Prezidentin köməkçisi AXC və YAP iqtidarlarının fərqlərindən yazdı Prezidentin köməkçisi AXC və YAP iqtidarlarının fərqlərindən yazdı

Əli Həsənov: “Heç onlar da Əli Kərimlinin liderliyini qəbul etmirlər”

Prezidentin köməkçisi AXC və YAP iqtidarlarının fərqlərindən yazdı

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook” səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsini böyük rezonans doğurub. Prezidentin köməkçisi öz məqaləsində müxalifətin sosial dayaqlarının son dərəcə zəif olmasına, o cümlədən hər zaman ictimai-siyasi proseslərin avanqard qüvvəsini təşkil edən Azərbaycan gəncliyindən dəstək almaması barədə fikirlərini bölüşüb:

“Azərbaycan cəmiyyətinin və onun önəmli bir kəsimi olan gəncliyin nəzərindən yayınmır ki, əvvəllər müxalif düşərgədə yaranan birlik formatlarının avanqard qüvvəsini keçmiş hakimiyyətin “bəlkə də qaytardılar” ümidi ilə yaşayan nümayəndələri təşkil edir. İndi heç keçmiş hakimiyyət nümayəndələri də haçansa tutduqları postlara yenidən qovuşmaq üçün Əli Kərimlinin liderliyini qəbul etmir, onu öz revanş arzularının ifadəçisi kimi görmürlər. Belə olan təqdirdə yeni nəsil niyə öz karyera imkanlarını AXCP-nin sıralarında puç etməlidir?

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişinin ilk ilində orta məktəbin birinci sinfinə gedən şagirdlər hazırda yeni təhsil sistemi üzrə magistr dərəcəsi əldə ediblər. Onların bir qismi akademik elmi fəaliyyətlə məşğul olmaq üçün təhsilini davam etdirir, xeyli hissəsi isə dövlət qurumlarında, özəl müəssisə və şirkətlərdə çalışır. Onlar bilirlər ki, həm mövcud dövlət idarəçilik sistemi, həm də özəl sektor Azərbaycanda məhz ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin hakimiyyəti sayəsində bərqərar olub. Azərbaycan gəncliyinin məhz bunun fərqində olmasının nəticəsidir ki, Əli Kərimlinin sədrlik etdiyi təşkilatda son bir neçə ildə ali məktəbdən məzun olmuş, dövlət qurumlarını heç demirəm, özəl sektorda uğur qazanmış, vətəndaş cəmiyyəti qurumlarında, mətbuatda öz intellekti və istedadı ilə önə çıxmış gənclər yox səviyyəsindədir”.

“Belə bir ölü təşkilat və həmin təşkilatın sədri ictimai-siyasi proseslərə hansı müsbət dinamika gətirə bilər ki?”- deyə sual edən Əli Həsənov AXC hakimiyyətinin xaricə tələbə göndərən zaman böyük ideoloji səhvə yol verdiyini xatırladıb:

“İndi ən ucqar kəndlərimizdə böyüyən gənclər dövlətin himayəsi sayəsində aparıcı xarici universitetlərdə təhsilin müxtəlif pillələri üzrə yaxşı perspektiv vəd edən, dünyanın gələcəyini müəyyən edəcək ixtisaslara yiyələnməkdədirlər. Əlbəttə, deyilə bilər ki, AXC hakimiyyəti illərində də xaricə təhsil almağa göndərilənlər olub. Amma o göndərişin coğrafiyası təkcə bir ölkə ilə yekunlaşırdı, tələbələr həmin ölkənin ümidinə buraxılırdı və gənclər zərurət duyulan peşə və ixtisaslara deyil, AXC hakimiyyətinin ideoloji beyinyuma, azərbaycanlıları “yenidən formatlama” siyasətinə uyğun olaraq əsasən filologiya, tarix, sosial elmlər kimi sahələrə yönləndirilmişdilər. AXC və YAP iqtidarlarının fərqi də bundadır: bizim partiya vətəndaşı dövlət və yaxud hansısa ideologiya üçün vasitə, xammal olaraq görmür. Ümummilli Liderimizdən bizə miras qalan ən mühüm tövsiyə budur - dövlət vətəndaş üçündür. Biz gəncləri, cənab Prezidentin ifadə etdiyi kimi, Azərbaycanın gələcəyi olaraq görürük, onların öz milli dəyərlərimizi, milli ruhumuzu qoruyaraq ən çağdaş elmlərə, çağdaş ixtisas və peşələrə yiyələnməsinə çalışırıq... Bəli, İlham Əliyev dövlətin vəsaiti ilə hansısa şübhəli ideologiyalara xidmət edən, antimilli ruh daşıyıcısı olan yeni nəsil yetişdirməklə məşğul olmur, öz milli mənsubiyyəti və doğma Azərbaycanı ilə fəxr edən gəncliyin formalaşması üçün çalışır”.

Əli Həsənov qeyd edib ki, sosial dəstəkdən məhrum olan AXCP sədri Əli Kərimli hər addımbaşı qeyri-ciddi vəziyyətə düşür:

“Əli Kərimli xalqımızın xüsusi həssaslıq nümayiş etdirdiyi 20 Yanvar günündə Şəhidlər xiyabanına ziyarətə gələn, ümumiyyətlə, onun mövcudluğu ilə maraqlanmayan kütlənin qarşısına keçib, öz ətrafında izdiham görüntüsü yaratmağa çalışırdı. Lakin bu cür illüziyalar yaratmaq istəyi son nəticədə elə öz əleyhinə işlədi və cəmi bir neçə gün sonra Məmmədəmin Rəsulzadənin heykəlinin ziyarətinə on minlərin önündə gedəcəyini bəyan etdiyi halda, Novxanıya 120 nəfərlə daxil oldu. Bu isə onun “liderliyini” dırnaq arasına saldı, ciddiyyətdən nə qədər uzaq olduğunu hər kəsə agah etdi. Bu adamların siyasət anlayışı da qeyri-ciddidir, dedi-qodusu da öz səviyyələrindən o tərəfə getmir”.

AzNews.az