Prezidentin köməkçisindən AXCP sədri Əli Kərimliyə sərt ittihamlar Prezidentin köməkçisindən AXCP sədri Əli Kərimliyə sərt ittihamlar

Əli Həsənov: “Mənsub olduqları partiyanı param-parça etdilər”

Prezidentin köməkçisindən AXCP sədri Əli Kərimliyə sərt ittihamlar

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook” səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsini yerləşdirib. Məqalədə Əli Həsənov Azərbaycan hakimiyyətinin məsul şəxsi kimi, təmsil etdiyi iqtidar hər zaman çoxpartiyalı sistemin dəstəkçisi olub:

1988-ci ildən bəri Azərbaycanın aktiv siyasi həyatındayam. 1993-cü ildən isə Prezident komandasında vətəndaş cəmiyyəti təsisatları - QHT-lər, KİV-lər və siyasi partiyalarla əlaqələrlə birbaşa məşğul oluram. Məsuliyyətlə söyləyə bilərəm ki, bütün fəaliyyətim dövründə həm dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyev, həm də onun siyasi varisi Prezident İlham Əliyev siyasi plüralizmi və çoxpartiyalı sistemi Azərbaycanın demokratik inkişafının təməl prinsipi kimi görüblər, ölkədə vətəndaş cəmiyyətinin mühüm seqmenti olaraq həm ictimai, həm də siyasi opponentlik mexanizmlərinin işlək və çevik olmasına çalışıblar, çoxrəngli ideoloji-siyasi palitranın mövcudluğunu arzu ediblər. Çünki cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən müxalifətin də cari proseslərə, gələcəyə hesablanmış konsepsiyalara baxış və rəylərini bilmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazırlıq formasında qalması üçün vacib şərtdir”.

Prezidentin köməkçisi bildirib ki, onun hakim komandanın məsul üzvlərindən biri olaraq məhz bu yanaşmanı əsas götürməklə ötən illər ərzində ölkənin siyasi səhnəsində yer alan, yer almaq istəyən, siyasi proseslərə istər açıq, istərsə də dolayı şəkildə təsir göstərməyə cəhd edən çeşidli qrupların, ayrı-ayrı şəxslərin fəaliyyətini müşahidə və təhlil etmək imkanım olub:

“Qənaətlərimi qısa və ən ümumi şəkildə belə ifadə edə bilərəm: əks düşərgənin ümumi tablosunda konstruktiv qüvvələr də yer alıb, destruktiv qüvvələr də; bir zamanlar özlərini “milli demokrat” adlandıran, amma sonradan Avropa Liberal Demokrat İttifaqına qatılmaq naminə dəyərlərini dəyişən sağçılar da var, özlərinə gah şimalda, gah da cənubda himayədar axtaran solçular da; dünyəvi konstitusion quruluşu əsl dövlətçilik istehkamı olaraq qorumağa hazır olan sekulyarlar da məlumdur, bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikallar da. Sosial bazasını, ictimai dəstəyini Azərbaycan xalqı arasında axtaran və siyasi perspektivini milli iradəyə bağlayan qüvvələrin də şahidi olmuşuq, bütün iddialarını xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxanları da. Lakin Azərbaycanın müstəqil bir dövlət kimi öz əzələlərini möhkəmləndirməsi, ehtiyac yarananda, müstəqilliyimizi istəməyən qüvvələrə nümayiş etdirməsi, regional gücə, beynəlxalq arenada söz sahibinə çevrilməsi baxımından yetərincə təlatümlü keçən ötən illərdən hasil etdiyim bir qənaət də budur ki, milli mənafelərə, ümumi və strateji maraqlara çox asanlıqla arxa çevirərək dövlətə və dövlətçiliyə qarşı opponentlik edən əsas siyasi qruplardan biri Əli Kərimli və onun çevrəsindəki şəxslərdir”.

“Bu maddi maraq qrupu ta komsomolçu keçmişlərindən üzü bəri daim “maliyyəni verən musiqini də sifariş edər” devizi ilə hərəkət edərək, əvvəlcə mənsub olduqları siyasi partiyanın param-parça vəziyyətə düşməsi üçün heç nədən, hətta liderlərinə xəyanət etməkdən də çəkinməyiblər, sonra isə qazandıqları “təcrübəni” Azərbaycan dövlətinə, xalqına, milli maraqlarımıza qarşı istifadə etməyə başlayıblar. Hazırda bu qrup milli dəyər, məfkurə və müqəddəratımıza zidd olan ritorikaları ilə Azərbaycanda böyük vüsətlə gerçəkləşən və son zamanlar daha da intensivləşən islahatlara hər addımbaşı kölgə salmaq yolunu tutublar”- Əli Həsənov yazıb.

AzNews.az