Bəhruz Quliyev: Onun məqsədi gündəmdə qalmaqdır Bəhruz Quliyev: Onun məqsədi gündəmdə qalmaqdır

"Əli Kərimli lider kimi qəbul olunmur"

Bəhruz Quliyev: Onun məqsədi gündəmdə qalmaqdır

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub. Onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilib.

Binəqədi rayon Polis İdarəsində xəbərdarlıq edildikdən sonra o, sərbəst buraxılıb.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev AzNews.az-a açıqlamasında Əli Kərimlinin təxribat xarakterli addımlar atmaqda məqsədinin bu yolla gündəmə gəlmək olduğunu bildirdi:

“Əli Kərimlinin bu cür təxribat xarakterli davranışları daha öncə də olub. Burada onun məqsədi yeni gündəm yaratmaq və gündəmdə qalmaqdır. Əli Kərimli ətrafında olan insanları kütləvi şəkildə itaətsizliyə çağırmaqla Azərbaycan Respublikasının qanunlarını pozur. Sözsüz ki, ölkənin qanunlarına kimliyindən asılı olmayaraq, hər kəs tabe olmalıdır. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Əli Kərimlinin də bu təxribat xarakterli hərəkətləri onun məsuliyyətə cəlb olunmasına əsas yaradır”.

B.Quliyev Əli Kərimlinin bir lider kimi qəbul olunmadığını söylədi:

“Əli Kərimli yaddan çıxarır ki, bu gün Azərbaycan inkişaf edir. Biz inkişaf etmiş demokratik bir Azərbaycanda yaşayırıq. Bunu nəzərə alıb hüquq çərçivəsində davranmalıdır. Onun sonuncu cəhdi anlaşılan deyil. Niyə bu addımı atdı, niyə insanları itaətsizliyə çağırmağa cəhd etdi, başa düşə bilmirəm. Amma bildiyim bir şey var ki, Əli Kərimli təxribat xarakterli addımları o dövrdə atıb ki, onu xaricdən maliyyələşdirib danışdırmaq istəyiblər. Belə hesab edirəm ki, bu dəfə də kimsə pul vasitəsilə onu danışdırıb, gündəmə gətirib bundan öz məqsədləri üçün istifadə etmək istəyir. Ümumiyyətlə, Əli Kərimli lider kimi qəbul olunmur. Bu günlərdə sosial şəbəkədə canlı efirdə idi, ona fikir bildirən, dəstəkləyənlərin sayı heç min nəfər olmadı. O, boş, yalan vədlər verməkdənsə, bir dəfə dönüb özünə baxsın və dərs götürsün”.

Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.

Xəyalə

AzNews.az