“Görüş təyin edib, sonradan təxirə salmaq Trampın Putinə qarşı yeni mübarizə taktikasıdır”. “Görüş təyin edib, sonradan təxirə salmaq Trampın Putinə qarşı yeni mübarizə taktikasıdır”.

“Bu, Trampın yeni mübarizə variantıdır” – Mübariz Əhmədoğlu

“Görüş təyin edib, sonradan təxirə salmaq Trampın Putinə qarşı yeni mübarizə taktikasıdır”.

AzNews.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətləri yenidən gərginləşib və geosiyasi proseslərə neqativ təsirini artırıb:

“Gərginliyin mənbəyi ABŞ olaraq qalır. D.Tramp Putinlə Parisdə I Dünya Müharibəsinin başa çatmasının 100 illiyi tədbirləri çərçivəsində görüşü planlaşdırılsa da sonradan ABŞ tərəfinin Fransaya təkidli müraciəti ilə bu görüş ləğv edildi. Fransa protokolu ziyafət masasında Trampla Putinin yerini yanaşı müəyyənləşdirmişdi. Ən son anda ABŞ tərəfinin təkidi ilə bu da dəyişdirildi. Fransada görüşlər təxirə salınarkən G-20-nin Argentina sammitində görüşün baş tutacağı ümidi verilirdi. V.Putinlə D.Trampın Argentinada görüşü planlaşdırılarkən Kerç insidenti baş verdi”.

M.Əhmədoğlu qeyd edib ki, bu hadisə ilə bağlı ən ilkin versiya P.Poroşenkonun Argentinada nəzərdə tutulan Tramp-Putin görüşünü pozmaq versiyası oldu. Az sonra Rusiya mətbuatı bu versiyanı “unutdu”. İnsidentin səbəbi kimi P.Poroşenkonun Ukraynada fövqəladə vəziyyət elan etmək niyyəti göstərildi; P.Poroşenko bu insidentlə hərbi vəziyyət elan edir. Nəticədə prezident seçkiləri təxirə düşür. Ukrayna parlamenti qismən fövqəladə vəziyyət elan etməklə prezident seçkilərinin vaxtını da müəyyənləşdirdi:

“Yeri gəlmişkən, V.Putin bu hadisələrdən sonra da yenə əsas səbəb kimi Poroşenkonun seçkilərsiz prezident qalmaq niyyətini göstərdi. Hər iki versiyanı mövcudluq hüququnu tanıyaraq hesab edirik ki, bu 2 versiya bir-birini tamamlayır. Çünki Trampa Putinlə görüşü ləğv etmək üçün bəhanə lazım idi. O, bunu Kerçdəki insident vasitəsilə reallaşdırdı. ABŞ-la sıx əlaqələri olan P.Poroşenko həm də öz niyyətini reallaşdırmağa cəhd etdi. D.Tramp istədiyinə nail olsa da P.Poroşenko arzusuna çatmadı. Putinlə görüşün bütün təfərrüatları hazırlandıqdan sonra D.Tramp Kerç insidentinə görə Putinlə Argentinadakı görüşünü təxirə saldığını elan etdi. Ehtimal ki, Putinlə görüş təyin edib, sonradan təxirə salmaq taktikası Trampın yeni mübarizə variantıdır”.

Politoloq hesab edir ki, Trampın Putindən gözlədiyi yeganə məsələ qarşıdan gələn prezident seçkilərinə müdaxilə etməməsidir. Amma D.Tramp bunu Putindən necə əldə edəcəyinin yolunu tapa bilmir. Tramp - Putin görüşünə Putinin daha çox maraqlı olduğunu görən Tramp Putinin bu marağını idarə etmək istəyir. Reallıqda Putinin ABŞ-dakı seçkilərə qarışmamaq öhdəliyini götürməsi mümkün olsa da bu Trampın şübhələrinə son qoymayacaq. Qalan bütün məsələlərdə Rusiyanın işləri V.Putinin planlaşdırdığı qaydada gedir. Hətta P.Poroşenkonun da atdığı addımların V.Putinin maraqlarına uyğun olduğunu bildirmək olar.

Türkiyənin yaxın zamanlarda ABŞ-ın diktəsi ilə Rusiya ilə əlaqələrə son verməyəcəyinin əlamətləri görünür.

M.Əhmədoğlu həmçinin əlavə edib ki, Türkiyə ərazisində “Türk axını” layihəsinin tikintisi başa çatıb. Bu münasibətlə Türkiyədə təntənəli tədbirlər keçirilib. V.Putin və R.T.Ərdoğan təntənəli mərasimdə iştirak ediblər:

“R.T.Ərdoğan V.Putinə “zati aliləri” deyə xitab etdi. Türkiyə- Rusiya-ABŞ üçbucağında baş verənlərin həssas dövründə bu müraciət forması Türkiyənin yaxın zamanlarda ABŞ-ın diktəsi ilə Rusiya ilə əlaqələrə son verməyəcəyinin əlamətidir. İki ölkə prezidentləri ölkələr arasındakı münasibətlərin bütün spektrini müzakirə etdilər. Rusiyadan Türkiyəyə turist axının artdığı xüsusi qeyd edildi. İki ölkə prezidenti daim təmasdadır. Daha çox Suriya məsələsi və İrana qarşı ABŞ sanksiyaları müzakirə olunsa da Kerç insidenti də müzakirə gündəliyinə daxil oldu. R.T.Ərdoğan həm RF, həm də Ukrayna prezidenti ilə telefonla danışdıqdan sonra vasitəçiliyini təklif etdi. RF Müdafiə naziri S.Şoyqu Soçidə Türkiyənin Milli Müdafiə naziri Hulusu Akarla görüşüb, Suriyada və İdlib ətrafındakı məsələni hərtərəfli müzakirə etdilər”.

Onun sözlərinə görə, ABŞ prezidenti D.Trampla Türkiyə prezidenti R.T.Ərdoğan arasında da əlaqələr intensivləşib. İki dəfə telefonla danışan prezidentlər Parisdə görüşdülər. Suriya məsələsi və səudiyyəli jurnalist Qaşıqçının qətlə yetirilməsi məsələləri müzakirə edildi. Türkiyə Suriyada ABŞ-ın müşahidə məntəqələri yaratmaq planını dəstəkləmədi. Fətullah Gülənin ofisinin rəhbəri Salih Gezegiri ABŞ Türkiyəyə deportasiya etdi. Bu Türkiyədə Gülənin də veriləcəyi ümidlərini yaratdı.

ABŞ hələ ki, bunu təkzib edir. Türkiyə ABŞ-ın daxili təhlükəsizlik naziri və baş prokuroruna qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdı. R.T.Ərdoğan ABŞ hərbçiləri ilə kürdlərin birlikdə patrul xidməti reallaşdırmasını qınadı. Bəzi Ərəb dövlətləri Türkiyəni Fars körfəzi barədə xəbərləri fabrikləşdirmədə ittiham etdilər.

Səudiyyəli jurnalist Qaşıqçının qətlinin üstünün açılması istiqamətində maksimal fəaliyyətdə olan Türkiyənin öz jurnalistlərinə qarşı neqativ münasibəti Qərbdə birmənalı qarşılanmır. Fransa Xarici işlər naziri Jan-İv-Le Drian dedi ki, “Ərdoğan Qaşıqçı işində siyasi oyun aparır”. Türkiyənin Xarici işlər naziri M.Çavuşoğlu isə L.Driana kəskin cavab verdi.

Elgün
AzNews.az