"Rusiya çalışacaq ki, Ermənistan vasitəsilə Cənubi Qafqazda Gürcüstanın mövqelərini zəiflətsin". "Rusiya çalışacaq ki, Ermənistan vasitəsilə Cənubi Qafqazda Gürcüstanın mövqelərini zəiflətsin".

Paşinyan Qərbin "kukla"sıdır - Elçin Alıoğlu

"Rusiya çalışacaq ki, Ermənistan vasitəsilə Cənubi Qafqazda Gürcüstanın mövqelərini zəiflətsin".

Xəbər verildiyi kimi dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib.

AzNews.az saytının mövzu ilə bağlı suallarını tanınmış jurnalist və siyasi şərhçi Elçin Alıoğlu cavablandırıb.

  • Elçin bəy, bildiyiniz kimi Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Paşinyanın “Mənim addımım” bloku ən yüksək faiz səslə lider oldu. Bununla bağlı nə deyə bilərsiniz?
  • Seçkilər Paşinyanın da dediyi kimi darıxdırıcı keçdi. Paşinyan bunu çox böyük uğur kimi qələmə verir. O, Sarapetyanın yetirməsi olduğuna görə özünü demokrat kimi göstərməyə çalışanda belə alınmır. Bu, ipi kəsilmiş marianetin özünü azad göstərməyinə bənzəyir. Paşinyanı akvariumdakı balığa da bənzədə bilərik. Balıq istədiyi yerə üzür və düşünür ki, o azaddır. Amma onun azadlığı akvariumun divarları ilə məhdudlaşdırılıb. Ona görə də Ermənistanın indiki rəhbərliyinin verdiyi vədlərin hamısı Ermənistandakı sistem problemlərlə məhdudlaşır.
  • Seçkilər nə qədər şəffaf oldu?
  • Ermənistandakı seçkilər demokratik seçkilər deyildi. Daha doğrusu, ermənilər seçkinin əleyhinə səs verdilər. Onlar bilirdilər ki, seçkinin nəticələri əvvəlcədən məlumdur. Ermənistandakı hakimiyyət dəyişikləri, may ayında olan guya küçə etirazları vasitəsilə Nikol Paşinyanın hakimiyyətə gəlməsi yaxşı hazırlanmış ssenari idi. Bu ssenarinin növbəti mərhələsi də Sarkisyan-Köçəryan klanının hakimiyyətdən uzaqlaşdırılması idi. Paşinyan da artıq bunu iki gündür dayanmadan bəyan edir ki, Qarabağ klanı guya parlamentdə yer almadığına görə qərarların qəbulu prosesindən kənarda qalacaq. Lakin bu, belə deyil, belə də olmayacaq. Çünki nə Sarkisyanın dəstəsi, nə də Koçaryanın dəstəsi məğlubiyyətlə barışan deyillər. Eyni zamanda maliyyə oliqarxiyasının bilavasitə Rusiya ilə bağlı olduğunu, Rusiyanın nümayişləri guya kənardan müşahidə etməsini nəzərə alsaq, hamısı görüntülərdir. Paşinyanı çox ciddi, ağır vəziyyət gözləyir. Bu vəziyyət Ermənistanın indiyə qədər düşdüyü problemlər girdabından daha dərin uçurumdur. Sadəcə bunu deyə bilərəm.
  • Sizcə, Paşinyan Qarabağla bağlı öz ritorikasında qalacaq yoxsa, dəyişiklik edəcək?
  • Yox, Paşinyan öz ritorikasını daha da sərtləşdirəcək. Çünki Ermənistanda Sasna Tser adlı bir partiya var. O, tələb edir ki, Rusiyadan Gümrüdəki 102-ci hərbi baza çıxarılsın. Eyni zamanda Rusiya-Ermənistan əlaqələrinə yenidən baxılsın və aşkar qərbyönümlü siyasət yürüdülsün. Ermənilərin baş nazir dedikləri Paşinyan da məcburdur ki, ölkədəki bu əhval-ruhiyyəni nəzərə alsın. Paşinyan da əslən Dağlıq Qarabağdan olan və hakimiyyətdə illər boyu təmsil olunmuş qruplaşmanı zərərsizləşdirməyə çalışırsa, Dağlıq Qarabağ ermənilərinin separatçı və terrorçu xuntasının tələblərini nəzərə almaya bilməz. Çünki “Böyük Ermənistan” xülyası Ermənistan siyasətinin məhək daşını təşkil edir. Paşinyan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda məğlub durumda olduğunu anlayır. O, başa düşür ki, Qarabağ məsələsinin indiki statusunu uzun müddət qoruya bilməyəcək. Onu da başa düşür ki, indiki statusun ləğvi Ermənistanın bu və ya digər şəkildə Azərbaycanla danışıqlara getmək labüdlüyünü özündə ehtiva edir. Danışıqların alternativi isə hərbi əməliyyatlardır. Hərbi əməliyyatların da perspektivini Paşinyan başa düşməmiş deyil. Ən azı erməni ordusunun nə vəziyyətdə olduğunu o yaxşı bilir. Oğlunu guya Dağlıq Qarabağa hərbi xidmətə göndərib. O, indi başa düşür ki, nə qədər böyük səhv edib. Oğlunun orada xidmət etməsi, guya Qarabağlıların ordakı hərbi dəstələrinin yox, bilavasitə Ermənistan ordusunun və qoşunlarının hərbi kontigentinin olduğu Ermənistan rəhbərliyinin rəsmi etirafı demək idi. Ona görə də Paşinyan məcburdur ki, həm ölkə daxilindəki militarların mövqelərini nəzərə alsın, həm də ABŞ, Fransa, Rusiyanın təzyiqləri arasında baraj qursun. Ona görə Paşinyanın Dağlıq Qarabağ problemi ilə bağlı yaxın dövrlərdə sülhpərvər bəyanatlarla çıxış edəcəyini gözləmirəm.
  • Bəs, Koçaryanın həbsi necə, seçkilərlə əlaqəsi var, yoxsa?
  • Koçaryanın həbsi bilavasitə seçki qabağı edilmiş tragikomediyanın növbəti səhnəsi idi. Xatırladım ki, avqustun 31-də Koçaryanın ad günü idi. Paşinyan hakimiyyətə gələndən sonra Rusiya prezidenti Koçaryana zəng edib, təbrik etdi. Koçaryan düşündü ki, o, həmişəki kimi Rusiyanın adamı statusunda qalıb və demək olar ki, son 2 ayda o Nikol Paşinyana müharibə elan etmişdi. Nikol Paşinyan isə öz seçicilərinə, habelə erməni vətəndaşlarına göstərməli idi ki, o, guya qətiyyətli, əzmkar, iradəli insandır. Ona görə də Koçaryanı, MDB ölkələrinə KTMT-in keçmiş baş katibi Yuri Xaçaturovu 2001-ci ilin may hadisələrinə görə həbs edib, onların haqqında cinayət işi açdırdı. Bu bilavasitə seçkidən əvvəl vəziyyətin daha da gərginləşdirilməsinə hesablanmış addım idi. Paşinyan əslində bu həbslə erməni müxalifətinə - halbuki Ermənistanda müxalifət yoxdur, orda Paşinyana qarşı olan qüvvələr var - mesaj verdi ki, kim mənimlə deyilsə, mənə qarşıdır. Fikir verdinizsə, bazar günü keçirilən seçkilərdə erməni müxalifət partiyalarının heç biri Paşinyana qarşı çıxış etmədi. Bu sadəcə olaraq Ermənistanda yeni diktaturanın yaradılmasının ilkin mərhələsi idi. Paşinyan da bunu göstərdi ki, heç də demokrat deyil. Sadəcə küçə etirazları nəticəsində hakimiyyətə gəlmiş adi bir marianetdir.
  • Necə düşünürsünüz, Paşinyan Qərblə Rusiya arasında qalsa, seçimi necə olacaq?
  • Paşinyanın qarşısında belə aşkar seçim qoyulmayıb. Rusiya başa düşür ki, Paşinyan Qərbin "kukla"sıdır. ABŞ və AB-də anlayır ki, Ermənistanın yaxın gələcəkdə Rusiya ilə əlaqələrə yenidən baxmağa imkanı yoxdur. Nə maliyyə, nə iqtisadi, nə siyasi, nə mənəvi, nə də hərbi baxımdan Ermənistanın şansı yoxdur. Ermənistan özlərinin də dediyi kimi, “Tanrı qarğımış” bir ölkədir və birbaşa Rusiyadan asılıdır. Paşinyanın bu seçkiləri, Ermənistandakı təsir rıçaqları uğrundakı mübarizəyə AB-nin və İranın qoşulmasını gətirib çıxaracaq. Çünki ABŞ-ın Paşinyana təsiri nə qədər artsa, İranın əks-təsir istəyi də o qədər güclənəcək. İran Ermənistanı öz nefti və qazını Qara dənizə çıxara biləcək tranzit ölkə kimi görür. İran iqtisadiyyatının Ermənistana təsir imkanları çox böyükdür. Buna görə də yeni oyunçular girəcək dövrəyə. Onların hər birini Ermənistan qətiyyən maraqlandırmır.
  • Bəs onları maraqlandıran nədir?
  • Onlara Ermənistan gərək deyil, necə ki, heç vaxt gərək olmayıb. Rusiya çalışacaq ki, Ermənistan vasitəsilə Cənubi Qafqazda Gürcüstanın mövqelərini zəiflətsin. ABŞ çalışacaq ki, Ermənistan vasitəsilə Gürcüstanın mövqeləri güclənsin. Son seçkilər göstərdi ki, Gürcüstanda Rusiyanın təsiri zəif deyil. İvanişvilinin blokunun qələbəsi göstərdi ki, Rusiyanın təsir imkanları var. Ona görə də burda siyasi qarşıdurma çox yaxın zamanda artıq aşkar rəqabət fazasına keçəcək. Buna demək olar 1 ay qalıb. Eyni zamanda onu da unutmayaq ki, Ermənistan faktiki vətəndaş müharibəsi səviyyəsinə gəlib çata bilər. Çünki Qarabağ klanı həm siyasi, həm iqtisadi, həm də maliyyə rıçaqlarının əlindən çıxması ilə barışmayacaq. Paşinyanın yeni hakimiyyətə gəlmiş komandası çalışacaq ki, həmin o maliyyəyə sahiblənsin. Bütün bunlar da Rusiya, ABŞ, AB və İran arasında olan təsir rıçaqları uğrunda mübarizəni daha da sərtləşdirəcək.

Pərvanə Ağazadə

AzNews.az

image description