Yaxud Rəsulzadə adından sui-istifadə biabırçılığı Yaxud Rəsulzadə adından sui-istifadə biabırçılığı

Dağıdıcıların Novxanı rəzilliyi

Yaxud Rəsulzadə adından sui-istifadə biabırçılığı

Mayın 28-də Cümhuriyyət qurucusu Məmməd Əmin Rəsulzadənin abidəsi önünə yığışanlar- istər qondarma “Milli Şura”, istərsə də Müsavat Pariyası daha çox yürüş, anım tədbiri yox, məhz icazəsiz aksiya keçirməklə polislə qarşıdurma yaratmaq arzusunda idilər.

Əli Kərimlinin sonradan “Facebook”da paylaşdığı açıqlamasında o, gah “Bizə mane olmaq, çıxışıma yol verməmək üçün dörd dəfə elektriki kəsdilər”, “Polislər bizi üzük qaşı kimi həlqəyə almışdılar”, “Günahsız insanları amansızlıqla döydülər” və s. şablon uydurma iftiralar yağdırdı. Onillərdən bəri dəyişməyən ifadələr, klişeyə dönmüş bu sözlər dağıdıcı müxalifətin rəzil niyyətlərinin göstəricisidir.

Eyni zamanda, onlar sonradan yaydıqları fotolarda montaj və fotoşop vasitəsilə bir “izdiham” görüntüsü yaratmağa çalışdılar. Ancaq bacarmadılar. Həmçinin onların polislərlə qəsdən qarşıdurma yaratmağa cəhd etməsi də açıq-aydın görünürdü. Belə ki, Azərbaycan bayrağının polislə qarşıdurmada yerə düşməsi əvvəlcədən hazırlanmış əməl təsiri bağışlayırdı.

Ümumiyyətlə, Azərbaycanda müxalifətin dağıdıcılıq missiyası xalq tərəfindən birmənalı olaraq pislənilir. Məhz buna görədir ki, son 25-30 ildə AXCP-nin və Müsavatın sosial bazası sürətlə əriyib və bu gün həmin təşkilatların partiya rəhbərlərindən və bir neçə funksionerindən başqa elə ciddi qüvvəsi də yoxdur.

Əslində, bu partiyaların kağız üzərindəki mövcudluğu əli kərimlilərə və isa qəmbərlərə ona görə lazımdır ki, xarici qrantları asanlıqla alıb asanlıqla da xərcləyə bilsinlər. Bütün hallarda dağıdıcı müxalifətin siyasi davranışları hələ də feodal düşüncəsi təsiri bağışlayır. Dövlət, millət və Vətən məfhumlarını şəxsi mənafelərinə qurban verən bu düşərgə mənsubları nəinki bəşəriliklərini, hətta milliliklərini də itiriblər.

Bu, bir həqiqətdir ki, dağıdıcı müxalifət, xüsusilə də AXCP sədri Əli Kərimli və onun inhisarında olan qondarma “Milli Şura” xarici maliyyə vəsaitləri hesabına dövlətimizə və onun milli mənafelərinə qarşı zərərli addımlarını bu gün də davam etdirirlər. Məhz bu dağıdıcı siyasi təşkilatların fəaliyyəti və xarakteri imkan vermir ki, onlar ciddi sosial baza toplamaqla seçkilərdə müsbət nəticələrə nail olsunlar.

Bu gün dağıdıcı düşərgənin fəaliyyəti çox iyrənc bir vəziyyətə gəlib çıxıb. Yəni bu partiyalar demokratiyadan dəm vursalar da əslində, burada azlığın çoxluq üzərində diktaturası hökm sürür. Ona görə ki, onların liderləri partiyadaxili demokratik islahatları qəbul etmirlər. Fikir verin, Əli Kərimli 19 ildir ki, AXCP sədridir. Bu 19 ildə onun ideologiyasında, siyasi texnologiyalarında, cəmiyyətə sivil baxışlarında heç proqressiv dəyişiklik yoxdur. Eyni zamanda, bu da biabırçı faktdır ki, heç bir sivil cəmiyyətdə siyasi partiyaya bu qədər uzunmüddətli rəhbərlik etmirlər. Xüsusilə də bir neçə seçkidə məğlub olan partiya sədri dərhal istefa verərək ya siyasətdən, ya da ki, partiya rəhbərliyindən uzaqlaşır.

Digər tərəfdən, dağıdıcı müxalifət partiyalarının kadr potensialı o qədər zəifdir ki, hətta onların funksionerlərini cəmiyyətin böyük qismi tanımır. Çünki dağıdıcı düşərgənin rəhbərləri cəmiyyəti cəlb edəcək alternativ proqramlarla çıxış etmək gücündə də deyillər. Sanki onların vəzifələri sadəcə, hakimiyyətə böhtan atmaq, cəmiyyətdə gedən prosesləri tənqid və təhdid etməkdir. Təbii ki, belə siyasətbazların fəaliyyətinin bir gün dalana dirənməsi gözlənilən idi. İndi dağıdıcı düşərgə elə bir iflas mərhələsinə çatıb ki, onları, necə deyərlər, heç fələk də qurtara bilməz. Hətta xaricdən aldıqları çirkli pullar da bu antimilliləri xilas etmək gücündə deyil.

Bütün hallarda Azərbaycan dövləti və onun mövcud hakimiyyəti güclüdür və Əli Kərimlinin, onun anti-Azərbaycan dairəsinin çirkli maliyyəsi ancaq stəkanda fırtına effekti yarada bilər. Ona görə ki, ölkədə xalq- iqtidar birliyi mövcuddur və bu amil dağıdıcılara ən ağır zərbədir. (“İki sahil")