Sosial Tədqiqatlar Mərkəzi seçkilər zamanı ictimai rəyi öyrənərək nəticələri təhlil edəcək

Bu vəzifələr “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”ndə əks olunub.

Yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin vəzifələri müəyyənləşib.

Bu vəzifələr “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”ndə əks olunub.

Mərkəzin vəzifələri bunlardır:

1. Azərbaycan cəmiyyətində baş verən prosesləri, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, cəmiyyətin gələcək inkişaf isitqamətlərini proqnozlaşdırmaq,

2. Azərbaycan Respublikasının milli maraqları ilə bağlı olan qlobal və regional prosesləri, habelə ölkədə ictimai-siyasi, sosial, elmi-mədəni sahələrdə gedən prosesləri və hadisələri təhlil etmək, iqtisadi proseslərin sosial aspektlərini öyrənmək, bu sahələrdə baş verəcək dəyişiklikləri proqnozlaşdırmaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərinə dair təhlillər aparmaq, nəticələrə dair qabaqlayıcı təkliflər vermək,

3. ölkənin müxtəlif problemlərinin, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün siyasi, hüquqi, iqtisadi, hərbi və digər aspektlərinin sosioloji tədqiqatını həyata keçirmək,

4. cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, ictimai-siyasi, sosial məsələlər, mövcud problemlərin həlli və digər istiqamətlər üzrə aparılan araşdırmaların nəticələrini, bu sahədə təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,

5. islahatların səmərəliliyini artırmaq məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə sorğular və tədqiqatlar əsasında təhlillər aparmaq,

islahatların mümkün nəticələrini proqnozlaşdırmaq, 6. həyata keçirilən siyasətlə, dövlət orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə sorğular keçirmək, təhlillər aparmaq, nəticələrə dair rəy və təkliflər hazırlamaq,

7. ölkədə keçirilən seçkilər və referendumlar zamanı ictimai rəyi öyrənərək nəticələri təhlil etmək və hesabatlar təqdim etmək,

8. dövlət orqanları (qurumları) ilə müvafiq məlumat mübadiləsini həyata keçirməklə onları sosial tədqiqatlara əsaslanan müvafiq statistik və analitik məlumatlarla təmin etmək,

9. dövlət idarəetməsində və ictimai münasibətlərdə davranış nəzəriyyələrinin, davranışın idarə olunması, sosial və siyasi psixologiya nəzəriyyələrinin tətbiqinə dair dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, bu sahədə araşdırmalar, təhlillər və qiymətləndirmələr aparmaq,

10. müasir informasiya texnologiyaları və innovativ həll üsulları vasitəsilə fərdlərlə dövlət orqanları arasında münasibətlərin daha səmərəli formada qurulması ilə bağlı təkliflər vermək,

11. informasiya resurslarının, sosial şəbəkələrin təhlili və sosioloji sorğular əsasında ictimai fikri öyrənmək, siyasi, sosial trendləri, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və bu barədə aidiyyəti dövlət orqanlarını və qurumlarını məlumatlandırmaq,

12. sosial rifahın qiymətləndirilməsi üzrə beynəlxalq hesabat və indekslərin müqayisəli təhlilini aparmaq,

13. dövlətin siyasətinin mütəmadi şərhini, cəmiyyətə əlçatanlığını təmin etmək, dövlətin müxtəlif sahələrdə gördüyü işlərin əhaliyə çatdırılmasını təşkil etmək və həyata keçirmək,

14. etnosiyasi, dini münasibətləri və problemləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və bununla bağlı təkliflər hazırlamaq,

15. Azərbaycan diasporunun, QHT-lərinin "yumşaq güc" və "publik diplomatiya"nın tərkib hissəsi kimi fəaliyyətini təhlil etmək və təkliflər hazırlamaq,

16. sosial tədqiqatlar sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək,

17. normativ hüquqi aktların layihələrinin hazırlanması mərhələsində vətəndaş cəmiyyəti institutları ilə birgə ictimai dinləmər təşkil etmək, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektləri məlumatlandırmaq,

18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək,

19. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq məsələlərə münasibət bildirmək,

20. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin sosial tədqiqatlar sahəsində fəaliyyətini əlaqələndirmək,

21. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq struktur bölməsinə davamlı olaraq təhlil, tədqiqat və sorğuların nəticələrini, habelə Mərkəzin inkişaf istiqamətləri, strateji məqsədləri və fəaliyyət planları ilə bağlı təkliflərini təqdim etmək,

22. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək,

23. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək,

24. Mərkəz əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək,

25. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda və yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini və təhlükəsizliyini təmin etmək,

26. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək,

27. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək,

28. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək,

29. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, sosial tədqiqatlar sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək,

30. sosial tədqiqatlar sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək,

31. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməkdir.

AzNews.az