“Sözün əsl mənasında, bu ölkələrə töhfə vermək iqtidarındayıq” “Sözün əsl mənasında, bu ölkələrə töhfə vermək iqtidarındayıq”

“Azərbaycan doğrudan da...” - Əli Həsənovun açıqlamasına Fərda Əsədovdan özəl şərh

“Sözün əsl mənasında, bu ölkələrə töhfə vermək iqtidarındayıq”

“Azərbaycan bu gün dünyada doğrudan da sülhsevər siyasət aparır. Haqqımızı bərpa etmək üçün özünü hərbi əməliyyatlardan çəkindirir. Bu qədər səbr, bu qədər müdriklik, bu qədər sülhsevərlik göstərən ölkəmiz əlbəttə ki, kənarda olan böhran vəziyyətlərinə eyni münasibət, eyni mədəniyyətlə yanaşır və hesab edirəm ki, Azərbaycan bir çox hallarda Yaxın Şərqdə sabitliyin bərqərar olunmasına böyük töhfə də verə bilər”.

Bu fikri AMEA Şərqünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, politoloq Fərda Əsədov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Misirin “İdaat” saytına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.

AzNews.az-a açıqlamasında F.Əsədov Ə.Həsənovun “İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində iştirak etməkdə maraqlı olan ölkəmiz BMT-də bir sıra diplomatik təşəbbüslər irəli sürüb, Təhlükəsizlik Şurasına sədrliyi dövründə Suriyada hərbi əməliyyatların dayandırılması və Yaxın Şərqdə sabitliyin bərqərar olunması naminə çıxış yolları təqdim edib” fikrini şərh edərkən bildirib ki, Azərbaycan sözün əsl mənasında bu ölkələrə töhfə vermək iqtidarındadır:

“Birincisi, ölkəmizin İsraillə xeyli xoş münasibətləri var. İkincisi, hər zaman Fələstin xalqının haqlarını təmin etmək, bununla bağlı məsələləri qaldırmaq, dəstəkləmək siyasəti aparılıb. Üçüncüsü, ərəb ölkələri ilə gözəl münasibətlər qurulub. Hətta deyərdim ki, Azərbaycanın bir-birilə siyasi gərginlik şəraitində olan ərəb ölkələrinin hər iki tərəfilə yaxşı münasibətləri mövcuddur.
Bu baxımdan deyə bilərik ki, ölkəmizin böyuk potensialı var. Eyni zamanda Azərbaycanın iqtisadi və hərbi gücü nəzərə çarpacaq dərəcədə hər kəsə bəllidir.
Bütün bunları nəzərə alsaq, əlbəttə ki, dövlətimiz bu ölkələrə, bu regiona da töhfə vermək iqtidarındadı”.

Rəşad SARIYEV,
© AzNews.az