"Dövlət büdcəsinin xərclərini bacardıqca yüngülləşdirmək lazımdır" "Dövlət büdcəsinin xərclərini bacardıqca yüngülləşdirmək lazımdır"

“Bu qurumların ləğvi ciddi islahatlara doğru atılan addımdır”

"Dövlət büdcəsinin xərclərini bacardıqca yüngülləşdirmək lazımdır"

“Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm”.

AzNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Azərbaycan prezidenti İlham Əliyevin bir neçə dövlət qrumlarının ləğv edilməsi ilə bağlı Fərmanını şərh edərkən deyib. Deputat qeyd edib ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır:

“Əlbəttə, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşürəm. Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır. İndi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır. Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür”.

Fazil Mustafa bildirib ki, icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı: “Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahıın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, bir neçə qurum ləğv edilib, bir neçəsinin isə fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az