May ayı üçün siyasi tezislər: May ayı üçün siyasi tezislər:

"May ayının ən maraqlı siyasi hadisəsi Trampın Putinə zəngidir"

May ayı üçün siyasi tezislər:

ABŞ və Rusiya münasibətləri normallaşdırmaq yolundadır. D.Tramp təşəbbüs göstərərək V.Putinə zəng etdi, bir müddət sonra Finlandiyada RF Xİ naziri S.Lavrov və ABŞ Dövlət Katibi M.Pompeo görüşdülər. Az sonra M.Pompeo Soçiyə gələrək həmkarı S.Lavrov və RF prezidenti V.Putinlə görüşdü. Həm Kremlin, həm də Ağ Evin yaydığı məlumatlarda fərqli məqamlardan daha çox üst-üstə düşən məqam var. İki faza danışıqların mahiyyətinin vacibliyini açıqlayır. S.Lavrov bildirdi ki, hətta mübahisəli məsələlərlə də bağlı danışıqlar açıq idi. M.Pompeo dedi ki, bizim maraqlarımız tamam fərqlidir, amma maraqlarımızın üst-üstə düşdüyü məsələlər üzərində real tərəqqi əldə etməyin yolunu tapmaq üçün arzular var". Buna bənzər fikri S.Lavrov da bildirdi: "Nəzakət xatirinə ABŞ-ın tələblərini qəbul etməyəcəyik".

V.Putin M.Pompeonu qəbul edərkən ümumi ABŞ-la münasibətləri normallaşdırmağa hazır olduğunu bildirdi. M.Pompeonu V.Putin qəbul etdikdən sonra V.Putinin ABŞ-a səfəri və yaxud Tramp-Putin görüşü mövzusunu yenidən aktuallaşdırdı.

İki ölkə münasibətləri normallaşdırmaq yolundadır. Amma start halında vəziyyət kifayət qədər mürəkkəbdir. Ən azı bu dövrdə ABŞ yalnız Rusiyaya qarşı bir istiqamətdə hərəkət edibsə, Rusiya mövqeyini xeyli gücləndirib. Suriya, Yaxın Şərq regionlarında maraqlarını gücləndirmək bir tərəfə, artıq Rusiyanın qoşunları Venesueladadır. Eləcə də Rusiya Konqoya da hərbi mütəxəssislər göndərdi. Venesuela ABŞ üçün geosiyasi planda həyati vacib ölkələrdən biridir. Bu anlamda Rusiya-ABŞ münasibətlərinin normallaşacağına ümid etmək olar. Çünki ABŞ-ın Rusiyaya təzyiqləri əks-effekt yaratdı, Rusiya xeyli gücləndi. ABŞ-ın dialoqa can atmasının əsas səbəbi Rusiyanın ABŞ-ın geosiyasi həyati vacib regionlarına daxil olmasıdır. İki ölkə arasında normallaşma ilə əlaqəli addımlar qəbul edildi.

ABŞ-Rusiya məsələlərində ən ciddi müzakirə olunan Venesuela, Maduronun taleyi, Suriya, İran məsələləri idi. Dünyanın digər regionlarındakı vəziyyət də müzakirə edildi. ABŞ-ın Əfqanıstan siyasəti Rusiyanı narahat edir. Rusiyanın fikrincə, Suriyada və İraqda İŞİD-çiləri ABŞ Əfqanıstana toplayır ki, oradan da Mərkəzi Asiya regionuna ötürsün. ABŞ-la danışıqların aktivləşməsi fonunda S.Lavrov Əfqanıstandan xarici qoşunların tamamilə çıxarılmasına çağırış etdi. Rusiya inanır ki, Əfqanıstandakı münaqişə hərbi həllə malik deyil. Tənzimlənmənin yeganə yolu siyasi-diplomatik vasitələrlə sülhün əldə olunmasıdır. RF-in maraqlarına cavab verən çağırışdır, çünki Rusiyanın Əfqanıstanda qoşunları yoxdur, ABŞ-ın və NATO egidası altında 10-dan artıq dövlətin qoşunları qoşunları mövcuddur, qeyri-formal olaraq İranın da Əfqanıstanda hərbi iştirakı var. Rusiyanın Əfqanıstandakı səfirliyinin mətbuat attaşesi Nikita İşenko keçmiş talibançılarla birlikdə şəklini yerləşdirdi, talibançılar “Georgi lenti” taxmışdılar.

Rusiya digər geosiyasi maraqlarının ödənilməsində uğur əldə edib. Rusiya Azərbaycan və Türkiyə ilə birlikdə Ankarada Bakı-Tbilisi-Qars dəmir yoluna Rusiyanın qoşulmasını razılaşdırdı. Geosiyasi baxımdan bu 1520 mm-lik dəmir yolunun Türkiyənin ərazisinə daxil olması anlamındadır. Eləcə də 1520 mm-lik dəmir yolu Avropanın mərkəzinə də irəliyə bilər. Koşitsadan Vyanaya qədər olan yolu Rusiya çəkmək istəyir. Bu böyük “İpək Yolu” marşrutunun bir tərkib hissəsi kimi qəbul edilə bilər.

Özbəkistanın həm ABŞ, həm də Rusiya ilə münasibətlərində ciddi dinamika var

Özbəkistanın həm ABŞ, həm də Rusiya ilə münasibətlərində kifayət qədər ciddi dinamika var. Özbəkistanın belə dinamikada marağı olsa da təşəbbüskar özü deyil. ABŞ və Rusiyanın Özbəkistan üzrə aktivliyi Özbəkistan üzərində bu 2 dövlətin rəqabətinə gətirib çıxara bilər. Bunun ilkin əlamətləri görünür. RF-in Baş naziri D.Medvedev iki günlük səfərlə Özbəkistanda oldu. Ş.Mirziyayev onunla görüşərkən Özbəkistan və Rusiya xalqlarının bir-birindən ötrü darıxdığını bildirdi. Reallıqda isə Ş.Mirziyayevin siyasəti tam fərqli istiqamətdədir. “Milis” terminindən imtina edildi, Daxili İşlər Orqanları terminindən istifadə olunacaq. Ehtimal ki, “polis” termini qəbul ediləcək.

Prezident Ş.Mirziyayev 9 mayda “Qələbə günü” termini əvəzinə “Şərəf və yaddaş günü” terminindən istifadə etdi.

Bununla da yanaşı bir qrup ziyalı rus dilinin Özbəkistanda ikinci dil kimi elan olunmasına çağırış etdilər.

Rusiya Özbəkistanda iqtisadi faktoru xeyli gücləndirir, artıq Özbəkistanda Rusiyanın tikəcəyi AES-in yeri bəllidir. Müqavilə bu ilin sonunadək imzalanacaqdır. Rusiya Özbəkistanla mal dövriyyəsini 4,5 milyard dollardan 10 milyard dollara çatdırmaq istəyir. Rusiya və Özbəkistan diplomların qarşılıqlı tanınması sahəsində müqavilə imzaladılar.

Hərbi texniki əməkdaşlıqla bağlı müqaviləni Səmərqəndə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru D.Şuqayev və Özbəkistanın Hərbi Sənaye Kompleksi üzrə Dövlət Komitəsinin sədri A.İbadullayev imzaladılar.

ABŞ-ın Özbəkistanda yeni səfiri fəaliyyətə başladı. ABŞ-ın pambıqçılıq ştatı olan Misisipi ştatının qubernatoru Filipp Brayantın başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda oldu, Ş.Mirziyayev onu qəbul etdi. Özbək pambığının dünya bazarına çıxışına maneənin aradan qaldırılmasında bu mühüm addım ola bilər.

ABŞ təhsil sahəsində islahatlar üçün Özbəkistana 20 milyard dollar vəsait ayırdı.

Almaniya prezidenti V.F.Ştaynmayer Özbəkistanda səfərdə oldu, Ş.Mirziyayev onu qəbul etdi. Ən böyük proqram Almaniyanın Özbəkistanda nüvə təbabəti mərkəzi açmasıdır. Bu nüvə müəssisəsinin açılmasına Qərbin Rusiya AES-lərinə qarşı mübarizə kampaniyası çərçivəsində yanaşmaq olar. Özbəkistan və Almaniya prezidentlərinin iştirakı ilə bir sıra sənədlər imzalandı. Sənədlərin içərisində ən ciddi iqtisadi tutumlusu Volkswagen avtomobil zavodunun filialının Özbəkistanda açılmasıdır. 2018-ci ildə iki ölkə arasında mal dövriyyəsi 25 faiz artaraq 770 milyon dollar olub. Prezidentlər Əfqanıstan üzrə Özbəkistan-Almaniya məsləhətləşmələri mexanizmini buraxmağı razılaşdırdılar. Bu mexanizm Əfqanıstanda sosial, iqtisadi infrastruktur layihələri irəlilədəcəkdir.

V.F.Ştaynmayer Özbəkistanın iş adamları ilə görüşdü. Almaniya Özbəkistana vilayət xəstəxanalarının modernləşməsi üçün 2 il ərzində 123,8 milyon avro vəsait ayırdı.

Ştaynmayer regiona gəlməzdən qabaq bir sıra hüquq-müdafiə təşkilatları Almaniya prezidentindən islahatların davamı üçün Özbəkistan rəhbərliyinə təzyiq etməyi tövsiyə etmişdilər. O, bununla məşğul olmadı.

Aİ Özbəkistana marağını artırıb, amma Aİ üçün insan hüquqları məsələsi də ön plandadır. Avropa Yenidənqurma və İnkişaf Bankı Özbəkistanın su təchizatı sahəsinin modernləşməsinə 300 milyon dollar vəsait ayırdı.

Beynəlxalq Valyuta Fondu Özbəkistana dövlət banklarını özəlləşdirməyi və kreditlərin həcmini azaltmağı tövsiyə etdi. Beynəlxalq Valyuta Fondu Özbəkistanda hakimiyyət dəyişikliyindən sonra aparılan islahatların keyfiyyətini xüsusi qeyd etdi.

Çinin Xİ naziri Van İ Bişkekdə ŞƏT tədbiri çərçivəsində Özbəkistanın Xİ naziri Əbdüləziz Kamilovla görüşdü. Çin hüquqşünasları Özbəkistanda Çin biznesmenlərinin hüquqlarını qorumaq üçün ofis açdılar. Bu əslində Çinin Özbəkistandan narazı qaldığının göstəricisi kimi qəbul edilə bilər.

Türkiyə prezidenti R.T.Ərdoğan Özbəkistan prezidenti Ş.Mirziyayevə zəng edərək onu Ramazan bayramı münasibətilə təbrik etdi.

İranın Ali rəhbərinin xüsusi nümayəndəsi, İran İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi Özbəkistanda Xİ naziri Əbdüləziz Kamilovla görüşdü, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər. ABŞ-ın sanksiyaları İranı Mərkəzi Asiya regionu üzrə siyasətini aktivləşdirməyə vadar edir.

Pakistan və Özbəkistan iki ölkə arasında mal dövriyyəsini 296 milyon dollara artırmağı vəd veriblər. Özbəkistanın Baş nazirinin müavini Elbir Qaniyev İslamabada gəldi, Pakistan rəhbərliyi ilə görüşdü. Əsas məqsəd Özbəkistan- Məzari Şərif-Kabul-Peşəvar dəmir yolunun tikintisini razılaşdırmaqdır.

Tranzit daşımaları üçün Qazaxıstanın Aktau limanından istifadə etməyə başladı.

SOCAR (ARDNŞ) Kaşkadəryada neft istehsalını artırıb. Özbəkistanın Aral hissəsində neft və qazın geoloji kəşfiyyatı ilə BP və SOCAR (ARDNŞ) şirkətləri məşğul olacaqdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq