“Ortada açıq işğal faktı olsa da...” “Ortada açıq işğal faktı olsa da...”

“Təməl yanaşmada problem var” - Araz Aslanlı

“Ortada açıq işğal faktı olsa da...”

“AB-nin dəyərləri, AB-nin özü müzakirə mövzusu olmaqda davam edəcək”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O, bir sıra beynəlxalq təşkilatların, xüsusən də Avropa Birliyinin (AB) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə laqeyd münasibət sərgiləməsini belə şərh edib:

“Bu məsələ AB-nin öz qaydaları daxilində prinsipiallığından irəli gəlir. Öz qaydalarına prinsipial yanaşırlar, amma beynəlxalq məsələlərə eyni standartla yanaşmırlar. Məsələ ondadır ki, AB-nin Qarabağ problemi ilə, yəni Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi ilə bağlı məhdudlaşdırıcı qərarları yoxdur. Biz AB-ni məhz bu yanaşmasına görə tənqid edə bilərik və etməliyik. Yəni ortada açıq işğal faktı var. Bu barədə BMT-nin və digər təşkilatların qərarları var. Bu işğal faktının olduğu ərazidə təməl qaydaları pozanlara qarşı cərimələri, cəzaları nəzərdə tutan qaydalar qəbul edilmir. Amma başqa tərəfdə, Krımda yenə bir dövlətin ərazisi başqa dövlət tərəfindən ələ keçirilib (döyüşsüz də olsa, ələ keçirilib və bu, beynəlxalq hüquqa ziddir), buna çox kəskin reaksiyalar var”.

Ekspert hesab edir ki, təməl yanaşmada problem var. Belə olduğu müddətcə də AB-nin addımları, AB-nin dəyərləri, hətta AB-nin özü müzakirə mövzusu olmaqda davam edəcək:

“Amma biz də öz tərəfimizdən çalışmalıyıq ki, AB də, digər regional və beynəlxalq təşkilatlar da, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə hansısa lobbilərin maraqları ilə deyil, beynəlxalq hüququn əsas prinsipləri əsasında yanaşsın. Bu istiqamətdə bizim də daha çox çalışmağımıza ehtiyac var”.

Elgün MƏNSİMOV
AzNews.az