacaq addımların mümkün uzlaşdırılmasıdır. Eyni zamanda, ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrini gələn aydan başlayacaq sanksiyalar dövründə İranla əməkdaşlıqdan çəkindirməyə yönəlik cəhdlər şahidi oluruq. Con Bolton ABŞ-da təhlükəsizlik istiqamətində Suriya və İrana qarşı ən radikal mövqe tutan insanlardandır. O, 2000-ci illərdə ikinci İraq müharibəsi dövründə İraqı işğaletmə yönümlü mövqeyinindi də Suriya və İranla bağlı tətbiq edir.Məsələ ondadır ki, İran dövlət olaraq nə İraq, nə də Suriya deyil . İran kənar müdaxilələri əngəlləmə və ən əsası da ABŞ ilə mübarizədə kifayət qədər təcrübəsi olan dövlətdir. Regional və kənar oyunçular Suriya müharibəsini yekunlaşdırmaq haqqında ümumi fikirə gəliblər . Bu istiqamətdə 2017-ci ildən Türkiyə və Rusiya, İranın da iştirakı ilə, hər üç ölkənin zəmanəti altında Suriyadakı vətəndaş müharibəsinin sona çatması üçün gərginliyin azalması və deskolasiya zonaları yaradılıb. Hər üç ölkənin zəmanəti ilə Süriyada bütün milli legitim tərəflərin iştirak etdiyi Milli Barışıq Konsepsiyası işlənib, ardınca Soçidə bütün tərəflərin iştirakı ilə “Suriya Milli Barışıq Dialogu” Konqresi keçirilib, bu konqresdə BMT-nin nəzarəti altında Suriyada azad və ədalətli seçkilər keçirilməsi üçün xalqın dəstəyini alacaq bir Konstitusiya hazırlamaq qərara alınıb, Konstitusiyanın işlənməsi üçün Suriyada legitim milli qüvvələrin təmsilçiliyi ilə 150 nəfərlik işçi qruplar, komissiyalar yaradılıb. Nəzərdə tutulan sülh prosesi regionda hərbi və siyasi mövcud olan yerli və xarici oyunçuların həmlələrinə rəğmən davam edir. Suriya müharibəsi kifayət qədər baha başa gələn , dünya iqtisadiyyatına mənfi təsir göstərən , Avropada miqrant problemi üzərindən yaranan böhran və onun fəsadları bu müharibəni yekunlaşdırmağa əminliyi hər gün daha artırır. Suriyada müharibənin sonunda terrorist qruplaşmaların digər coğrafiyalara sızmasının qarşısının alınması kimi təhlükəsizlik məsələləri Moskvada müzakirə olundu. Boltonun Rusiyada müzakirələrin əsas mövzusu Suriyadan kənarda həm də İranla bağlı idi. İran məsələsinə gəldikdə isə ABŞ və Rusiyanın mövzuya baxışları fərqlidir. İran mövzusu Rusiya üçün indiki məqamda alver məsələsi ola bilər. Çünki ABŞ artıq bir neçə transmilli Rusiya şirkətinə, onların rəhbərlərinə məmur və biznesmenlərə İranla əməkdaşlığa görə sanksiyalar tətbiq edib.

- ABŞ-ın “Amnesty İnternational” hüquq müdafiə təşkilatı Con Boltonu səfər zamanı Azərbaycana təzyiq etməyə çağırıb. Bu haqda nə deyə bilərsiniz?

- Müraciətin mətnindən də aydın olur ki, təşkilat Boltondan səfər etdiyi ölkədə diplomatik etika və səlahiyyətlərindən kənara çıxmasını və yerli hakimiyyətə təzyiq etməsini tələb edir. “Amnesty İntrenational”ın Con Boltondan bu cür təzyiqləri tələb etməsi qurumun formalaşmasının əsası olan nizamnamə və prosedur etikası normalarının pozulmasıdır. Məhz bu cür vəziyyətlərin yaranması ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmasına təkan verir. Bu müraciət “Amnesty İnternational”ın ölkəmizə yönəlmiş ilk və son qərəzli yanaşması deyil. Azərbaycan daim müxtəlif siyasi və iqtisadi lobbi qrupları tərəfindən maliyyələşən, bu maraqlara xidmət edən beynəlxalq insan haqları təşkilatlarının hədəfindədir. Bir cümlə ilə desək, təzyiq mümkün deyil və müzakirə olunmayacaq.

- Niyə məhz Con Bolton göndərilir?

- ABŞ-ın prezidentinin təhlükəsizlik üzrə müşaviri İrana sanksiyaların tətbiqinin bərpasına bir neçə gün qalmış regiona ölkələri və Rusiyaya səfər edir. Həmçinin irəlidə ABŞ da yerli seçkilər və paralel olaraq nümayəndələr palatasına seçkilər keçiriləcək. ABŞ daxili siyasi adət ənənələrə görə , bir qayda olaraq növbəti prezident Nümayəndələr Palatasında çoxluğu qazanan partiyaya nümayəndəsi seçilir. Hal hazırda bu respublikaçılar nümayəndələr palatasında üstünlük təşkil edirlər. Son illərdə Amerikada seçkilərə Rusiyanın ehtimal olunan müdaxiləsi iddiası və bu mövzunun ətrafına Respublikaçılar partiyası ABŞ-da cəmiyyət arasında kifayət qədər nüfuz itimişlər. Sorğuların nəticələrinə görə bu gün seçkilər keçirilsə bu demokratların xeyrinə olacaq və onlar Nümayəndələr Platasında çoxluqda olacaqlar və bu o deməkdir ki , bu mövzular ətrafında kifayət qədər nüfuz itirmiş prezident Trampla prezident seçkilərində demokratlar qalib gələcəklər.

- Con Boltonun Ermənistan səfərində hansı məsələlərin müzakirəsi gözlənilir? Ümumiyyətlə bu vəziyyəti nəzərə alsaq, “ən zəif bənd” bu mövzuda Ermənistandır. Çünki İranla münasibətləri yaxşıdır və onlardan dəstək alır. Bir tərəfdə isə Paşinyanın Qərb “sevgisi” dayanır. Sizcə, bu vəziyyətdə Ermənistan rəhbərliyi necə addım atacaq?

- Ermənistan səfərində ölkənin yeni hakimiyyəti ilə tanışlıq, Paşinyan hökumətinin ABŞ-la münasinbətləri, AB ilə əməkdaşlıq , ölkə daxilində son zamanlarda cərəyan edən hadisələrin müzakirəsi gözlənilir. Rusiyaya tətbiq olunan sanksiyaların Cənubi Qafqazda Ermənistana tətbiq olunacağı da müzakirə olunur. Ermənistandakı yeni hakimiyyətin İrana qarşı noyabrda tətbiq olunacaq sanksiyalardan yararlanması istiqamətində addımları diqqət çəkir. Məsələ ondadır ki, Ermənistanda yeni hakimiyyətin və ölkədəki siyasi-iqtisadi qrupların İrana qarşı noyabrdan bərpa edilməsi nəzərdə tutulan sanksiyalardan yararlanması istiqamətində addımları nəzərə çarpır. Müharibə şəraiti əsas gətirilərək yeni qüvvələrin lobbiçiliyini apardığı "sərhəd bölgələri və onların infrastruktur inkişafı" qanun layihəsinin ilkin analizi təhlilçilərdə belə rəy yaradıb.

Qeyd edim ki, bundan öncə İrana qarşı tətbiq olunan sanksiyalar zamanı Ermənistan vasitəsilə bir sıra əməliyyatlar aparması haqqında faktlar mövcud idi. 2011-ci ildə bu faktlar haqqında ABŞ Konqresində xüsusi müzakirələrin təşkili nəzərdə tutulmuş, Erməni Milli Assambleyası və Erməni Milli Komitəsinin birgə səyi nəticəsində bu müzakirələr qapalı şəraitdə keçirilmişdi. Odur ki, Cənubi Qafqaz ölkələrindən Ermənistana qarşı da anoloji addımlar atıla bilər. İranın Azərbaycanla münasibətdə Dağlıq Qarabağla bağlı mövqeyinə, Ermənistanın dəstəklənməsinə görə inciməyə haqqımız olsa da, amma biz İrana qarşı münasibətdə daha səmimiyik və daha ədalətli yanaşırıq, nəinki Ermənistan. Deyim niyə. Ermənistan həmişə öz maraqlarından çıxış edəcək. Onun üçün qayda, beynəlxalq hüquq yoxdur. ABŞ-ın bütün institutları Cənubi Qafqazda ən çox Ermənistana maliyyə verir. 18 ABŞ dövlət institutu ümumilikdə 360 milyon pul yatırırlar. Bu əslində orda işləyən insanların pul almasıdır. Yəni Ermənistan həmişəki kimi öz maraqlarına uyğun hərəkət edəcək.

Pərvanə AĞAZADƏ
AzNews.az