"Bu təşkilatlar öz çirkin kampaniyaları ilə heç vaxt məqsədə nail ola bilməyib" "Bu təşkilatlar öz çirkin kampaniyaları ilə heç vaxt məqsədə nail ola bilməyib"

“Amnisty İnternational”ın şəffafllq və demokratiyadan danışmağa haqqı yoxdur

"Bu təşkilatlar öz çirkin kampaniyaları ilə heç vaxt məqsədə nail ola bilməyib"

Adı korrupsiyada hallanan və sifariş yerinə yetirən bu təşkilat xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsinə çevrilib

Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasına başlayıblar. Bir neçə gündür ən müxtəlif mövzularla davam etdirilən kampaniyaya əsas səbəb mayın 29-da Bakıda UEFA finalının keçirilməsidir. Böyük Britaniyanın iki məşhur futbol komandası - "Arsenal” və "Çelsi” qeyd edilən tarixdə Bakı Olimpiya Stadionunda qarşı-qarşıya gələcəklər. Dünya idman ictimaiyyətinin diqqətinin Azərbaycanda olduğu belə bir ərəfədə bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür, beynəlxalq aləmdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Hətta bəzi dairələr əsassız şəkildə insan hüquqları, qanunun aliliyi məsələsini qabardır, bu kimi "faktlar”ı əldə rəhbər tutaraq ölkəmizin üzərinə "Səlib yürüşü”nə keçirlər. Belə bir fonda "Amnesty İnternational” da Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib. Sözügedən təşkilat bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib. Halbuki, Qərb ölkələrinin bir çoxunda belə hallar, özü də real faktlara əsaslanan hadisələr kifayət qədərdir. İnternetə çıxışı olan istənilən vətəndaş axtarış verib yüzlərlə belə faktları oxuya, onlarla yaxından tanış ola bilər. Digər tərəfdən, "Amnesty İnternational” korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb. Bu təşkilat ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Ona görə də belə çirkli reputasiyaya malik bir qurumun kimisə ittiham etməyə, ədalət, şəffaflıq və demokratiyadan danışmağa mənəvi haqqı yoxdur.

Milli Məclisin deputatı Aydın Hüseynov da bildirib ki, "Amnesty İnternational” təşkilatının Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlər dünyada ikili standartların mövcud olmasının daha bir göstəricisidir. Onun sözlərinə görə, korrupsiyada adı hallanan və sifariş yerinə yetirən bu qurumun Azərbaycanı hədəfə alması məqsədli xarakter daşıyır. Millət vəkili deyib ki, "Amnesty İnternational” ayrı-ayrı xarici qüvvələrin, güc mərkəzlərinin əlində müstəqil siyasət yürüdən ölkələrə, o cümlədən Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilib: "Azərbaycanda həmişə mühüm tədbirlər keçirilən ərəfədə "Amnesty İnternational” kimi təzyiq aləti olan təşkilatlar hərəkətə keçir və ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Əlbəttə ki, bunun da səbəbi Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasıdır. Azərbaycanın bu inkişafı, müstəqil siyasətindən narahat olan bəzi xarici dairələr əllərinə fürsət düşdükcə ölkəmizə təzyiq göstərməyə cəhd edirlər. Bu baxımdan UEFA Avropa Liqasının final matçının keçirildiyi ərəfədə Azərbaycana qarşı növbəti çirkin kampaniyaya başlayıblar və əsassız, qərəzli fikirlər səsləndirirlər”.

Millət vəkili A.Hüseynov indiyə qədər Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə, idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, əminliklə bildirib ki, UEFA final oyununa da Azərbaycan ən yüksək səviyyədə ev sahibliyi edəcək, azarkeşlər paytaxt Bakının Olimpiya Stadionunda möhtəşəm futbol oyununun şahidinə çevriləcəklər: "2012-ci ildə "Avroviziya” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, hər il keçirilən Formula-1 kimi mötəbər beynəlxalq yarışlar ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Formula-1 yarışmasının ölkəmizdə daha 3 il keçirilməsi ilə bağlı sazişin imzalanması beynəlxalq aləmdə ölkəmizə olan etimadın aydın göstəricisidir. Ona görə də "Amnesty İnternational” kimi çirkli reputasiyaya malik, başqalarının əlində alət olan bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffaflıq, demokratiyadan danışmağa haqqı yoxdur. Bu təşkilatlar öz çirkin kampaniyaları ilə heç vaxt məqsədə nail ola bilməyib və bundan sonra da olmayacaqlar. Bu təşkilatlar ayrı-ayrı ölkələrlə bağlı qeyri-obyektiv, ədalətsiz və qərəzli fikirlər səsləndirməklə yalnız özlərini nüfuzdan salırlar. Azərbaycan xalqı müdrik xalqdır və bu cür təşkilatların hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir”.

Milli Məclisin deputatı Eldəniz Səlimov da hesab edir ki, "Amnesty İnternational” təşkilatının Avropa Liqasının Azərbaycanda keçirilməsi ilə bağlı qərəzli mövqe sərgiləməsi təbii haldır. Onun fikrincə, indiyədək bu kimi təşkilatlar tərəfindən Azərbaycana qarşı dəfələrlə qarayaxma kampaniyaları aparılıb və nəticəsiz başa çatıb: "Bu gün Azərbaycanın inkişafına qısqanclıqla yanaşan ölkələr var. Avropada da anti-Azərbaycan təbliğatı ilə məşğul olan bəzi təşkilatlar var. Onlar ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar. Bu gün Azərbaycanın regionda söz sahibinə çevrilməsindən, beynəlxalq reytinqlərdə yüksəlməsindən narahat olan dairələr hər hansı qarayaxma kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vurmağa çalışırlar. Amma onlar bu istəklərinə heç bir halda çata bilmirlər. Artıq illərdir ki, bu cür hallarla rastlaşan Azərbaycan keçirdiyi yüksək səviyyəli tədbirlərlə antimilli qüvvələrə lazımi cavabı verib. Onların pis niyyətli və məkrli əməllərinin həyata keçməsinə imkan verməyib. İndiyə qədər ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan dünyada ən təhlükəsiz, sabit və sakit ölkələrdən biri olduğunu dəfələrlə sübut edib. Ona görə də digər tədbirlər kimi mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyununun da ən yüksək səviyyədə baş tutacağına əminəm. Ölkəmizə indidən gələn azarkeşlər və turistlər, həmçinin onlar üçün yaradılan hər cür şərait bunu deməyə əsas verir”. (kaspi.az)

AzNews.az