"Kərimli iddia edir ki, Bakıya gözlənildiyi qədər azarkeş gəlməyəcək" "Kərimli iddia edir ki, Bakıya gözlənildiyi qədər azarkeş gəlməyəcək"

Bakıya qarşı ikinci cəbhə: Kərimli niyə indi hərəkətə keçdi?

"Kərimli iddia edir ki, Bakıya gözlənildiyi qədər azarkeş gəlməyəcək"

Nəhayət, Əli Kərimli də Avroliqanın Bakıda keçiriləcək final oyunu üzərindən Azərbaycana qarşı edilən hücumlara qoşuldu. Adətən belə kampaniyaların daxili ruporu kimi çıxış edən AXCP sədrinin bu dəfə bir qədər gecikdiyi diqqət çəkirdi, lakin irəli sürdüyü “arqumentlərin” “toplarını” Bakıya tuşlamış dairələrlə uzlaşması xaricdə və daxildə aparılan anti-Azərbaycan kampaniyasının eyni “qərargahdan” idarə edildiyini bir daha təsdiqlədi. Hərçənd, bu “arqumentlər”in hava şarı qədər boş olduğunu anlamaq böyük zəhmət tələb etmir və iddialarla faktların müqayisəsi real mənzərəni ortaya çıxarır.

Diqqət edin: “Arsenal” və “Çelsi”nin final biletlərini geri qaytardığını deyən Kərimli iddia edir ki, Bakıya gözlənildiyi qədər azarkeş gəlməyəcək.

Məlum olduğu kimi, UEFA hər iki kluba bərabər sayda – 5800 bilet ayırmışdı. Əvvəlcə klublar bilet sayının azlığından şikayətlənsələr də, sonradan 6 minə qədər biletin satılmadığı məlum oldu və geri qaytarılacağı xəbəri yayıldı. Amma bu məsələnin Azərbaycana heç bir aidiyyatı yoxdur, çünki Bakı yalnız təşkilatçıdır və üzərinə düşən öhdəliyi yüksək səviyyədə həyata keçirir. Azarkeşlərinin müəyyən hissəsinin matça gəlməməsi final oyununa çıxan klubları narahat etməlidir.

Öz ölkəsini ingilis azarkeşləri dəstəklədiyi qədər də müdafiə etməyən Ə.Kərimli “Arsenal” və “Çelsi” rəhbərliyindən daha çox narahatlıq keçirirmiş. AXCP sədri həmişəki kimi “Papadan çox katoliklik” nümayiş etdirərək ingilis azarkeşlərin seçimindən də rəsmi Bakıya qarşı istifadə etməyə çalışır. “Əvvəla, viza proseduru uzun çəkirmiş. İkincisi, hökumətin himayə etdiyi monopoliyalar hər yerdə qiyməti qaldırır və xidmətin keyfiyyətini aşağı salır. Məhz AZAL və Buta airways şirkətlərinin hava nəqliyyatındakı monopolist mövqeyi səbəbindən azarkeşlər aviareyslərin məhdud, biletlərin baha olmasından, uçuş vaxtlarının uyğun olmamasından şikayətləniblər”, deyən Ə.Kərimli, Bakıdakı otellərin qiymətlərinin bahalığından da şikayət edib.

Bəs, əslində, reallıq necədir?

Vizalar: Azərbaycanda viza rejiminin əksər Avropa ölkəsindən daha asan olduğu məlumdur. Bunu kim bilməsə də, ailəsi İngiltərədə yaşayan Ə.Kərimli yaxşı bilir. Azərbaycana gələn istənilən əcnəbi elektron qaydada “ASAN viza” sisteminə daxil ola və viza ala bilər. Prosedurun böyük hissəsi elektron qaydada həyata keçirildiyi halda, hansı “bürokratiyadan” danışmaq olar? Bununla yanaşı, turizm mövsümündə, eləcə də beynəlxalq tədbirlərin keçirildiyi dövrlərdə Azərbaycan viza prosedurunu maksimum sadələşdirir. Burada, təbii ki, Azərbaycanın özünün də iqtisadi maraqları var və dövlət turistlər üçün daha asan şərait yaratmaqla onların axınını artırmaqda maraqlıdır. Əli Kərimlini düşündürən isə Azərbaycana qarşı aparılan kampaniyada öz siyasi maraqlarını necə təmin etməkdir.

Qiymətlər: Azərbaycanı turistlər üçün sərfəli edən əsas məqam ucuzluq və bunun qarşılığında keyfiyyətli xidmətdir.

Bakıya gələn turistlər qiyməti 9 dollardan başlayaraq, 20-50 dollara qədər olan otellərdə qala bilərlər. İrəli sürülən iddialar arasında Bakıda otellərin, az qala, 2-3 min avroya olduğu da var idi, halbuki, ən bahalı nömrə 1500 avrodur.

Bakı ilə müqayisədə Londonda otellərin qiyməti iki dəfə bahadır, xidmət sektorunda isə qiymətlər fantastik hesab olunur. Bunu da ailəsi İngiltərədə yaşayan Ə.Kərimliyə izah etməyə ehtiyac yoxdur.

Aviabiletlərin qiymətinə gəlincə, AZAL Avropada ən münasib təklif irəli sürən aviaşirkətlərdəndir. Misal üçün, “British Airways”ın təklif etdiyi uçuş biletlərinin qiyməti AZAL-ın qiymətləri ilə müqayisədə iki dəfə bahadır.

Kərimlinin məntiqi ilə yanaşsaq, onda görəsən Londonda, Parisdə, Madriddə və digər Avropa paytaxtlarındakı otellər, aviaşirkətlər, iaşə obyektləri hansı korrupsionerlərin, oliqarxların monopoliyasındadır ki, qiymətlər bu qədər fantastikdir?!

Bakıda keçiriləcək final oyunundan iki gün sonra – iyunun 1-də Madriddə baş tutacaq Çempionlar Liqasının finalını izləmək istəyən ingilis azarkeşlərin üzləşdikləri çətinlikləri qələmə alan “Camdennewjournal” saytı yazır ki, aviabiletlərin bahalığına görə minlərlə londonlu azarkeş Madridə getməyin yollarını axtarır.

Londonda Madridə cəmi 4 uçuş olduğundan, sərnişinlər aeroportda uzun müddət gözləməlidirlər. Məsələn, Lisa Paulon adlı azarkeş deyir ki, uçuş biletini ala bilmədiyi üçün, əvvəlcə Barselonaya, oradan qatarla Madridə getməyi düşünür: “Qrupumuzdan biri Madridə Kasablankadan keçməklə gedir, bu, isə olduqca uzun məsafədir”.

Madriddə keçiriləcək final oyununun biletləri qara bazarda 3000 avroya təklif olunur. Bu, qeyri-qanunidir, lakin azarkeşlər oyunu izləmək üçün başqa çıxış yolu tapmırlar.

Avropada yaşanan bu vəziyyət fonunda Bakı Avroliqanın finalına yüksək səviyyədə hazırlaşır: azarkeşlərin gəlişi üçün sərfəli aviabiletlər təqdim olunur, otellər turistləri qəbul etməyə hazırdır, paytaxda fanklublar üçün xüsusi yerlər ayrılıb, təhlükəsizlik ən yüksək səviyyədədir.

Bakı minlərlə azarkeşin Bakı Olimpiya Stadionunda, milyonlarla azarkeşin dünyanın müxtəlif nöqtələrində ekran başında izləyəcəyi futbol bayramına hazırdır. Bu, dünyanın ən mötəbər futbol turnirlərindən birini qəbul edəcək Azərbaycanın bayramıdır.

Əli Kərimlinin bu bayram fonunda “qara bağlaması” təəccüblü deyil. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən idman təcrübəsi brendinin formalaşması bu hakimiyyətin xidmətidir.

I Avropa Oyunları, Formula 1 yarışları, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının keçirilməsi və günlər sonra keçiriləcək Avroliqanın final oyunu… Bütün bunlar Azərbaycanın və ölkəni idarə edən hakim komandanın uğurudur. Və Kərimli anlayır ki, ölkədə vəziyyət nə qədər yaxşı olsa, bu, onun “siyasi dəfni”ni bir o qədər yaxınlaşdırır.

Bu kontekstdə AXCP sədrinin Avroliqa üzərindən Bakıya edilən hücumlara qoşulması təəccüblü deyil. Təəccüblü olan, onun bu kampaniyaya bir qədər gec qoşulmasıdır. Və burada iki məqam diqqət çəkir.

Birincisi, Ə.Kərimli artıq neçə gündür anti-Azərbaycan qüvvələrin Bakıya qarşı apardıqları kampaniyanı “bəlkə final oyununun yerini dəyişdirdilər” ümidi ilə izləyir, həm də “arqumentlər” toplayırdı. UEFA-nın iddia edilən “çətinlikləri” nəzərə alaraq, final oyununu yerini dəyişdirməsi AXCP sədri üçün ən böyük “hədiyyə” olardı, çünki bu, danışmaq üçün əsas verəcəkdi. Bunun baş vermədiyini görəndən sonra o, “hakimiyyətə qarşı istifadə etmək məqsədilə günlərdir topladığı “arqumentlərlə” hücuma keçdi.

İkincisi, Avroliqanın finalı üzərindən Azərbaycana qarşı “müharibə” elan edən qüvvələr xaricdən başlayan hücumun cəbhəsini artıq daxilə keçirir. Hadisələrin xronologiyasına diqqət edək:

– Avroliqanın finalına hazırlığın aşağı səviyyədə olması, məsafənin uzaqlığı, viza prosedurunun mürəkkəbliyi, qiymətlərin bahalığı kimi iddialarla oyunun yerini dəyişdirməyə cəhdlər;

– “Arsenal”ın erməni əsilli oyunçusu Henrik Mxitaryanın qondarma “təhlükəsizlik” məsələsi üzərindən hücumlar;

– “Amnestiy İnternational”, Beynəlxalq Amnistiya Təşkilatı kimi erməni lobbisinin qeyri-rəsmi strukturları futbolun fonunda “insan haqları” məsələsinin gündəmə gətirilməsi.

Amma bütün bu hücumlarla heç bir nəticə əldə edə bilmədiklərini anlayanda prosesi daxili auditoriyaya keçirmək niyyəti müşahidə olunur. Ola bilsin ki, Əli Kərimli məhz bunun üçün ehtiyat variant kimi arxa planda saxlanılmışdı və onun prosesə məhz bu mərhələdə qoşulması məqsədəuyğun bilinib. Məqsəd daxili auditoriyada final oyununa etirazın təmin edilməsidir. Əli Kərimlinin anti-Azərbaycan dairələrin irəli sürdüyü iddiaları “arqument” kimi istifadə etməsi və final oyununun Azərbaycana heç bir xeyir gətirməyəcəyi fikrini tirajlaması buna hesablanıb.

Asif Nərimanlı

AzNews.az