Aydın Mirzəzadə: "Kiçik radikal siyasi qrupların söylədikləri kabinetlərindən kənara çıxmır" Aydın Mirzəzadə: "Kiçik radikal siyasi qrupların söylədikləri kabinetlərindən kənara çıxmır"

"Cəmiyyət bu kiçik siyasi dərnəyi dəstəkləmir"

Aydın Mirzəzadə: "Kiçik radikal siyasi qrupların söylədikləri kabinetlərindən kənara çıxmır"

Prezident İlham Əliyev bu günlərdə 431 məhbusu əhatə edən əfv sərəncamı imzaladı. Təsadüfi deyil ki, müxalif təbəqənin böyük əksəriyyəti də Novruz əfvini müsbət dəyərləndirdi.

Lakin bu barədə AXCP sədri Əli Kərimli və tərəfdarları fərqli mövqe sərgiləməkdədirlər. Baxmayaraq ki, o, “Facebook”dakı ilk statusunda əfv qərarını müsbət qarşılamışdı. Ancaq azadlığa buraxılan tərəfdaşlarını ziyarət edərkən AXCP sədri əfv əleyhinə sərt mövqe sərgiləməyə başladı.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə ilə danışdıq.

O, AzNews.az-a bildirdi ki, AXCP sədri iqtidar-müxalifət münasibətlərində gərginliyin qalmasında maraqlıdır. Təsadüfi deyil ki, hökumətin son iki ayda atdığı hər bir müsbət addım radikal düşərgə tərəfindən mənfi qarşılanır:

“Prezident İlham Əliyevin atdığı addımlar hər bir azərbaycanlının milli marağına cavab verir. Onun apardığı siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı dəfələrlə güclənib, valyuta ehtiyatımız artıb, ölkənin infrastrukturu yenilənib. Saysız-hesabsız məktəblər, bağçalar, xəstəxana binaları tikilib, xarici ölkələrdə səfirlik və nümayəndəliklərimizin sayı ciddi şəkildə artıb. Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi diplomatik mərkəzə çevrilib. Bu günlərə OPEC+ təşkilatının sammitinin Azərbaycanda keçirilməsi və sammit iştirakçılarının güclü inkişafı istiqamətində söylədikləri fikirlər də göz qarşısındadır. Bu fövqdə kiçik bir siyasi dərnəyin ölkədə aparılan böyük işlərə mənfi yanaşması onların milli maraqlardan uzaq olduqlarını, Azərbaycanın inkişafında maraqlı olmadıqlarını, eləcə də anti-Azərbaycan mərkəzlərin tapşırıqlarını yerinə yetirdiklərini göstərir”.

A.Mirzəzadə vurğuladı ki, son vaxtlar Azərbaycanda çox ciddi sosial proqramlar qəbul edilir. Demək olar ki, əhalinin hər bir təbəqəsinin gəlirlərinin artması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar, bu günlərdə 431 məhbusun əfv edilməsi və s. hamısı Azərbaycanda sosial dövlətin mövcudluğunu, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın durduğunu göstərir:

“Gəlin görək, bu radikal müxalif dərnək ortaya nə qoyub, hansı problemimizin həllinə dair təkliflər verib, öz mövqelərini bildirib?! Onların əsas maraqları Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşməsi, sosial durumun pisləşməsi və Azərbaycanın müstəqil siyasətdən imtina edərək xaricdə müəyyən dairələrin təsiri altına düşməsindən ibarətdir. Lakin onların dedikləri heç bir halda cəmiyyətin mövqeyi ola bilməz. Bu gün cəmiyyət o adamları dəstəkləmir, müdafiə etmir. Kiçik radikal siyasi qrupların söylədikləri də öz kabinetlərindən kənara çıxmır”.

Elgün
AzNews.az