"Bu pozitiv reallıq hələ uzun illər Azərbaycan xalqına və dövlətinə xidmət edəcək" "Bu pozitiv reallıq hələ uzun illər Azərbaycan xalqına və dövlətinə xidmət edəcək"

Əli Həsənovdan Əli Kərimliyə: “Məyus olacaqsınız, ona görə ki...”

"Bu pozitiv reallıq hələ uzun illər Azərbaycan xalqına və dövlətinə xidmət edəcək"

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook” səhifəsində paylaşdığı “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində Azərbaycan dövlətinin mətbuatın və jurnalistlərin problemlərini daim diqqətdə saxladığını vurğulayıb. Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə böyük maraq doğurmuş məqalənin son hissəsində Azərbaycan prezidentinin köməkçisi Əli Kərimlinin çevrəsində olan QHT-lərin xaricdən maliyyələşən qrant layihələrinin icrası zamanı jurnalistlərin məvaciblərinin mənimsənilməsinə eyham vurub:

Azərbaycan hakimiyyəti yüzlərlə jurnalisti mənzillə təmin etdi, siyasi dünyagörüşünə fərq qoymadan yüzlərlə qələm sahibini kirayələrdən, yataqxanalardan ayırıb, Bakının ən prestijli ərazisində ev-eşik sahibinə çevirdi. Hətta vaxtilə öz nəzarətində olan qəzetlərdə çalışan mətbuat nümayəndələrinə də “Allah xeyir versin” deməyə mənəvi gücü çatmayan Əli Kərimli iddia edir ki, guya dövlət bu yolla medianı satın alır. Yaxşı olmazmı ki, AXCP sədri ev müqabilində hansısa şərt qoyulub-qoyulmamasını jurnalistlərin özündən soruşsun, dövlətdən hər cür qayğı görən mətbuatın səsini dinləsin?! Bəlkə, vaxtilə kirayə qaldıqları evlərin pulunu ödəyə bilmədikləri halda, qrant layihələrində adlarının qarşısına yüksək məbləğlər yazılan, ancaq həmin məbləğin heç yarısını da Əli Kərimlinin çevrəsindəki QHT-lərdən ala bilməyən jurnalistlərin gözünün içinə baxaraq desin bütün bunları? Avstriya, Danimarka, Fransa və müxalifət fəallarının qrant aldığı Avropa dövlətlərinin əksəriyyətində mediaya, qeyri-hökumət təşkilatlarına milyonlarla yardım verilir. Elə Əli Kərimlinin həvəslə istinad etdiyi beynəlxalq hüquq müdafiə təşkilatları da, əsasən ABŞ, Böyük Britaniya, Almaniya və digər Qərb dövlətlərinin büdcəsindən maliyyələşirlər. Onlardamı satın alınıb? Satın alınıblarsa, bu təşkilatlara niyə istinad olunur, niyə onların iddiaları tirajlanır və hakimiyyətə qarşı təbliğatda istifadə edilir”?

Prezidentin köməkçisi qeyd edib ki, Əli Kərimlinin müsahibəsində səsləndirdiyi iddiaları bir-bir təftiş edərək, onların hər birinə cavab vermək və Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin uğurlu nəticələrini sadalamaq olar:

“Ancaq sözümün sonunda bir məsələyə toxunmaq istəyirəm. Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə tez-tez belə bir sual səslənir ki, Azərbaycan müxalifəti niyə belə zəif və perspektivsizdir? Əslində bunun səbəbkarı nə Əli Kərimlidir, nə də düşərgənin digər nümayəndələri. Çünki onlar Prezident İlham Əliyevin düşünülmüş, prinsipial milli siyasəti, dövlət başçısının müasir və qüdrətli Azərbaycan naminə açdığı yeni üfüqlər, vətəndaş təşəbbüskarlığına yaratdığı imkanlar qarşısında aciz vəziyyətdə qalmağa məhkumdurlar. Müxalifət üçün nə qədər məyusedici olsa da, deməliyəm: bu pozitiv reallıq hələ uzun illər Azərbaycan xalqına və dövlətinə xidmət edəcək. Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz”.

AzNews.az